Restoranlar yollarımızı zəbt edir? – “Özbaşınalıq edirlər” – FOTO
Bakıda Tərlan Əliyarbəyov küçəsində piyadalar üçün nəzərdə tutulmuş səkidə “Social Baku” adlı restoran açılıb. Sosial şəbəkədə bu istiqamətdə səsləndirilən şikayətlər də kifayət qədərdir. Bununla bağlı restorandan bildiriblər ki, hazırda piyadalar üçün nəzərdə tutulmuş səkidə hər hansı stol və stullar düzülməyib, yalnız dekor əşyalar mövcuddur. Restoran menecerinin sözlərinə görə, qeyd edilən hal yalnız açılış zamanı olub, indi isə piyadaların hərəkətinə heç bir maneə törədilməsindən söz gedə bilməz.
Digər tərəfdən yay fəslində bu cür mənzərələrə tez-tez rast gəlinir: yol kənarındakı kafe sahibləri, içəridəki stol və stulları səkiyə düzərək piyadaların yolunu qanunsuz olaraq zəbt edirlər.
Mövzu ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Primetime.az-a danışarkən bildirib ki, qeyd edilən hal ciddi narahatlıq doğuran məsələdir: “Xatırlayırsınızsa, Bakı Nəqliyyat Agentliyi hələ ötən il bu məsələ ilə bağlı narahatlığını ifadə etmişdi. Bakı şəhərinin inzabti ərazisində bütün rayonlar üzrə səkilərin mövcud vəziyyətinə dair təhlillər aparılıb. Təbii, əldə olunan nəticələr ciddi problemlərin olduğunu təkrar ortaya çıxardı. Bildirim ki, bu problemlər gündəlik hər birimizin gördüyü, rastlaşdığı və əziyyət çəkdiyi problemlərdir. Əksər küçələrdə piyada səkiləri müxtəlif səbəblərdən zəbt edilib. Bəzi yerlərdə obyektlərin ərazisi səkilər hesabına qanunsuz olaraq artırılıb, bəzi yerlərdə reklam lövhələri qoyulub, pilləkənlər çıxarılıb və s. Hər bir rayon üzrə çatışmazlıqların aradan qaldırılması üçün yerli icra hakimiyyətlərinə təqdim edilib.
Qeyd edim ki, ötən dövr ərzində müəyyən rayonlar üzrə səkilərin təmizlənməsi ilə bağlı müvafiq işlər görülüb. Lakin buna baxmayaraq vəziyyət hələ də ürəkaçan deyil. Məqsədimiz piyada səkilərində piyadaların rahat və maneəsiz hərəkətini təmin etmək üçün uyğun şəraitin yaradılmasına nail olmaqdır”.
M.Ağayevin sözlərinə görə, ümumiyyətlə küçə-yol şəbəkəsi piyada yönümlü olmalıdır: “Piyada təhlükəsizliyi hər zaman əsas faktor olaraq qəbul olunmalı və buna riayət edilməlidir. Bakı Nəqliyyat Agentliyi ötən dövrdə piyada təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Bunların da bir qismi şəhərimiz üçün yenilikdir. Buna misal olaraq, “Sosial əhəmiyyət kəsb edən pandusların quraşdırılması” layihəsini göstərmək olar. Çünki bizim məqsədlərimizdən biri də nəqliyyat xidmətlərinin hər kəs üçün əlçatan olmasıdır. Artıq şəhərdə bir çox yerlərdə panduslar quraşdırılıb. Səkilərdə qoruyucu tumbalar qoyulur. Eyni zamanda hazırda tərəfimizdən “İdeal səki” layihəsi işlənib hazırlanıb. Bu layihənin icrası da şəhərimizin nəqliyyat sistemində mühüm bir yenilik olacaq”.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə saytımıza açıqlamasında qeyd edib ki, piyada səkilərində müxtəlif iaşə obyektlərinin salınması yaz-yay fəslində özünü daha çox göstərir: “Bu da yol hərəkətinin təşkilində, yol təsərrüfatının nəzarət sahəsində zəifliyin olduğunu göstərir. Hesab edirəm ki, burada həm yol polisinin, həm Bakı Nəqliyyat Agentliyinin məsuliyyəti var. O cümlədən yerli icra orqanlarının, bələdiyyələrin üzərinə iş düşür. Bu qurumlar ərazilər üzrə nəzarəti gücləndirməlidirlər. Nəzarət bütün ərazilər istiqamətində aparılmalıdır. Bakının elə bir nöqtəsi yoxdur ki, orda post patrul xidməti və ya sahə müvəkkili xidməti olmasın. Bu əməkdaşlar bütün küçələri addım-addım gəzirlər. Ola bilməz ki, onlar bu nöqsanları görməsinlər, bu problemlər onların qarşısına çıxmasın. Görürlərsə, aidiyyatı qurumlara dərhal hesabat verməli, eyni zamanda özləri tədbir görməlidirlər.
Bilirsiniz, hərəkətin təşkili və təhlükəsizliyi önəmli məsələdir. Buna bir az laqeyd yanaşanda belə biabırçı mənzələrə üzə çıxır, biz də təəssüflə bunu izləmək məcburiyyətində qalırıq. Başa düşürəm, sahibkarlıq inkişaf etdirilməlidir. Amma o sahibkar ki, özbaşınalıq edərək səkiləri zəbt edir, onların barəsində ciddi tədbir görülməlidir. Bu cür hərəkətə yol verdiyinə görə həmin şəxsləri inzibati qaydada məsuliyyətə cəlb etmək olar. Sadəcə görünür, bəzi adamlar qanunun işlək tərəfini başa düşmür və ya dərk etmir”.
Otellər və Restoranlar Assosasiyasının idarə heyətinin sədri Samir Dübəndi isə düşünür ki, piyada səkilərini zəbt edən restoran, kafelər elə də çox deyil: “Piyada səkilərini zəbt edən obyektlər var, amma gəlin, məsələnin kökünə baxaq. Piyada yolunun bir hissəsini restoranlar, kafelər tutubsa, əlilliyi olan şəxslər, qocalar, uşaqların hərəkəti üçün narahatlıq yaranır. Lakin belə faktlar düşünürəm ki, çox deyil. Bununla yanaşı, həmçinin yay fəslində bəzi restoranlar terraslar çıxarırlar. Bilirsiniz, bəzilərində şüşə balkonlardan istifadə olunur, açılır, qış zamanı bağlanır. Əgər heç kimə mane törətmirsə, bu, normaldır. Dünya praktikasında da buna rast gəlmək olur. Müxtəlif ölkələrdə şəhərlərin mərkəz hissəsində belə kafe, restoranların sayı çoxdur. Yəni açıq havada fəaliyyət göstərirlər, yolun qırağında yerləşirlər. Lakin piyadaların yoldan keçmək imkanları da olur”.
S.Dübəndi həmçinin qeyd edib ki, şəhərin mərkəz hissələrinə avtomobillərin girişi qadağan olunmalıdır: “Məsələn, İçərişəhərə. O avtomobillər yollara, qədim binalara və s. böyük ziyan vurur. O cümlədən bu, insanlara da aiddir. Düşünürəm ki, İçərişəhərin ərazisi belə olan halda, turistlər üçün daha cəlbedici olardı, yəni avtomobillərin girişi qadağan edildiyi halda. Digər tərəfdən həmin ərazidə yerləşən bir neçə restoranın mətbəxi maşın keçən yola baxır, o istiqamətdə yerləşir və onun pəncərələri açıqdır. Maşından çıxan qaz isə əlbəttə, o mətbəxə daxil olur, yeməklərin üzərinə hopur. Bu, isə bir sıra standartların pozulmasıdır”.
Ekspert deyib ki, küçələrdə kafelərin, restoranların açılmasına icazə verən qurumlar məsələyə nəzarət etməlidir: “Açıq ərazilərdə terraslar lazımdır. Yay fəsli olan zaman, xüsusilə turistik baxımından önəmlidir. Belə yerlərə ehtiyac var. Gün düşəndən sonra yerli sakinlər, turistlər bu cür məkanlara üz tuturlar. Lakin restoranların, kafelərin açıq ərazidə yerləşməsi istiqamətində texniki qaydalar da mövcuddur, bunlara riayət olunmalıdır. Ümumiyyətlə, bu gün restoran biznesinə aid olan hüquqi normativ baza ölkəmizdə bir qədər zəifdir. Biznesə məhdudiyyət qoysunlar demirəm, əksinə, düzgün tənzimləsinlər. Küçədə olan ərazilərdə obyektlər piyadaların hərəkətinə maneə törədirsə, bunlara nəzarət edilməli, müvafiq qurumlar bu istiqamətdə daha aktiv işləməlidirlər. Həmçinin sahibkar anlamalıdır ki, belə bir şey etmək olmaz. Bu, etik qaydalara, digər bu kimi normalara ziddir”.
Xatırladaq ki, piyada səkisinin zəbt olunmasına görə, inzbati xətalar məcəlləsində məsuliyyət nəzərdə tutulub. Bu əmələ görə, fiziki şəxslər 80-100, vəzifəli şəxslər 400-500, hüquqi şəxslər isə 3-4 min manat məbləğində cərimə edilə bilər.