Riskli seçim üçün son bir gün: Çalışın, aldanmayasınız!

Yazarlar 15 Yanvar 2018 16:55 Oxunub 1377
Riskli seçim üçün son bir gün: Çalışın, aldanmayasınız!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hərrac yanvar ayının 16-da keçiriləcək

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bağlanan bankların bəzi əmlaklarını, o cümlədən avtomobillərini hərraca çıxarır. Hərrac yanvar ayının 16-da keçiriləcək. Xatırladaq ki, bu yaxınlarda "Bank Standard"-ın lisenziyası da ləğv edilmişdi. Və bankın Masazır ərazisində yerləşən cərimə meydançasını su basmışdı, yüzlərlə avtomobil su altında qalmışdı. Hərraca məhz həmin avtomobillərin çıxarılacağı haqqında müxtəlif xəbərlər dolaşır. Amma heç kim dəqiq məlumat bilmir.

Avtosfer.az xəbər verir ki, ƏSF-in mətbuat xidmətinin rəhbəri Fuad Hüseynəliyev də Sputnik Azərbaycan-a açıqlamasında hərraca məhz həmin su basmış avtomobillərin çıxarılacağından xəbərsiz olduğunu deyib: "Mən də həmin məlumatları mətbuatdan izləmişdim. Amma bildiyimə görə, deyilənlər təsdiqini tapmamışdı. Mən də təsdiq etməyəcəm, çünki xəbərsizəm".

Hüseynəliyev qeyd edib ki, vətəndaşlar hərraca çıxarılan avtomobillərə baxdıqdan sonra alaacaq və alan şəxslər də avtomobillərin hansı vəziyyətdə olduğunu görəcəklər.

Nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynov isə, Sputnik Azərbaycan-a şərhində, hərraca həmin su altında qalmış avtomobillərin çıxarılma ehtimalının olduğunu bildirib: "Əmanətlərin Sığortalanması Fondu və ya hərracı təşkil edən qurum – Əmlak Məsələləri Dövlət Komitəsinin nəzdində xüsusi ixtisaslaşmış hərrac komissiyası və bir qayda olaraq, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə bağlı bir qurum da var. Bu tipli hərracların keçirilməsində icra başçıları da iştirak edirlər".

Ə.Hüseynov qeyd edib ki, əsas məqamlardan biri də hərraca çıxarılan avtomobillərin nə qədər yararlı olub-olmamasıdır: "Bilirsiniz ki, hərracda heç kimə heç nəyi zorla satmırlar. Satışa çıxarılan predmet haqqında hərrac iştirakçılarına məlumat verilməlidir. Məlumatlar "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna və Mülki Məcəlləyə görə verilməlidir. Əmlakın qüsurları varsa, potensial alıcılara bildirilməlidir".

"Ədalətlilik olmalıdır. Bu, qanunun tələbidir. Qüsuru varsa, demək lazımdır ki, nə qədər istifadə edilib, hansı texniki göstəriciləri, qüsurları var və s." — mütəxəssis diqqətə çatdırıb.

Hüquqşünas onu da vurğulayıb ki, "Alqı-satqı müqaviləsi haqqında" qanunun tələblərinə uyğun olaraq alıcı aldığı avtomobili aparıb yoxlatdıra bilər: "Məsələn, ola bilər ki, bir nəfər hərrac zamanı kiminsə məsləhəti ilə avtomobili alar və aparıb rəsmiləşdirər. Bundan sonra hansısa yoxlatdırma məntəqəsində avtomobilini açdırsa və məlum olsa ki, avtomobil suyun altında qalıb, mühərrikinə su dolub, həmin şəxs alqı-satqıdan imtina edə bilər. Və yaxud da aldığı avtomobilin normal vəziyyətə gətirilməsi üçün çəkdiyi xərci tələb edə bilər".

Ə.Hüseynov hesab edir ki, hərraca çıxarılan əmlakın problemsiz satılması üçün çalışılır və bu əmlakların satılmasında qiymət rol oynamır: "Hərracda istifadəsiz qalmış vasitələr satılır. Bəzən olur ki, əmlak hərracda start qiymətindən də ucuz satılır. Qanunvericilikdə maraqlı məqam var ki, ilkin hərracda heç bir tələb olmasa, növbəti hərracda qiymət aşağı endirilir. Yəni onların hədəfi odur ki, əmlak dəyər- dəyməzinə satılsın. Mən orada kiminsə aldadılacağını düşünmürəm".

Ekspert məsləhət görür ki, hərracdan avtomobil alarkən dəqiq yoxlatdırmaq lazımdır: "Çünki avtomobil oyuncaq deyil. Unutmayın ki, istənilən alqı-satqı müqaviləsində geri qaytarma mümkündür. Düzdür, bu, hərracda bir qədər çətindir, amma hər bir alıcının haqqıdır ki, əgər aldanıbsa, hüququ pozulubsa, əmlakı geri qaytarıb pulunu alsın. Bu, çətin olsa da, mümkündür".

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYP) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Sputnik Azərbaycan-a bildirib ki, hərraca çıxarılan avtomobillərin texniki vəziyyətinə DYP cavabdehlik daşımır.

 

BDYP sözçüsü vurğulayıb ki, suyun altında qalmış avtomobilləri texniki təmir stansiyasında bərpa edirlər: "Avtomobilə su dəyməsi o demək deyil ki, avtomobil sıradan çıxıb, "metalloma" atılmalıdır. Avtomobilin elektrik sisteminə və müəyyən hissələrinə su dəyibsə, qurudulub, bərpa ediləndən sonra istismara yararlıdırsa, yol hərəkətinə buraxılır. Bu, böyük bir problem deyil".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh