Reklam

“Ruçnoy” çəkən “Ford”: zərurət, yoxsa milli model? - VİDEO

Yazarlar 20 İyul 2022 21:50 Oxunub 5394
“Ruçnoy” çəkən “Ford”: zərurət, yoxsa milli model? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə gün əvvəl Avtosfer.az saytında yayılan bir sürücünün sərnişin mikroavtobusunu (Ford) dayanacaq tormozu ilə fırlatması videosu ilə bağlı müzakirələr hələ də səngimir. Çoxları məsələyə sürücünün peşəkarlığı nöqteyi-nəzərindən yanaşsa da, bir amil unudulub. Bəs bu unudulan nədir?

Vyana Konvensiyasını ratifikasiya etmiş ölkələrdə xırda istisnalarla yol hərəkəti qaydaları eynidir. Digər Avropa ölkələri kimi Azərbaycan da bu konvensiyanı ratifikasiya edib (Sovet dövrünü də nəzərə alsaq Konvensiyaya ilk qoşulanlar sırasındayıq). Almaniyada şəhərdaxili sürətin bizdəkindən aşağı olması, və ya hansısa qayda pozuntusuna görə bizdə 20 manat, Fransada isə 200 avro cərimə tətbiq edilməsi işin mahiyyətini dəyişmir. Elə bir sistem var ki, bu, qanundan kənar formalaşır və hər ölkə üçün spesifik olur. Söhbət milli sürücülük modelindən gedir ki, bu da hər ölkəyə görə fərqlənir. Eyni dili danışan 2 qonşu Avropa ölkəsində belə sürüş tərzi fərqlidir. Hətta keçmiş SSRİ-də də qafqazlı sürüş tərzi ilə baltikalı dərhal seçilirdi. “Ford” sürücüsünün davranışı da məhz milli modelə nümunədir.
Videodan görünür ki sürücü qarşıdakı təhlükəni gördüyü halda sürəti azaltmaq yerinə artırır, nəticəsi də məlumdur. Bu cür qeyri-adekvat davranış peşəkarlıq sayıla bilməz. Belə situasiyadan salamat çıxmaq sadəcə şans işidir. Əgər maşın yüklü olsaydı, çevrilmə qaçınılmaz idi. Qabaq hissə ağır, arxa yüngül olduğundan avtomobili dayanacaq tormozu ilə fırlatmaq mümkün oldu. 
Bəs belə davranan təkcə “Ford” sürücüsüdürmü sualına təəssüf ki, müsbt cavab vermək olmur. Təhlükəni gördüyü halda tam yaxınlaşanadək sürəti azaltmamaq əksər sürücülərin vərdişinə çevrilib. Təxminən 10 il əvvəl ilk dəfə reysə çıxan bir sürücü yüklü “MAN”la Qubadan qayıdarkən qarşısına naxır çıxır. Sürücü etiraf edir ki, naxırı uzaqdan görsə də, sürəti azaltmayıb. Düşünüb ki 30 ton yük aparan maşını minik avtomobili kimi saxlaya biləcək. Naxıra 10-15 metr qalmış tormoz versə də avtomobil sürücünün istəyinə deyil, fikiki qanunlara tabe olur və 5 baş inəyi tələf edir. Yaxud yolda təmir işi aparıldığını görən sürücülər  xəbərdarlıq nişanına məhəl qoymadan tam qrunta çatanadək sürəti azaltmırlar. 
“Ford” sürücüsünün davranışına gəlincə: sərnişin texnikasını bu cür idarə edən (təhlükənin üstünə gedən) şəxsə əksər Avropa ölkələrində “təhlükədə qoyma” maddəsi ilə cinaət işi açılardı.
Milli sürücülük modelimizin bir pis nümunəsi də ara məsafəsi saxlamamaqdır. Hətta intizamlı sürücülər qarşıdakı avtomobillə normal distansiya saxladıqda kimsə gəlib araya girəcək.
Bəs bunların ortaya çıxmasına səbəb nədir? İlk yerdə şübhəsiz ki yanlış təlim dayanır. Ölkəmizdə təəssüf ki çoxları maşın sürməyi polisin gözündən kənarda, qeyri-peşəkarlardan öyrənir. Bu zaman öyrənilən yalnız sürüş olur, nəzəriyyə və qayda heç kimi maraqlandırmır. 
İkinci məsələ isə psixolojidir. Məşhur gürcü psixoloqu Uznadzenin ustanovka nəzəriyyəsindəki kimi, yəni insandan niyə məhz bu cür davranırsan sualına cavab verə bilmir. Məsələnin bu tərəfini psixoloqlar araşdırsa zəngin material əldə edə bilər.
Amma təbii ki hər şeyi qara görmək də ifratçılıq və birtərəfli yanaşmadır. 44 günlük müharibə sürücüləri də dəyişib. Artıq çoxları təcili yardıma, yanğnsöndürənə yol verir. Bəzən hətta Avropada görüb həsəd apardığımız hallar Azərbaycan yollarında da ortaya çıxır. Bunları da təbliğ etmək gərəkdir. 
Məsələn, yaşadığım məhəllədə bir neçə intizamsız sürücü vaxtilə həyətdə uşaqlara təhlükə yaradır, insanları narahat edirdilər. Amma şəhid bulağı tikildikdən sonra həyətdə avtoxuliqanlıq edənə rast gəlməmişəm. 2 il əvvələdək maşınla avaralıq edən gənclər şəhid bulağının tikintisində təmənnasız işlədilər. Bu da göstərir ki, işləri yoluna qoymaq mümkündür. 

PS. Yeri gəlmişkən, piyadaların və sərnişinlərin də davranışında milli model mövcuddur ki, bu barədə yaxın günlərdə...

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh