Sağlam gənclik, sağlam gələcəkdir

Yazarlar 24 Sentyabr 2023 20:50 Oxunub 744
Sağlam gənclik, sağlam gələcəkdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Uşaq ailənin güzgüsü, cəmiyyətin gələcək sütunudur. İlk həyatla tanışlığımız, insanlarla ünsiyyətimiz uşaqlıq illərimizə təsadüf edir. Bu mərhələdə formalaşaraq bir fərd kimi həyata atılırıq. Zamanla ailədən kənara çıxaraq daha fərqli mühitlərə giririk və burada qarşılaşdığımız insanlar, onların bizimlə dialoqu, yaşatdıqları hislərin hər biri şəxsiyyətimizin müəyyənləşməsinə təsir edir.

Ailədə uşağın gördüyü ilk insan valideynləri olur. Onların uşaqla davranışıyla yanaşı bir-birilərinə qarşı münasibəti də önəmlidir. Övladına sevgi, qayğı, nəvaziş göstərən, zamanla nəyin düz, yaxud yanlış olduğunu başa salan, insanlarla düzgün rəftarı öyrədən valideyn cəmiyyətə də faydalı insan yetişdirir.

Uşağın tərbiyəsi onun dünyaya gəlməsindən daha çətin və uzun prosesdir.   Bu yolda ailədən sonra qədəm qoyduğu təhsil ocağı - məktəb də xüsusi önəm daşıyır. Bizə ikinci ana olan ibtidai sinif müəllimimiz elm, bilik öyrətməklə bərabər fərd kimi yetişməyimizə, həyatı dərk etməyimizə təsir edir. Təbii ki, uğurlu kariyeraya sahib, sənətini sevən hər bir müəllim üçün şagirdlərinin düzgün şəkildə böyüməsi, cəmiyyətə lazımi şəxsiyyət kimi yetişməsi vacibdir. Həmçinin uşağın mənəvi inkişafında şagirdlərin təsiri də danılmazdır. Hər uşağın bir ailədən gəldiyini nəzərə alsaq o zaman müxtəlif genetikaya, psixologiyaya sahib insanların bir sinif altında birləşdiyi görərik. Fərqli mühitdən çıxan şagirdlər arasında dialoq, onların bir-birilərində yaratdığı təəssürat da uşağın şüuraltında dərin kök salır. Müəyyən yaş haddinə çatan uşaq artıq şəxsiyyət kimi müstəqil həyata qədəm qoyanda ailə, məktəb mühitindən görüb götürdüklərinin təsiri ilə digər şəxslərlə ünsiyyət qurur və davranışını qarşı tərəfə ötürür. Uşağın məktəb yoldaşıyla konflikti, aralarında şiddət, xoşagəlməz halların baş verməsi, ayrı-seçkiliyin göstərilməsi, səhvlərinin zəiflik kimi aşılanması, özünü ifadə etməsinə şərait yaradılmaması travmaların əsasını qoyur. Beyninə həkk olan bu hadisələr əslində təməl kimi gördüyü, yaşadığı olaylara reaksiyasına birbaşa təsir edir. Müəllim uşağın özünü ifadə etməsinə şərait yaratmalı, yanlışlarını uyğun dillə ona başa salmalı, sinif yoldaşlarıyla olan anlaşılmazlığını aradan qaldırmalı, hər birinə eyni dərəcədə yanaşmağı bacarmalıdır. O, aqressiyasını, lüzumsuz davranışlarını, tənqidi mövqeyini, ayrı-seçki münasibətini kənara qoymalıdır. Bir sözlə, müəllim olmaqla yanaşı, ikinci valideyn kimi onları düzgün istiqamətləndirməli və mənəvi dünyası zəngin gənc olaraq cəmiyyətə daxil olmasına şərait yaratmalıdır.

Mənəvi inkişafı şagirdə aşılayan müəllim onlara vətənpərlik hissini, mənsub olduğu ölkəyə sevgisini də paralel şəkildə öyrətməlidir. Gələcəyin cəsur, qorxmaz hərbiçilərinin formalaşmasında əsas öhdəliyə sahib olan müəllim bunu dərk edərək düzgün şəkildə şagirdinə ötürməlidir. Bugün cəbhə bölgələrində düşmənlə vuruşan əsgərlərimiz də bir vaxtlar şagird kimi doğma yurda məhəbbəti, öz canı bahasına olsa belə onu qorumağı, gələcək nəslə nümunəvi təsir bağışlamağı ailəsindən, müəllimindən   öyrənərək tətbiq edir. İkinci Vətən müharibəsində canını sipər etmiş minlərlə hərbiçilərimizin hər birinin vətənə layiq övlad kimi yetişməsinin arxasında müəllim əməyinin rolu inkaredilməzdir.

Avtosfer.az-a mövzumuzla bağlı açıqlama verən Vüqar Əvəzov adına 300 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Mətanət Hacıyeva 35 illik təcrübəsindən danışdı. Onun sözlərinə görə, müəllimlik müqəddəs olmaqla yanaşı məşəqqətli sənətdir. Bu yolu seçən insan özüylə yanaşı yetişməkdə olan fərdin məhsuliyyətini də valideynlə bərabər üzərinə götürür. “Təvazükarlıqdan uzaq olsa da həyatımın 35 illini həsr etdiyim bu müqəddəs peşəylə bağlı təcrübələrim düşünürəm ki, kifayət qədərdir. Universiteti yeni bitirər-bitirməz ilk fəaliyyətimə elə indi işlədiyim 300 saylı məktəbdən başladım. Nə yalan deyim ilk başlayanda çox çəkinmişdim. Bir insanın yetişməsinə deyil, bir qrupun tərbiyəsinə rəhbərlik edəcəyimi dərk edirdim. Onların hər birinə övladım kimi yanaşacağıma, elmlə yanaşı düzgün tərbiyə verəcəyimə öz içimdə and içmişdim. Əlbəttə bu yolda həyatımda dərin iz buraxan müəllimlərimin rolu danılmazdır. Mən xoşbəxt insanam ki, qədəm qoyduğum məktəbdəki ilk müəllimim mənə ana qədər doğma olub. Elə bu sənətə yiyələnməyimdə də başlıca əziyyət və təsir onun üzərinə düşür. Şagirdlərinin hər birinə eyni dərəcədə sevgi ötürmək, peşəsinə can qoyaraq onları nümunəvi fərd kimi yetişdirmək mənim müəllimimin əsas devizi idi. Elə sinfimizdəki 30 şagirddən 19-nun müəllimlik ixtisasına yönəlməsi də buna əyani sübutdur. Onun qədər olmasa belə şagirdlərimə müəllimimdən görüb öyrəndiklərimi tətbiq etmişəm və edirəm. Şagirdimin uğuru mənim uğurumdur. Özümü tərifləmək istəmirəm, amma ötürdüyüm sevginin qarşılığını görürəm. İllər öncə məktəbi bitirmiş, universitet həyatına qədəm qoyan, yaxud kariyera sahibi şagirdlərimin bugün də mənimlə əlaqə qurması, ziyarət etməsi müəllim üçün ən uca sevginin təzahürüdür.

Təbii ki, hər bir insan həyatda səhv edir və formalaşmağımızda, təcrübə qazanmağımızda onlar incidici olsa da önəmlidir. Fəaliyyətimdə müəyyən axsaqlıqlarla, əngəllərlə zaman-zaman qarşılaşmışam. Şagirdimlə, yaxud onun valideyni ilə müəyyən anlaşılmazlıqlarım da olub. Amma sonda ortaq məxrəcə gəlməyi bacarmışıq. Valideyn üçün uşaq doğma olduğu qədər, müəllim üçün də əzizdir. Amma uşağı tərbiyə edərkən sevgini lazım olduğu qədər ötürüb balansı pozmamaq önəmlidir. Bəzi valideynlər övlada sevgini onun hər istədiyini etməyə icazə verməkdə, istənilən qadağaları qoymamaqda görür. Əslində gənc yaşda valideyn sahibi olmaq olduqca çətindir. Gənclər ailə sahibi olaraq dünyaya gətirdikləri uşaqla bərabər yeni şeylər öyrənməyə davam edir. İnsan zamanla təcrübəsini genişləndirdiyi üçün erkən yaşlardaykən edilən səhvlər daha çox olur. Elə bu məqamda doğru bildiyi yanlışlar da uşağa aşılanır. Bir sözlə sevgini verən valideyn onun tərbiyəsini ikinci plana atmamalıdır. Bəzən övlada qadağa da qoymaq lazımdır. Bu, ona sevgisiz münasibəti göstərmir, əksinə dəyər verərək düzgün tərbiyələnməsinə səbəb olur. Elə mənim öz övladlarımla yanaşı onlar qədər sevdiyim şagirdlərimə tətbiq etdiyim də budur. Necə deyərlər hər şey qədərində gözəldir”.

Uşağın mənəvi inkişafı qədər fiziki cəhətdən güclü, düzgün istiqamətdə formalaşması da vacib amildir. Bəzən valideynlər üçün övladının fiziki inkişafı arxa plana atılır, yaxud onu düzgün istiqamətləndirmədiyi üçün gələcəkdə bu sahəyə marağının olmamasına, sağlam fərd kimi həyatını davam etdirə bilməməsinə zəmin yaradır. Sağlam bədən sağlam ruhun qidasıdır ifadəsi, təbii ki boş yerə işlədilmir. Hər iki məhfum bir-biriylə qarşılıqlı əlaqədədir. Özünə dəyər verən insan üçün fiziki baxımdan inkişafa yönəlmək də olduqca xüsusi əhəmiyyət kəsb edir. Təbii ki, hər sahədə olduğu kimi, burada da erkən yaşlardan öyrədilən informasiya, gördüklərimiz xüsusi rol oynayır.
Valideyn övladının sağlamlığını düşünərkən bəzi məqamlara xüsusi diqqət yetirməlidir. Onlardan ən birincisi və vacibi uşaq və gəncləri fiziki yükləmələrdən qorumaqdır. Bundan başqa idmanın hansısa növü ilə mütəmadi məşğul olan uşağın gələcəkdə bədən quruluşunda fəsadların yaranmaması üçün valideyn və müəllimlər müəyyən nüanslara fikir verməlidirlər.

Gündən-günə idman sahələrinə marağın artması dövlətimizin bu sahədə uğurlu inkişafından irəli gəlir. Getdikcə artan idman mərkəzləri, olimpiya stadionları, təşkil olunmuş festivallar, könüllülük əsasında həyata keçirilən proqramlar Dövlət Başçımızın bu sahəyə xüsusi önəm verdiyinin göstəricisidir. Bugün yüzlərlə idmançımız ölkəmizi dünya səviyyəli yarışmalarda uğurla təmsil edir və birinciliyə yiyələnir. Elə yaxın zamanlara qədər davam edən Avropa Çempionatı buna bariz nümunədir. Yarışmada onlarla idmançımız qızıl medalın sahibi oldu, yağı üzərində cəbhədə qələbə qazanmaqla kifayətlənməyərək idman meydançasında da düşmən rəqibini məğlub etdi.

Vüqar Əvəzov adına 300-saylı orta məktəbdə idman müəllimi kimi fəaliyyət göstərən Səbuhi Əliyevin fikrincə, gənc nəslin fiziki baxımdan düzgün inkişaf etməsinə ən çox mane olan amil qeyd etdiyimiz fiziki yükləmələrdir: "Uşaq dırnaqdan tutmuş başın tükünə kimi hər gün inkişaf edir. Körpənin sağlam böyüməsi üçün bir neçə şərtə əməl etmək lazımdır. Bura düzgün qidalanma, vitaminizasiya, gündəlik rejim, fiziki yükləmələrin verilməməsi daxildir. Sadalananlara əməl olunması uşağın gələcəkdə sağlam böyüməsinə və soyuğa davamlılığının artmasına səbəb olur. Hər bir yaş qrupu üzrə əvvəlcədən müəyyən olunmuş proqrama əsasən, uşaqla işləmək lazımdır. Məsələn, ilkin mərhələdə fiziki yükləmələrdən qaçmaq lazımdır. Fiziki yükləmə deyəndə uşağın və gəncin yaşına uyğun olaraq onun ürək döyüntüləri nəzərdə tutulur ki, məşq zamanı 1 dəqiqə intervalında ürək döyüntüləri müəyyən normadan artıq olmamalıdır. Əks təqdirdə uşağın sağlamlığı təhlükəylə üzləşəcək. Başqa vacib bir məqama da diqqət yetirək. Məsələn, güləşlə məşğul olan uşaq böyüyəndə adətən beli bükük, qolları qatlanmış vəziyyətdə olur. Yaxud ağırlıqqaldırmanı seçənlərin boyları qısa olur. Bunun yaranmaması üçün nə etməli? Adətən güc tələb edən idman növlərini seçənlər paralel olaraq üzgüçülük, akrobatika və ya gimnastika ilə məşğul olmalıdırlar.
Üzgüçülük boy artımına, bədən quruluşunun düzgün formalaşmasına, ağciyərin genişlənməsinə kömək edirsə, akrobatika və gimnastika bədənin elastik olmasına, düzgün koordinasiyaya səbəb olur. Bu da həm gələcəkdə idmançının peşəkar səviyyədə uğurlar qazanmasına, həm də fiziki göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır".

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti üzrə hazırlanıb.

Nərmin Əkbər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh