Banner

“Sağlamlıq arayışı olmayan narkomanların sürücülük hüququ məhdudlaşdırılmalıdır” - AÇIQLAMA

Yazarlar 31 Oktyabr 2023 17:50 Oxunub 920
“Sağlamlıq arayışı olmayan narkomanların sürücülük hüququ məhdudlaşdırılmalıdır” - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bununla bağlı müxtəlif xəbərdarlıqlar, qadağalar olunmasına rəğmən, bəzi sürücülər hələ də alkoqollu və ya narkotik maddə qəbul etdikdən sonra sükan arxasına keçirlər. Bu isə qəza şəraiti yaranmasına təkan verən amillərdən biridir ki, həm sürücünün, həm də digər vətəndaşların həyatı üçün təhlükə riskini artırır.

Bəs alkoqol və ya narkotik maddə qəbul edən sürücülərlə bağlı qanunvericilikdə hansı cəzalar nəzərdə tutulub?

Mövzu ilə əlaqədar Elməddin Muradlı “MediaPost”a açıqlamasında bildirib ki, bu cür maddələrin təsiri altında avtomobil idarə edən sürücülərlə bağlı cərimə sanksiyaları 400 manatdan başlayır və getdikcə artır.

alt text

Ekspert həmçinin qanunvericilikdə əməl təkrar törədildikdə və yaxud xəsarət alan olduqda, kiməsə ziyan dəydikdə sürücülük hüququndan məhrumetmə, inzibati həbs və s. cəzaların da olduğunu qeyd edib: “Ümumən İnzibati Xətalar Məcəlləsində narkotik vasitənin və psixotrop maddənin təsiri altında avtomobil idarə edənlərlə digərlərinin məsuliyyətinə eyni maddə tətbiq edilirdi. Lakin biz müraciət etdik ki, əslində bunlar fərqli-fərqli xətalardır və yanaşma onu göstərir ki, narkotik vasitənin təsiri altında avtomobil idarə etmək artıq bir xəstəlik əlamətidir. Spirtli içkinin təsiri altında olmaq isə təsadüf nəticəsində də baş verə bilər. Yəni insan təsadüfən hansısa bir məclisdə oturub, yeyib-içə bilər və bunları bir-biri ilə qarışdırmamaq lazımdır. Bu baxımdan məsələyə baxıldı və qanunvericiliyə bu yaxınlarda edilən dəyişikliyə görə, artıq spirtli içkinin təsiri altında avtomobil cərimə yerində qalsa da, narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülərlə bağlı sanksiyalar ağırlaşdı”.

E.Muradlı cərimələrin məbləğinin artmasının narkomanlarla mübarizədə rolu olduğunu söyləyib:

“Cərimə məbləği birbaşa 600 manatdan başlayır və təkrar törədildikdə daha uzunmüddətli inzibati həbs nəzərdə tutulur. Hesab edirəm ki, əslində, bu da yüngüldür. Narkoman sürücülərlə mübarizə çox vacibdir və önəmlidir, çünki onların sayı get-gedə artır və son statistik rəqəmlərə də baxanda görürük ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən çox sayda sürücü yol polisi tərəfindən aşkarlanıb. Bu baxımdan onlara qarşı cərimə sanksiyaları daha ağır olmalı və həmin şəxslərin sürücülük hüququ dərhal məhdudlaşdırılmalıdır deyə düşünürəm. Onlardan sağlamlıq haqqında arayış tələb olunmalıdır. Həqiqətən, narkomaniya əleyhinə müalicə aldıqlarına dair sağlamlıq arayışı gətirib təqdim etsələr, həkim rəy versə ki, onlar artıq sağlam həyata dönüblər, məhz o zaman həmin şəxslərin sürücülük hüququnun bərpası məsələsinə baxıla bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh