Banner

Şəhid polis Seymur Mahmudovun nisgilli, qürurlu və şərəfli ömür yolu - FOTO

Yazarlar 19 Sentyabr 2024 16:39 Oxunub 468
Şəhid polis Seymur Mahmudovun nisgilli, qürurlu və şərəfli ömür yolu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Zəfərdən az sonra Seymurgil Şuşaya getmişdilər. Qayıdanda polis yoldaşları ilə birgə çəkdirdiyi şəkli telefonunda mənə göstərdi. Çox xoşuma gəldi, dedim ki, "Seymur, üçünüz də çox qürurlu dayanmısınız..." Ancaq anası ölsün, nə bileydim ki, balamın qürurla dayandığı həmin şəkli bir gün məzar daşına həkk olunacaq..."

"Birdən bilməzsiniz, mənə deyərsiniz ki, oğlun ölüb..."

2023-cü il sentyabrın 19-da səhər tezdən Qarabağdan gələn qara xəbər bütün Azərbaycanı yasa boğdu. Həmin gün Xocavənd yolunda xain düşmənin basdırdığı minanın partlaması nəticəsində dörd polisimizin şəhid olmasını eşidən hər kəs dərindən üzüldü. Qəhrəmanlıqla şəhid olan polislərimizdən biri də ömrünün baharında tale yolu qırılan, 32 yaşında bu dünyadan nakam köçən Seymur Elsevər oğlu Mahmudov idi...

O günün səhərini Mahmudovlar ailəsi ürəklərinə oğul dərdi çəkildiyindən xəbərsiz açmışdılar. Qonaqları olduğu üçün Gülnarə ana sübh tezdən durmuşdu və iş-gücə başı qarışdığı üçün artıq bütün Azərbaycanın eşitdiyi acı xəbəri duymamışdı. Sadəcə vaxt keçdikcə qulağı çalmışdı ki, dörd nəfər polisimiz minaya düşüb şəhid olub. 

Bir gün əvvəl Seymuru Qarabağa yola saldığı üçün ananın ürəyində səksəkə olsa da, pis fikirləri başından qovmuşdu. Amma fikri də min yerə getmişdi, öz-özünə qorxu ilə pıçıldamışdı ki, "ay Allah, görəsən bu gecə kimin çırağı söndü, o od kimin evinə düşdü?!.." 

Ancaq saat 11 radələrində uşaqlardan birinin qaçaraq evə gəlib "küçədə çoxlu polis var, Elsevər əmini axtarırlar", - deməsi ilə sanki dünyası başına uçmuş, ikiəlli dizlərinə çırparaq nalə çəkmişdi ki, "evim yıxıldı, Seymuruma nəsə olub..." 

Tez pilləkənlərlə qaçaraq özünü həyətə atmış, doqqazın qapısını açanda isə görmüşdü ki, İlahi, qapılarının ağzında o qədər polis var ki... O an elə bil qədəmləri qırılmış, hər şeyi başa düşmüşdü... 

Əli yerdən də, göydən də üzülən ana çarəsizlikdən nə edəcəyini bilməmiş, gələnlərə dodaqları titrəyə-titrəyə söyləmişdi ki, "birdən bilməzsiniz, mənə deyərsiniz ki, oğlun ölüb..."

Xidmət yolu

Əslən Cəbrayıl rayonundan olan Seymur Mahmudov 1991-ci il iyulun 12-də Bakı şəhərində anadan olub. 2009-2011-ci il tarixlərində həqiqi hərbi xidmətdə olub.

Seymur Mahmudov 2012-ci il iyunun 13-də daxili işlər orqanlarında xidmətə qəbul edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının Xüsusi təyinatlı ikinci taborunda polis nəfəri vəzifəsində çalışıb. İşğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə sabiq polis nəfəri Seymur Mahmudov Şuşa şəhərinə ezam olunub. 2023-cü il sentyabrın 19-da Xocavənd rayonu istiqamətində nəqliyyat vasitəsilə hərəkətdə olarkən qanunsuz erməni silahlı birləşmələri tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində vəfat edib. 

2023-cü noyabrın 8-də şəhid Seymur Mahmudov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərdiyinə görə Prezident tərəfindən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. O, komandir heyəti tərəfindən bacarıqlı və intizamlı əməkdaş kimi xarakterizə edilib. 

Şəhid Seymur Mahmudov Bakı şəhərində dəfn olunub. Subay idi.

Ata harayı

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının xüsusi təyinatlı ikinci taborunda polis nəfəri vəzifəsində xidmət etmiş şəhid Seymur Mahmudovun vəfatının birinci ildönümündə ailəsi ilə görüşmək üçün yaşadıqları ünvana yollandıq... 

Kimdən soruşduqsa, həyətində Azərbaycan bayrağı qürurla dalğalanan qəhrəman şəhidin ailəsinin yaşadığı evi əzbərdən bizə nişan verdi. Evə doğru irəlilədikcə elə hiss edirdik ki, sanki Seymurun vəfatından sonra bu küçələr də qəmə batıblar, səssizlikdən qulaq tutulurdu... Doqqazın çölündə şəhidin qara rəngli avtomobili dayanmışdı. Hələ də sahibinin yolunu gözləyirmişcəsinə... 

"Düz gəlmisiniz, Seymurun evi buradır...", deyən mehriban bir səsə tərəf üzümüzü çevirib yuxarı baxdıq. Qara yaylıqlı, qarapaltarlı, çöhrəsi qəmli nurani bir qadın idi pəncərədən bizə səslənən... 

Seymurun anası Gülnarə Mahmudova...

Bu zaman doqqazın qapısı açıldı. Saç-saqqalı vaxtsız ağarmış, oğul itkisindən beli bükülmüş bir ata bizi içəri dəvət etdi... 

Seymurun atası Elsevər Mahmudov...

Matəm libasına bürünmüş evə keçdik... Qapısı açıq, divarları başdan-başa gənc  oğlanın şəkilləri ilə bəzədilmiş otaq diqqətimizi çəkdi. 

Vaxtilə Seymurun olmuş yataq otağı... 

İndi onun səliqə ilə yığılmış çarpayısına Azərbaycan bayrağı bükülüb. Ütülü polis paltarları asılı, köynəkləri, şalvarları, ayaqqabıları çin-çin yığılıb qalıb... 

Gülnarə ana dolabdakı corablardan bir cütünü böyük ehtiyatla götürüb sığallayaraq dedi ki, "Seymur sonuncu dəfə bu corabı ayağından çıxarıb. Heç yumamışam, onda oğlumun qoxusu var..." 

Sonra stol ətrafına yığışdıq. Bir anlıq ortaya sükut çökdü, nədən başlayacağımızı, nə danışacağımızı bilmədik...  Qəhər imkan vermirdi, hamının səsi kallaşmışdı, gözlərimizdən yaş süzülürdü... 

"Seymur ilk övladım idi...", deyən Elsevər ata oğlundan keçmiş zamanda danışmağın çarəsizliyindən elə birinci cümləsini yarımçıq qoyaraq gözyaşları içərisində otağı tərk etdi... 

 

Onun mərhəmətini milyonlar görmüşdü

 

Gülnarə ilə Elsevər Mahmudovlar 1990-cı ilin payızında ailə qururlar. İki oğul övladları olur. Böyüyünə Seymur, kiçiyinə Teymur adı verirlər. Övladlarının yolunda saçlarını süpürgə edən gənc ata-ana onların sağlam, təhsilli, ən əsası cəmiyyətə, vətənə yararlı olmaları üçün gecə-gündüz çalışırlar. Əllərini çörəyə çatdırırlar, Teymuru evləndirsələr də, Seymurun toyunu görmək qismətlərinə yazılmır...  

Seymurla bağlı xatirələrini göz yaşları içərisində danışan Gülnarə ona deyir ki, o, uşaqlığından sakit, mülayim, sözəbaxan olub. 

- Allah onu 32 yaşında əlimizdən aldı. Bu yaşına qədər Seymur bir övlad olaraq bizi heç vaxt incitmədi. Uşaq yaşlarından sakit təbiətli, tərbiyəli, böyük-kiçik yeri bilən, mərhəmətli idi oğlum. Dərslərini yaxşı oxuyurdu, bir dəfə də olsun, müəllimlərindən şikayət eşitmədik. 5 yaşından idmanla məşğul olurdu. Karate, sərbəst güləş üzrə idmanda nailiyyətləri də var idi, medallar qazanmışdı. 

 O,  11 il üç ay polis kimi xidmət göstərdi, həmişə işində intizamlı oldu. Vətən müharibəsindən sonra Seymurgil vaxtaşırı Qarabağın bütün bölgələrinə ezam edilirdilər. Bir dəfə Şuşaya qış vaxtı getmişdilər. Gələndə mənə orada çəkdirdikləri şəkli göstərdi.  Şəkildə Əzizbəy (şəhid polis Əzizbəy Muradov) və bir neçə başqa polis yoldaşları vardı. Dedi, "ana, bu da Şuşanın dumanlı dağları..."  

Torpaqlarımızın, ata vətəni Cəbrayılın azadlığına görə çox sevinir, qürurlanırdı. Hələ əsgəri xidmətə gedəndə ondan soruşmuşdular ki, hansı bölgədə qulluq etmək istəyərsən? O isə qürurla demişdi ki, "Azərbaycanın üçrəngli bayrağı harada dalğalanırsa, orada qulluq etməyə hazıram". 

Seymurun xidməti paltarda yaşlı bir kişiyə su vermə görüntüləri "Mərhəmətli polis" adı ilə milyonlarla baxış toplayıb. Onun 11 pişiyi var idi. Maşınının səsi gələndə həmin pişiklər əsgər cərgəyə düzülən kimi onun qarşısına düzülərdilər. Pişiklərə hər gün yemək gətirər, əlləri ilə yedizdirər, xəstələnəndə qulluq edərdi, sağaldardı...

O, 11 il üç ay işləyib evimizə qazanc gətirdi. Bu illər ərzində maaşını qəpiyinə kimi gətirib bizə verdi. Heç vaxt icazəsiz öz halal qazancından bir manat da götürmədi. O, uşaq deyildi, həddi-büluğa çatmış kişi idi. Nə də biz onu buna məcbur etmirdik... Sadəcə öz tərbiyəsinin, mərifətinin, hörmət hissinin mənəvi tələbi kimi yerinə yetirirdi bunu. 

Yeni işə gedən vaxtları idi. Evə bir az gec gəlmişdi. Atası dedi ki, "Seymur, xahiş edirəm axşam saat 9-dan sonra bayırda qalma". O ənənə bir dəfə də pozulmadı. Gözüm saatda qalırdı. 9-a bir dəqiqə də qalmış olsa Seymur evə gəlirdi. Təbii ki, işlə bağlı harasa gedəndə mütləq xəbər verirdi ki, narahat olmayaq... 

Belə insanlar seçilmiş olur. Vətənini, xalqını sevmək, torpaq uğrunda canını fəda etmək yalnız bu cür seçilmiş insanlara nəsib olur... 

Şəhid olacağı yuxusunda əyan olmuşdu

- Seymurgil 2023-cü ildə yay boyu təlimdə oldular. Hər an Qarabağa asayişi qorumağa gedə bilərlər deyə sentyabrın əvvəlindən çantası yığılı idi. O, işdə olanları evdə danışmadığı üçün vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bilmirdik. Sentyabrın 18-də günortaya yaxın atasına zəng vurmuşdu ki, "anam nə bişirib? Gəlirəm nahar edəm. Sonra gedəcəyik Qarabağa". 

Gəlib yeməyini yedi, süzdüyüm çayı heç axıracan içmədən durdu. Dedi ki, heç kimlə yox, bir tək nənəmlə görüşəcəm (82 yaşlı ata nənəsi Suqra Seymur şəhid olandan sonra infarkt keçirdi, möhkəm xəstələndi). Nənəsi sirdaşı idi. Ürəyinin gizlin sözünü ancaq ona deyərdi. 

Seymur şəhid olandan təxminən bir ay əvvəl nənəsinə bir yuxusunu danışmışdı. Görmüşdü ki, babası yuxuda ona deyib ki, "Seymur, vaxt-vədə çatıb, beli götür gəl sənin evinin bünövrəsini qazaq. Bir bel babası, birini də Seymur götürüb ona ev bünövrəsi qazıblar. Sonra babası deyib ki, "burada sənə gözəl ev tikəcəyik". 

Seymur nənəsi ilə görüşüb həyətə düşdü. Pəncərədən baxırdım. O, maşınla küçəni burulanda elə bil ki, baxışları ilə mənimlə vidalaşdı. O anda içimdə nə isə qırıldı, evə qayıdıb dedim ki, "Seymur getdi, daha qayıtmayacaq..." Qaynımın qızı əli ilə ağzımı tutdu ki, "nə olar, belə danışma..."

Həmin gün Almaniyada yaşayan bacımgil bizə gəlmişdilər, axşam bacımın ad günü idi. Çoxlu qonaqlarımız vardı. Heç eynim açılmır, özümə yer tapa bilmirdim. Dilimə nə su, nə çörək vurdum. 

Həmin gecə Teymur da ailəsi ilə Almaniyadan gəlirdi, Seymur onu qarşılamalı idi, amma qarşılaya bilmədi... Teymur içəri girəndə halımı görüb dedi ki, "ana, gəldiyimə sevinmirsən?"  Dedim "sevinmək istəyirəm ey, amma sevinə bilmirəm..." 

Ana-bala qucaqlaşıb ağladıq...

Seymura elçi gedəcəkdik...

- Öz-özümə fikirləşirdim ki, Teymurgil, bacımgil burdaykən Seymura nişan edək. Xalası ondan soruşmuşdu ki, "Seymur, istədiyin qız var?" O, "yox" cavabı vermişdi. Xalası demişdi ki, "istədiyin qız yoxdursa, anan sənə qız tapıb. Telefon nömrəsini verərik görüşüb söhbət edərsiniz. Əgər bir-birinizi bəyənsəniz, elçi gedərik, nişan apararıq". Seymur demişdi ki, "xala, gedib qayıdım, sonra danışarıq". 

O bilirmiş ki, təhlükəli səfərə çıxır, amma bizə hiss etdirməmişdi. Sonradan öyrəndik ki, sinif yoldaşları, dostları ilə gedib bir-bir görüşüb sağollaşmışdı. 

Biz toy arzusunda idik, amma sentyabrımız, bütün həyatımız qaraya boyandı. Seymurun şəhid olduğunu bilən andan mənim üçün yerin üstü altına çevrildi. Düz 4 gün gecə-gündüz dayanmadan danışdım, Allaha yalvardım, nə yatdım, nə də gözümdən bir damcı yaş çıxdı. 

Ürəyim qovrulurdu... Axı mən oğul böyütmüşdüm, onu əziyyətlə o yaşa çatdırmışdım. Düzdür, dilim deyir ki, "vətən sağ olsun", amma axı ürəyim içəridə parça-parça olur. 

...Atası ilə birlikdə Seymurun qayğısına elə qalmışdıq ki, ona elə sevgi vermişdik ki... Atası hər gün səhər-səhər 30 yaşında kişinin telini sığallaya-sığallaya durğuzardı ki, "başına dönüm, dur, işə gecikirsən..." 

Atası da, mən də qarşımıza bir məqsəd qoymuşduq ki, uşaqlarımıza düzgün tərbiyə verək, onları sevgi, mərhəmətlə böyüdək. Hər hansı iş olanda, onlarla da məsləhətləşirdik, fikirlərini öyrənirdik. Həm də onlar gözlərini açandan gördülər ki, biz bir-birimizə çox bağlıyıq. Ona görə uşaqlar da bizi çox istədilər. 

Haradasa oxumuşdum ki, hansı uşaq ata-anasını çox istəyirsə, o uşaq Vətənini də, torpağını da çox sevir. Əgər evdə, ailədə övlad ata-anaya hörmət qoymursa, o heç vətənini də sevməyəcək. Ağrı-acılı olsa da, bunu öz təcrübəmdən gördüm... 

"Axı mən səndən ötrü çox darıxıram, Seymur"

- Bir təskinliyim ondadır ki, körpə vaxtından Seymurun nazını çəkmişəm, analıq missiyamı yerinə yetirmişəm. Ancaq valideynlik borcumu yerinə yetirə bilmədim. Ona nişan, toy eləyə bilmədim. 

Ananın ən böyük arzusu övladına yuva qurmaqdır. Mən o yuvanı qura bilmədim. Onun əziyyətini, peşmanlığını çəkirəm... 

Hər gün atası ilə birgə oğlumuzun Binəqədi kənd qəbiristanlığındakı məzarını ziyarətə gedirik. Bir gün getməyəndə elə bilirəm Seymur bizdən nigaran qalır. Təkcə orada ürəyimi rahat boşalda bilirəm. 

Qış günlərinin birində Seymurun məzarının üstündəydik. Yağış yağmırdı, amma hava çiskinliydi. Çox ağladım,  dedim ki, "axı mən səndən ötrü çox darıxıram, Seymur, sən məndən ötrü darıxmırsan?!" 

Başımı qaldırıb başdaşındakı şəklinə baxanda gördüm ki, sağ gözündən iri bir damcı su süzülüb sinəsinə düşdü..." 

O an az qaldı ürəyim partlaya... 

Atası da bunu gördü, yalvardı ki, "nə olar, onun ruhunu incitmə..." 

- Bütün xoşbəxt arzularımızı Seymurun üzərində qururduq. Toyunu edəcəkdik, nəvə oynadacaqdıq... O qədər kaş kilər var ki dilimdə... Qismət... 

Allah onu qüsursuz mənə vermişdi, qüsursuz da aldı...

Sentyabrın 22-də mənim toy günümdür, həmin gün Seymura üç mərasimi verdik. Atasının toy günü oktyabrın 5-dir, həmin gün cüməaxşamına düşdü. Oktyabrın 3-də qardaşı qızının ad günü idi. Biz əvvəlcədən Seymurla planlar qururduq ki, ona restoranda ad günü edək. Ancaq oktyabrın 3-də Seymur artıq həyatda yox idi. 

Babası məzarın üstünə gəlincik alıb qoymuşdu, uşaq gedib oradan əmisinin hədiyyəsini götürdü... 

Seymur o qədər mərhəmətli, ağıllı idi ki... Hərə onu bir cür çox istəyirdi. İndi də hərə bir cür yanır ona. Bütün məhəllə, qonşularım bir ildir yas saxlayır oğluma. Bizim məhəlləmiz çox səs-küylü olardı, deyən-gülən... Amma indi sükut çöküb bura... 

Biz - antiterror əməliyyatları zamanı şəhid olan polislərin  analarını dərd birləşdirib. Bir-birimizə bacı kimiyik. Hər gün danışırıq, bir-birimizin hal-əhvalını yoxlayırıq. 

Oğlu ölən ana digər oğlu ölən anaya ürək-dirək verir... 

Seymurun polis dostları ayda bir-iki dəfə yığışırlar bizə, gec saatlara qədər söhbət edirlər, onunla bağlı xatirələrini danışırlar. Mütəmadi zəng vururlar, mesaj göndərirlər, halımızı soruşurlar, həmişə də yazırlar ki, "ana, biz sənin mənəvi oğlunuq". 

Seymurun iş yerindən də, Daxili İşlər Nazirliyindən də həddindən artıq yüksək səviyyədə diqqət və qayğı göstərirlər bizə... Bütün bunlar böyük təskinlikdir bizim üçün...

Şəhid anası olmağın qüruru...

- Seymur şəhid olandan yaman çoxdanışan olmuşam. İstəyirəm hamıya ondan danışam, qürurla deyəm ki, "Seymur kimi oğul böyütmüşəm". 

Ağlasam da, sızlasam da, bu dərdin dərmanı yoxdur. Oğlu ölən ananın hər şeyi alınır əlindən, xoşbəxtliyi, xanımlığı... Oğlu ölən ananın güzgüsü, darağı sınır... Üzündə gülüş sönür...

Elə qorxuram ki, danışaram birdən dodağım qaçar gülərəm, ya kiməsə hirslənərəm, kimisə incidərəm... Axı yaraşmaz mənə... Mən şəhid anasıyam. Şəhid anası olmağın məsuliyyəti böyükdür... Amma qüruru hər şeydən üstündür. Elə Seymur kimi oğulun anası olmağın qürurudur məni yaşadan... 

Seymurdan sonra Gülnarə ana bər-bəzəkli paltarlarını da, zinət əşyalarını da birdəfəlik çıxarıb kənara qoyub. İndi onun libaslarının bir rəngi var, qara... 

Yeganə bəzəyi oğlunun şəklini asdığı boyunbağıdır... 

Dünyada rahatlıq tapdığı təkcə bir yer var - Seymurun məzarı... Hər gün səhər tezdən ora yollanır, ağlayır, oğlunun boyunu oxşayır... 

"Seymurum, mən bir ana kimi səndən razı qaldım, Allah da səndən razı qalsın, bala...", deyib sabah yenə oğluyla görüşə gəlmək üçün evinə yollanır... 

 

"Azərbaycan" qəzeti

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh