“Səkiləri “dönərxana”lara elə satıblar ki, orada infrastruktur qurmaq çətin olur” - Ekspert
"Dünyanın bir çox şəhərində nəqliyyat infrastrukturunun qurulmasında piyada yönümlü layihələrə üstünlük verilir. Son illər Bakıda da yol və küçələrin salınması zamanı nəzər alınan əsas amil piyada rahatlığının təmin edilməsidir. Nəqliyyat üzrə Elməddin Muradlı Qaynarinfo-ya bildirib ki, Bakıda yolların inkişafı strategiyası yeni işlənməyə başlayıb:
"Əvvəllər Bakı ilə bağlı müxtəlif qurumların yol strategiyası yaxşı nəticələr verməyib. Həmin qurumların vaxtında yaranan problemlər bugün üçün bir çox çətinliklərin əsasını qoyub. O dövrdəki yanaşmalar bu gün bizə çox böyük çətinliklər yaradır. İndi yol təsərrüfatına birbaşa nəzarəti BNA həyata keçirir. Lakin əvvəldən elə bir sistem qurulub ki, BNA bəzən bu problemləri həll etməkdə çox çətinliklərlə üzləşir. Məsələn, BNA tərəfindən "ideal səki” layihəsi həyata keçirilir, lakin bunu hər yerdə təmin etmək mümkün olmur. Bir çox küçə və prospektlərdə yolları elə bərbad formada salıblar, səkiləri dönərxanalara, apteklərə elə satıblar ki, bu gün orada hansısa bir infrastrukturun ideal şəkildə qurulması çox böyük çətinliklər yaradır”.
Ekspert qeyd edib ki, mövcud problemlərin həlli üçün yol infrastrukturu məsələsinə daha ciddi yanaşmalıyıq: "Son illər BNA tərəfindən icra olunan bir çox layihələr var. Bunlardan biri də "ideal səki” layihəsidir ki, artıq bir çox küçələrdə bu layihə tətbiq edilib və orda piyadaların hərəkəti təmin olunub. İndiyə kimi Bakıda pandus sistemi qurulmurdu. BNA artıq bir çox yollarda pandusların quraşdırılmasını təmin edib. Piyadaların keçiddən istifadəsini təmin etmək üçün dəmir arakəsmələrin, yol-nəqliyyat hadisələri zamanı avtomobilin yoldan səkiyə çıxmasının qarşısını almaq üçün tumbaların quraşdırılması və digər addımlar yol təsərrüfatında müsbət yenilikdir. Dərindən təhlil edəndə görünür ki, bu işlərin kökündə insan təhlükəsizliyi faktoru dayanır. Bu gün mən deməzdim ki, hansısa küçə tam idealdır. Hər bir küçədə hansısa qüsur qalmaqdadır. Bunlar da illər öncə əsası qoyulmuş problemlərdir. Bu problemlərə də o vaxt mövcud olan qurumlar laqeyd yanaşıblar. Bu gün onların həlli bəzən milyonlarla vəsait hesabına başa gəlir. O baxımdan düşünürəm ki, biz yol infrastrukturuna daha ciddi, daha dərindən yanaşmalıyıq. İcra olunan layihələr qısamüddətli layihələr olmamalıdır. Bu gün təməli qoyulan yolun əlli il sonrakı perspektivləri nəzərə alınmalıdır”.