Səkiləri kim bu hala salır? - Standart qalıb kənarda, hərə öz bildiyini edir
Piyadaları təhlükə altına atan ən vacib problemlərdən biri də yol kənarlarında səkilərin düzgün qurulmamasıdır. Belə ki, səkilər ya çox hündür, ya çox dar, ya da heç yoxdur. Nəticədə, piyadaları maşın vurma ehtimalı çoxalır, yaşlılar səkiyə çıxmaqda əziyyət çəkir. Bəs bunların qarşısını almaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakıvaxtı.az-a danışıb: “Həqiqətən bizim səkilərlə bağlı problemlərimiz çoxdur. Çünki hazırda Azərbaycanda səkilərlə bağlı standartlar kənarda qalıb, tamam başqa məsələlər icra olunmaqdadır. Yəni vahid bir standart, səkilərin hündürlüyü var. Amma aidiyyati qurumlar deyir ki, Bakı şəhər İcra Hakimiyyəti bir cür, Azərbaycan avtomobil yolları tamam başqa cür səki vurur, yerli bələdiyyələr daha ucuzunu axtarıb tapır ki, çox xərc aparmasın. Yəni bu cür yanaşmalar var, ona görə səkilərlə bağlı vəziyyətimiz heç də yaxşı deyil. Bunlarla yanaşı, elə küçə var ki, burda səki belə yoxdur və vəziyyət daha biyabırçı həddədir. O baxımdan düşünürəm ki, səkilərlə bağlı kiminsə şəxsi təxəyyülünün nəticələri yox, qayda-qanun, standart nədirsə o tədbiq edilməlidir. Yəni kiminsə düşüncəsi filan bizə gərək deyil. Mənə elə gəlir ki, bu barədə ciddi düşünülməli və bu səkilərlə bağlı vahid bir standart tədbiq edilməlidir.
Bəzi yerlərdə elə hündür mərmər səkilər qoyublar ki, yaşlı insanlar keçid olmayan yerlərdə hərəkət eləsə ayağı o qədər taqətdən düşür ki, ayağını qaldırıb səkinin üzərinə çıxa bilmir. Yaxınlıqdakı kimisə çağırıb kömək alır. Yəni o dərəcədə biyabrçı vəziyyətdədir. O baxımdan, düşünürəm ki, belə problemlər olmamalı, vahid bir standart tədbiq edilməlidir. Başa düşürəm, kimsə oturub fikirləşir ki, avtomobillərin səkiyə çıxmasının qarşısını necə alaq? Belə olan halda, bu qaydanı tədbiq edir ki, səkiləri hündür qoyaq maşın çıxmasın. Xeyr, bu çıxış yolu deyil. Bunun başqa üsulları da var, necə ki, indi Bakıd Nəqliyyat Agentliyi o üsullardan istifadə edərək səkilərdə dəmir tumbalar qoyurlar və s. Ona görə də, səkilərlə bağlı standart nədirsə onu tədbiq etmək, uşaq və əlil arabaların rahat hərəkəti üçün yeniliklər tədbiq etmək lazımdır. Həmçinin səkilər piyadalar üçün əlçatan, normal vəziyyətdə olmalıdır. Qədim Bakıdan qalan küçələr, yollar var ki, səkilərlə bağlı ciddi problemlər yaşanır. Amma ən biyabrçı hal odur ki, yeni salınan qəsəbələr və binaların həyətyanı ərazilərində də səkiləri normal qoymurlar. Təəssüf ki, heç bir qurum gedib bina tikənlər və yaşayış məskəni salanlardan səkinin eni, hündürlüyü və düzgünlüyünü tələb etmir. Bunu heç kim demir. Elə tikinti şirkətləri var ki, səkinin üzərində bina tikib. Bu şeylərin qarşısı alınmalıdır.”