Sərnişin avtobusları xəstəlik mənbəyidir – Paytaxtda
Paytaxtda xidmət göstərən əksər avtobuslardakı natəmizlik sərnişinlərin narazılığına səbəb olur. Xüsusən də yay aylarında bu natəmizliyin müxtəlif infeksion xəstəliklərə yol aça biləcəyini düşündükcə, insanlar bu avtobuslara minərkən bir daha düşünməli olurlar. İstifadəyə yeni buraxılan "BakuBus" avtobuslarından başqa demək olar ki, digər əksər avtobuslar xəstəlik mənbəyidir.
Bu avtobusların xaricləri və daxilləri toz içərisində olur, oturacaqlarının rəngi isə çirkdən ərp bağladığı üçün seçilmir. Yay aylarında kondisionersiz olan bu avtobuslarda istidən birtəhər olan sərnişinlər həm də bu çirk problemi ilə üzləşirlər. Ümumiyyətlə, ictimai nəqliyyatda istifadə olunan avtobusların təhlükəsizliyi təkcə onların təzəliyi, texniki sazlığı və ya xarici görünüşü ilə ölçülmür. Nəzərə almaq lazımdır ki, bu avtobuslardan gün ərzində yüzlərlə sərnişin istifadə edir və bu insanların içərisində müxtəlif yoluxucu xəstəliklərin daşıyıcısı olanlar da ola bilər. Eyni zamanda yoluxucu xəstəliklərin natəmiz və rütubətli şəraitdə yayılma ehtimalının daha çox olduğunu nəzərə alsaq, bu sahədə fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin üzərinə düşən məsuliyyətin nə qədər ciddi olduğunu təsəvvür etmək olar. Bu baxımdan, sərnişin nəqliyyatında istifadə olunan avtobusların içərisində gündəlik olaraq təmizlik və salonda, xüsusilə tutacaqlarda kimyəvi təmizliyin aparılması və xəstəliklər yaradan virusların, müxtəlif mikroorqanizmlərin təmizlənməsi, sərnişinlərin təhlükəsizliyi üçün çox vacib şərtlərdəndir.
Təəssüf ki, bu gün paytaxtımızda sərnişindaşıma sahəsində fəaliyyət göstərən bir sıra avtobuslarda nəinki kimyəvi təmizlik işləri aparılır, hətta onların içərisində müxtəlif məişət tullantılarını, siqaret kötüklərini, oturacaqlarda isə illərdən bəri yığılan çirk və tozun qalıqlarını aydın şəkildə görmək olur. Oturacaqları çirkdən ərp basmış, salonunun rəngi tozdan bilinməyən bir neçə avtobusun sürücüsü ilə söhbətləşdik. "Adımızı yazıb bizi işimizdən etmə" deyərək danışmağa tərəddüd edən sürücülər avtobusların hər gün xəttə çıxmadan öncə qarajda yuyulub təmizləndiyini deyirdilər: "Texniki müayinədən keçən avtobusların hamısı xəttə yuyulub çıxır. Amma gün ərzində sərnişinlər bu avtobusları bərbad vəziyyətə salırlar. Kimisi avtobusun içində tum çırtlayır, kimisi salfet tökür, kimisi isə tüpürür".
Bir sıra sürücülər isə bunu artıq avtobusların köhnəliyi ilə əlaqələndirirdi: "Bu avtobusların istismar müddəti bitib. Xəttə yeni avtobuslardan buraxsalar yaxşı olardı. Həm də biz kəndlərə, Bakıətrafı qəsəbələrə işləyirik. Oranın da yolları toz-torpaq içərisindədir. İstər-istəməz qapı açılıb örtüləndə toz-torpaq içəri daxil olur".
Söhbətə qatılan bir neçə sərnişin də mövcud vəziyyətdən narazı idi. Sərnişin Xatirə Məmmədova xüsusən də yay aylarında bu cür avtobusların dözülməz olduğunu deyirdi: "Günəş şüaları düşəndə avtobusun salonundakı tozu açıqca görmək olur. Bu toz-torpaq bizim ciyərlərimizə gedir. İnsan oturacaqda oturmağa iyrənir. Üstəlik, kondisioner də yoxdur. Heç olmasa pəncərələrə qara pərdə vursunlar ki, içəriyə gün düşməsin".
Az sayda xəttə buraxılan "BakuBus" avtobuslarında hələ ki bu neqativ hallar müşahidə edilmir.
Avtosfer.az musavat-a istinadən bildirir ki, "BakuBus" avtobuslarının hər gün təmizləndiyini deyən "BakuBus" MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev bu avtobusları daxili və xarici yuyulmadan sonra hər gün dezinfeksiya edildiyini dedi: ""BakuBus" avtobusları hər gün qrafik üzrə marşrut xəttindən qayıtdıqdan sonra texniki baxış və kompüter diaqnozundan keçir. Xarici və daxili yuyulmadan sonra isə xüsusi kimyəvi məhlullarla dezinfeksiya edilir. Dezinfeksiya işləri mütəxəssislər tərəfindən və kimyəvi təmizlik üçün tibb də istifadə olunan vasitələrlə həyata keçirilir. Onu da deyim ki, bu sahədə beynəlxalq standartlar mövcuddur. Bildiyimiz kimi, böyük şəhərlərdə, meqapolislərdə yoluxucu xəstəliklərin sürətlə yayılmasında təhsil ocaqları ilə yanaşı sərnişin nəqliyyat vasitələrinin də rolu böyükdür. Bu baxımdan, avtobusların təmizliyi və təhlükəsizliyindən danışanda söhbət həm də avtobusların kimyəvi təmizliyindən və profilaktik olaraq dezinfeksiya işlərinin aparılmasından getməlidir. "BakuBus" olaraq biz bu sahəyə xüsusi önəm veririk və dezinfeksiya işlərini qəbul olunmuş standartlara uyğun şəkildə həyata keçiririk. Çünki sərnişin nəqliyyatında təhlükəsizlik və rahatlıqdan söhbət gedirsə, sərnişinlərin sağlamlığını, sağlam mühitdə daşınmasını unutmaq olmaz. Bu sərnişinlər təhlükəsizliyin tərkib hissəsidir".
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov avtobusun çirkli saxlanmasına görə 70 manatdan 100 manatadək cərimə nəzərdə tutulduğunu bildirdi: "Daşıyıcılar avtobusları təmiz saxlamalıdır. Nazirlər Kabinetinin 2009-cu ildə qəbul olunmuş avtomobil nəqliyyatı ilə sərnişindaşıma haqqında qanunu var. Orada daşıyıcıların, yəni avtobusların üzərinə düşən vəzifələrdən biri odur ki, avtobus sahibi avtobusu sanitar gigiyenik qaydalara uyğun bir vəziyyətdə saxlasın və sərnişinlərə bu cür təqdim etsin. Bunun da həyata keçirilməsi üçün təbii ki, avtobus hər gün təmizlənməli, dezinfeksiya edilməlidir. Çirklənmə olanda kimyəvi təmizlənmə həyata keçirilməlidir. Əgər avtobusda çirk ərp bağlayıbsa, onu xüsusi kimyəvi məhlullarla təmizləmək lazımdır. Hətta müəyyən hallarda avtobusun müəyyən hissələri xüsusi məhlullarla dezinfeksiya olunmalıdır. Müasir dövrdə çox maraqlı texnologiyalar var ki, bu təmizlik işini qısa müddətdə çox asanlıqla həyata keçirmək olar. Sadəcə olaraq, bunu icra etmək lazımdır. Elə iri şirkətlər var ki, onlarda bu texnologiya var və onlar öz avtobuslarını bu cür texnologiya ilə təmizləyə bilirlər. Amma xırda daşıyıcılar, fərdi avtobuslar, xüsusən də Bakı kəndlərinə işləyən avtobuslarda təmizlik səviyyəsi bərbaddır. Əgər nəqliyyat gigiyenik normalara uyğun olmadan sərnişinlərin istifadəsinə verilirsə, nəqliyyatın sahibi 70 manatdan 100 manatadək cərimə oluna bilər".