Sərnişin daşıyan avtobuslar YDM-ə girə bilərmi? - RİSKLİ SUAL...
Avtsofer.az xəbər verir ki, avtobuslarla bağlı şikayətlər səngimək bilmir. Kimisi sürətli sürən sürücülərdən, kimisi isə sürücülərin avtobusun içərisində sərnişinlər ola-ola yanacaqdoldurma məntəqəsinə sürməsindən şikayətlənir. Göründüyü kimi, hər iki hal sərnişinləri ölümə aparan bir yoldur. Avtobusların yanacaq sərfiyyatı elə tənzim olunmalıdır ki, sürücü iş başında yanacaqdoldurma məntəqəsinə girmək məcburiyyətində qalmasın.
Həmin zaman sürücü üçün texniki fasilə verilməlidir və o, ən yaxın olan məntəqəyə girib yanacaq doldurduqdan sonra öz fəaliyyətini davam etdirməlidir. Reallıqda isə gündəlik planı ödəmək üçün texniki fasilədən imtina edən sürücü dayanmadan xətdə işləməli olur. Yanacaqdoldurma məntəqəsində kiminsə siqaret alışdırması və ya hansısa sərnişinin alışqandan istifadə etməsi nəticəsində baş verə biləcək faciəni təxmin etmək elə də çətin deyil.
Maraqlıdır, bu cür sürücülər haqqında hər hansı cəza nəzərdə tutulurmu?
Hüquqşünas və yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bunun cinayət olduğunu dedi: “Sürücünün avtobusda sərnişin ola-ola yanacaqdoldurma məntəqəsinə girməsi, hətta orada siqaret çəkməsi doğrudan da vəhşilikdir. O insanın nəinki sürücülük etməyə, heç cəmiyyətdə yeri yoxdur. «Yol hərəkəti haqqında» Qanunun 56-cı maddəsi konkret olaraq sərnişin daşıyan avtobusun təyinatından, tutumundan asılı olmayaraq, yəni ola bilsin ki, bu mikroavtobusdur şəhərarası işləyir və yaxud da böyük avtobusdur, onların sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmağa haqqı yoxdur. Bu qəti şəkildə qadağandır. Avtobusun içərisində tək bir nəfər sərnişin belə olsa, həmin avtobus yanacaq doldurma məntəqəsinə daxil ola bilməz. Bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində 60 manat və 3 cərimə bal nəzərdə tutulur.
Dünyanın hər yerində, Azərbaycanda da belədir ki, bunu istehsal edənlər hər şeyi hesablayıblar. Yanacaq çəni dolu olsa, o avtobus 500 kilometr gedə bilir. Avtobuslar qarajdan çıxanda onun sahibi çənini doldurub çıxartmalıdır ki, bu adam yanacaqdoldurma məntəqəsinə girməsin. Əgər avtobus tutaq ki, Bakıdan İstanbula gedirsə, o zaman yanacaqdoldurma məntəqəsi yaxınlığında hansısa kafedə saxlayır, sərnişinləri düşürməlidir ki, çay içim yanacaq doldurub gəlirəm.
Burada iki ciddi təhlükə var. Yanacaq doldurma məntəqəsinin özü təhlükəli yerdir. Orada sərnişin səhv edərək siqaret yandıra və ya açıq-oddan alışqandan, kibritdən istifadə edə bilər. İkinci təhlükə isə odur ki, ola bilər ki, yanacaqdoldurma məntəqəsi tamamilə başqa səbəbdən, tutaq ki, oranın işçisinin və ya tamamilə kənar bir şəxsin səhvindən yanğın baş verə bilər. Yanğın baş verən zaman bir var ki, sürücü qaçıb canını qurtarsın, bir də var ki, avtobusun içində 40 nəfər adam olsun. Onları isə xilas etmək çətin olacaq. Ona görə də girmək olmaz”. //musavat.com