Sərnişinlər üçün mühim qərar

Yazarlar 20 Avqust 2014 07:18 Oxunub 2109
Sərnişinlər üçün mühim qərar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişindaşıma qaydalarına dəyişiklik edildi

Nazirlər Kabineti 15 avqust 2014-cü il tarixli, 281 saylı Qərarı ilə “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişiklik edib. Dəyişikliyin mahiyyəti 2009-cu ildə təsdiq edilmiş həmin Qaydaları 2011-ci ildə qəbul olunmuş «İcbari sığortalar haqqında» Qanuna uyğunlaşdırmaqdır. Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması ilə məşğul olan daşıyıcılar, yəni daşıyıcı şirkətlər və ya bu işlə məşğul olan fərdi sahibkarlar icbari sığortanın aşağıdakı üç növünü mütləq həyata keçirməlidirlər: 1) nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası; 2) sərnişinlərin fərdi qəza sığortası; 3) nəqliyyat vasitəsini idarə edən sürücünün və onun işçi heyətinin əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası. 

Xatırladırıq ki, icbari sığortanın birinci növü, yəni nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası bütün növ mexaniki nəqliyyat vasitələri kimi, istər şəhərdaxili, istərsə də şəhərlərarası və beynəlxalq sərnişin daşımaları ilə məşğul olan avtobuslara da aiddir. Sığortanın bu növü avtobusun müxtəlif kənar şəxslərə zərər vurduğu halda həmin zərərin sığorta şirkəti tərəfindən ödənilməli olmasını nəzərdə tutur. 

İcbari sığortanın ikinci növü, yəni sərnişinlərin fərdi qəza sığortası daşıma prosesində avtobusda olan sərnişinin həyat və sağlamlığına dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Bu növ sığorta yalnız şəhərlərarası və beynəlxalq sərnişin daşımalarını həyata keçirən avtobuslara aiddir. Başqa sözlə, şəhərdaxili avtobuslara aid deyil. 

İcbari sığortanın üçüncü növü, yəni nəqliyyat vasitəsini idarə edən sürücünün və onun işçi heyətinin əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası daşıyıcının əmək kontraktı üzrə işə götürdüyü sürücünün və avtobusun işçi heyətinin (ehtiyat sürücünün, konduktorun, əgər varsa, nəzarətçinin və s.) əmək fəaliyyəti zamanı əmək qabiliyyətini itirdiyi hallarda onlara dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsini nəzərdə tutur. Bu sığorta istər şəhərdaxili, istərsə də şəhərlərarası və beynəlxalq sərnişin daşımaları ilə məşğul olan daşıyıcılara aiddir.

Nazirlər Kabinetinin 15 avqustda etdiyi dəyişikliklərə əsasən, göstərilən icbari sığortaları etdirmək daşıyıcıların vəzifəsidir, yəni bu vəzifələr sürücülərin üzərinə qoyula bilməz. Lakin konkret avtobusu idarə edən sürücüdə digər sənədlərlə yanaşı, yuxarıda göstərilən icbari sığortalara dair şəhadətnamə də olmalıdır (şəhərdaxili daşımalarda istifadə olunan avtobusun sürücüsündə həmin sığortalardan ikisinə dair şəhadətnamə olmalıdır). Qaydaların mahiyyətinə əsasən müvafiq sığorta növlərini etdirməmiş daşıyıcının nəqliyyat vasitəsi sərnişin və baqaj daşımalarına buraxıla bilməz (başqa sözlə, belə nəqliyyat vasitəsinə lisenziya kartı verilə bilməz). Artıq daşımalara buraxılmış nəqliyyat vasitəsinin sürücüsündə müvafiq sığortalara dair şəhadətnamə olmadıqda isə, daşıyıcıya xəbərdarlıq edilə və ya belə nəqliyyat vasitəsi daşımalardan kənarlaşdırıla bilər. Həmin hallar mütəmadi xarakter daşıdıqda isə lisenziya şərtlərinin kobud pozulması sayılaraq lisenziyanın geri alınmasına gətirib çıxara bilər. 

Göstərilən dəyişikliklər tam həyata keçiriləcəyi təqdirdə sərnişinlər üçün faydalı ola bilər. Çünki daşıma prosesində sərnişinin sağlamlığına və ya həyatına zərər dəydikdə bunun əvəzini sığorta şirkəti ödəyəcək. Bu isə sərnişinlə daşıyıcı təşkilat arasında çəkişmələri istisna edəcək. Dəyişikliklər “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın mülki qanunvericiliyə uyğun olmayan bir müddəasını ləğv etmişdir. Həmin müddəada göstərilirdi ki, sərnişin daşımalarından irəli gələn tələblər üçün iddia müddəti 6 ay təşkil edir. Bu müddəanın ləğv edilməsi o deməkdir ki, sərnişin daşımaları ilə bağlı yaranan mübahisələrə mülki qanunvericiliyin iddia müddətləri ilə bağlı normaları tətbiq ediləcək.

 

Ərşad Hüseynov,

yol hərəkəti üzrə ekspert

ŞƏRH YAZ
Ad

E-mail

Şərh