Banner

Səs siqnallarından istifadə qaydalarını pozanlar - Onları hansı cəza gözləyir?

Yazarlar 11 Oktyabr 2023 15:47 Oxunub 912
Səs siqnallarından istifadə qaydalarını pozanlar - Onları hansı cəza gözləyir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt küçələrində ara-sıra səs gücləndiricilərdən istifadə edən sürücülərlə qarşılaşırıq. Yüksək səslə musiqilərə qulaq asan avtomobil sahiblərinin bu addımı isə vətəndaşları, xüsusən də ətrafda yaşayan sakinləri narahat edir.

Bununla bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, yüksək səslə musiqiyə qulaq asan sürücülərlə bağlı həqiqətən də narahatlıqlar var:

“Bu, bir mədəniyyət məsələsidir. Bəziləri deyir ki, gəncəm, cavanam, bundan həzz alıram. Amma başa düşmürlər ki, başqalarını narahat edirlər. Bu, düzgün yanaşma deyil. Ancaq qanunvericilikdə bunun da izahı var. İnzibati Xətalar Məcəlləsində sözügedən məsələ ilə bağlı konkret izahlar göstərilir. Ancaq bununla bağlı vətəndaşlar tərəfindən polisə konkret şikayətlər olmalıdır”.

Digər müsahibimiz vəkil Turan Abdullazadə məsələnin qanuni tərəfini izah edib. O, bildirib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, səs siqnallarından istifadə qaydalarını pozmağa görə, şəxslər otuz manat məbləğində cərimə edilir:

“Həmin Məcəlləyə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları quraşdırmaqla və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir”.

Müsahibimizin sözlərinə görə, bu qəbildən olan inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır: “Şikayəti olan vətəndaşlar həmin dövlət orqanına müraciət edə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh