Banner

Sığorta şirkətlərinin əksəriyyəti qanunsuzluqlara yol verir

Yazarlar 6 Mart 2015 23:38 Oxunub 1876
Sığorta şirkətlərinin əksəriyyəti qanunsuzluqlara yol verir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sığortalının icazəsiz olaraq yazılan səs və görüntüləri sığorta ödənişindən imtinaya əsas olaraq da qeyd edirlər

Azərbaycanda sığorta ilə bağlı yaranan mübahisələrdən biri də qəza zamanı sığorta şirkətlərinin apardığı  video çəkiliş, səs yazısı, eyni zamanda telefon danışıqlarının qeydə alınmasıdır. Sığorta şirkətlərinin qəza ilə bağlı video çəkiliş aparması prinsipcə qanunidir. Söhbət qəza zamanı sığortalının görüntülərinin, səs yazılarının qeydə alınmasından gedir. Fins.az-ın məlumatına görə, sığortalıların və ya qəzaya düşən sürücülərin icazə alınmadan yazılan belə görüntü və səs yazıları sonradan sübut kimi istifadə olunaraq sığorta ödənişlərinin imtinası üçün əsasa çevrilir.

 

Mübahisələrinin yarısında qanunsuz çəkiliş aparılır

 

Sığorta mübahisələri ilə məşğul olan ekspertlər bildirirlər ki, bəzi hallarda  video çəkiliş və səs yazısı ilə bağlı  sığortalıya xəbərdarlıq edilsə də, əksər hallarda çəkilişlər qanunsuz olaraq aparılır.  “Mitra” hüquq şirkətinin rəhbəri Muxtar  Şiriyev bildirib ki, belə sığorta mübahisələri çoxdur. Əksər sığorta şirkətləri qanunsuz video çəkiliş aparmaqla, sığortalının danışıqlarını səs yazını qeydə almaqla onların hüquqlarını pozurlar. Daha sonra sığortalının icazəsiz olaraq yazılan səs və görüntüləri sığorta ödənişindən imtinaya əsas olaraq da qeyd edirlər.

Onun sözlərinə görə, il ərzində müraciət edilən 15 sığorta mübahisəsindən 7-8-də sığorta şirkətlərinin belə qanunsuzluqlara yol verməsi müəyyən edilib: “Sığorta şirkətlərindən birində şəxsin icazəsi olmadan telefon danışıqları qeydə alınıb. Və buna əsasən sığorta ödənişindən imtina edilib”.

M.Şiriyev qeyd edib ki, hətta bəzi hallarda qanunsuz yazılan belə sübutlar məhkəməyə də təqdim edilir. Məhkəmə sübutların qanunsuz olaraq yazıldığını müəyyən etdikdə görüntü və səs yazılarının dəlil kimi istifadəsindən imtina edir.

 

Qanunsuz çəkilişə görə 2 il həbs düşür

 

Məsələni hüquqi tərəfdən  izah edən “LS Consulting” şirkətinin əməkdaşı Cavid Məhərrəmov isə bildirib ki, sığortalının icazəsi olmadan onun görüntülərinin və danışıqlarının yazılması qadağandır. Onun sözlərinə görə, ölkə konstitusiyasının 32.3 maddəsinə əsasən,  öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir: “Heç kəs başqasının xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz. Video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Lakin məhkəmə qərarı olduğu və digər hallarda, eyni zamanda şəxs icazə verdikdə görüntü və səs, o cümlədən telefon danışıqları yazıla bilər”.

C.Məhərrəmov belə sənədlərin yayılmasının,satılmasının və başqasına verilməsinin cinayət olduğunu deyir: “Cinayət məcəlləsinin 156-cı maddəsinə əsasən  şəxsi həyatın toxunulmazlığını pozanlar 100 manatdan 500 manatadək miqdarda cərimə və ya 240 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh