SOCAR benzinin qiymətini artırmaqla Prezidentin imzaladığı Dövlət Proqramına qarşı çıxır
Məncə, SOCAR birbaşa Prezident İlham Əliyev tərəfindən imzalanan Yol hərəkəti təhlükəsizliyinə dair (2019-2023-cü illər üzrə) Dövlət Proqramına qarşı çıxır. Diqqət eləmişəm, həmin proqram imzalanmazdan əvvəl Azərbaycanda benzinin qiyməti 2-3 ildən bir bahalaşardı. Həmin proqram imzalanandan sonra isə ildə 3-4 dəfə qiymət artır.
Dövlət Proqramında qeyd olunur ki, Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsi üçün stimullaşdırıcı addımlar atılsın. Burada söhbət ondan gedir ki, hibrid və elektromobillərin gətirilməsi üçün geniş imkanlar yaradılmalıdır. Eyni zamanda, söhbət ondan gedir ki, benzin və dizellə işləyən avtomobillərin daha yaxşısı gətirilsin. İndi baxın, Avro-5 standartına uyğun maşınlar son vaxtlar Azərbaycana daha çox gətirilir. Həmin avtomobillər isə 95 Premium benzinlə işləyir. Avro-6 standartına uyğun maşınlar da var, elə Avro 5-in bəzi modelləri də Aİ 98 benzinindən istifadə edir. Və hər iki benzinin qiyməti son illər tez-tez artırılır. Burada məqsəd nədir?
- İnsanları ancaq SOCAR-da istehsal olunan zay Aİ 92 benzini almağa məcbur etmək?
- Ölkəyə yeni avtomobil gətirilməsinin qarşısını alıb insanları köhnə maşınların ümidinə qoymaq?
- İnsanları köhnə maşınların ümidinə buraxmaqla qəzalarda ölüm sayını artırmaq?
- Ətraf mühitin daha çox çirklənməsinə nail olmaq?
- Köhnə avtomobillərin yığışdırılmasının qarşısını almaq və ya ləngitmək?
SOCAR bu xalqdan nə istəyir? Niyə Dövlət Proqramına qarşı çıxırlar?
Artıq bu məsələ barədə ciddi düşünmək lazımdır. Mikayıl Cabbarovun nəzarət etdiyi İnvestisiya Holdinqinin tabeliyində olan SOCAR ya özünü daha ağıllı sayır, ya da Holdinqin tabeliyinə keçməsinin acığını xalqda narazılıq yaratmaqda görür. Tez-tez qiymət artımı insanları birbaşa dövlətə qarşı qaldırmaqdan başqa bir şey deyil.
Elməddin Muradlı