Maşın bazarında alverçilər cibimizi belə soyur: Qiyməti onlar şişirdir
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Musavat.com-a avtomobil bazarındakı durumu şərh edib.
Ekspert bildirib ki, hazırda avtomobil bazarında qarışıq situasiya hökm sürür:
"İnsanlar daha ucuz avtomobil axtarırlar. 30 min manatadək olan avtomobillərə üstünlük verilir. Bunun da bəlli səbəbləri var. Xüsusilə "Aİ-92" markalı benzin işlədən maşınlardan söhbət gedir. Yanacağın qiymətinin bahalaşması insanları buna məcbur etdi. Premium benzinlə işləyən avtomobillərin qiymətində bahalaşma yoxdur. Əksinə, həmin avtomobillərə tələbat az olduğuna görə bəzi hallarda qiymətlərin daha ucuz təklif edildiyini də görə bilərik. Bu, real alqı-satqı prosesi zamanı mümkün olur. Digər tərəfdən, kiçik tutumlu, mühərrikinin həcmi az olan avtomobillərdən danışsaq, onlara tələbat həmişəki kimi var. Bu, xüsusilə "Toyota Prius"lardır. Hibrid avtomobillərin ölkəyə gətirilməsi alqışlanandır. Bu cür avtomobillərə marağın artması yaxşı haldır. Yaxşı haldır ki, digər modellərin də hibrid versiyaları Azərbaycana gətirilir. Bu, təkcə "Toyota Prius"lar deyil, başqa modellər də var. Gələcəkdə daha böyük güzəştlər tətbiq edilsə, biz hibrid avtomobillərin ən yaxşılarını, ən keyfiyyətlilərini ölkəmizdə görə biləcəyik. Tələbat kiçik tutumlu avtomobillərə olduğuna görə bu istiqamətdə təhlillər göstərir ki, qiymətlər təxminən 15% artıb. Bəzi modellərdə isə 30 faizə qədər artım var. Ümumi yanaşma vətəndaşların seçimi ilə bağlıdır.
Çox təəssüf ki, bazarda qiymət siyasətini alverçilər müəyyənləşdirir. Ona görə də qiymətin nə vaxt düşüb qalxacağını onlar həll edirlər. Maşın bazarında avqustun sonu, sentyabrın əvvəllərində artım baş verdi. Avropa istehsalı olan avtomobillərin qiyməti bir qədər bahadır. Ola bilsin gələcəkdə Çin istehsalı olan hibrid avtomobillər ölkəyə daha çox gətirilsin. Belə olan halda vətəndaşların alıcılıq qabiliyyəti daha yaxşı ola bilər. Bununla da yeni, keyfiyyətli avtomobillərə keçid dövrü başlayar. "Toyota Prius"ların 70 faizi qəzalı avtomobillərdir, ona görə tez-tez yol-nəqliyyat hadisələri baş verir. Avtomobillər üzdən göründüyü kimi bərbad vəziyyətdədir, texniki parametrləri ürəkaçan durumda deyil. Düşünürəm ki, bu istiqamətdə də müəyyən addımlar atılmalıdır. İl məsələsi ilə bağlı bir daha baxmalıyıq, görək həmin avtomobillərin ölkəyə gətirilməsilə bağlı nə kimi yeniliklər tətbiq etmək olar ki, başqa ölkələrin yararsız məhsulları Azərbaycana ayaq açmasın".