Banner

SOS! Bakını dəhşətli tıxaclar gözləyir

Yazarlar 13 Sentyabr 2014 00:40 Oxunub 4994
SOS! Bakını dəhşətli tıxaclar gözləyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin səhlənkarlığı, icra hakimiyyətinin pul hərisliyi ucbatından insanlar əziyyət çəkəcək

 

 

Dövlət Yol Polisi insanlara faydalı olan yol nişanlarını unudub; bütün parkinqlər pulla olmalıdırmı?

 

Son vaxtlar sürücüləri daha çox narahat edən məsələlərdən biri də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakıda pullu avtomobil dayanacaqlarının yaradılması və demək olar ki, hər tində bir parkomatın qoyulmasıdır. Bir neçə ay bundan əvvələ kimi dayanma-durmanın qadağan olunduğu, avtomobillərin həmin ərazilərdən evakuasiya edildiyi yerlərdə bu gün parkomat qoyulub və heç bir problem yoxmuş kimi, sürücülər pul ödəyib orada maşın park edə bilirlər. Adama deyərlər, o nə idi, bu nədir?

Əslində, bu, bir tərəfdən yaxşı haldır. Amma həmin parkomatlardakı qiymətlər heç də sürücülərin ürəyincə deyil. Çünki bu gün şəhərin mərkəzi küçələrində maşın saxlamaq üçün hər saata görə 1 manat ödəmək tələb olunur. Bu isə bugünkü reallıqlara uyğun deyil. Həm də, şəhərin elə yerləri var ki, orada yol polisinin ürəyi istəyəndə, kefinin yaxşı vaxtına düşəndə maşın saxlamaq olar, hərdən isə evakuasiya edirlər. Sanki bir müddət göz yumub sürücülərin həmin yerlərdə maşın saxlamasına imkan verirlər. Günün birində də evakuatorlar gəlib maşınları cərimə meydançasına daşıyır. Ən yaxşı halda isə DYP əməkdaşları gəlib həmin maşınlara 20 manat cərimə yazıb, protokolu da maşının üstünə yapışdırıb gedirlər.

Razıyam, qayda pozanlar cəzalandırılmalıdır. Amma nəzərə almaq lazımdır ki, yaşayış yerlərinin kütləvi şəkildə söküldüyü, hər addımbaşı tikinti aparıldığı, yolların darısqal olduğu bir şəhərdə insanlar avtomobili harada və necə saxlamalıdırlar? Bəzən yol polisi rəsmiləri açıqlamalar verərkən sürücüləri ittiham edərək bu cür cümlələr işlədirlər: «Hər bir vətəndaş avtomobil alarkən ilk növbədə onu harada saxlayacağını və parkinqlərə pul verməli olacağını da d&uuuml;şünməlidir».

Cənablar, bu, olduqca yanlış fikirdir. Biz 21-ci əsrdə yaşayırıq, dünya ölkələri kütləvi şəkildə avtomobilləşməyə doğru gedir. O cümlədən, Azərbaycan da bu prosesdən kənarda qalmır. Avtoparkları, maşınları harada və necə saxlamağı sürücülər, vətəndaşlar yox, dövlət düşünməlidir. Dövlət deyərkən, Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti bütün bunları nəzərə almalıdır. Bu gün 10 avtomobil tutumuna malik hansısa səkinin kənarına parkomat qoyub «dayanacaq yaratmışıq» deməklə yaxanızı kənara çəkməyin və işi bitmiş saymayın. Hələ sizin görəcəyiniz çoxlu işlər var. Məsələn, şəxsən mənimçün maraqladır ki, yeni yaradılan avtomobil parkları, duracaqlar nə üçün hamısı pulludur? Ümumiyyətlə, bu parkomatların təyinatı, istifadə qaydaları, orada təyin olunmuş vaxtdan artıq dayanan avtomobillərin cərimə meydançasına aparılması hansı qanunda və necə tənzimlənir? Əlbəttə, heç bir qanunda. Sadəcə olaraq, Bakı şəhər İcra Hakimiyyətinin başçısı bir sərəncam verib və buna uyğun iş görürlər.

Bu prosesin haradan və necə qaynaqlanması da maraqlı məsələdir. Sadəcə olaraq, deyilən sözü, verilən tapşırığı deyəsən, tərs başa düşüblər. İlin əvvəlində ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclasında belə bir fikir səsləndirdi ki, Bakıda sürücülərin rahatlığı təmin olunmalı və yeraltı və yerüstü dayanacaqlar yaradılmalıdır. Ardınca isə cənab Prezident bəyan etdi ki, bəzi şəxslər yol kənarlarında dayanıb özbaşına dayanacaq yaradırlar və sürücülərdən pul alırlar. Bu pulların hara və kimlərin cibinə getdiyi isə məlum deyil.

Əlbəttə, bu çox yaxşı haldır ki, ölkə başçısı sürücülərin narahatlığını nəzərə alıb bu cür göstərişlər verdi. Lakin aidiyyatı qurumlar, eləcə də Bakı şəhər İcra Hakimiyyəti Prezidentin fikirlərinin birinci hissəsini – yəni, yeni dayanacaqların yaradılması məsələsini kənara qoyub, kasıb-kusub dayanacaq nəzarətçilərinin çörəyini kəsdi. İndi həmin dayanacaq nəzarətçilərinin yerində BŞİH-in əməkdaşları dayanır. Fərq nədir? Fərq odur ki, əvvəlki nəzarətçilərin geyimi fərqli idi, bu nəzarətçilər isə vahid geyim formasındadır. Ən mühim fərq isə pulların parkomata yığılmasıdır. Başqa heç nə dəyişməyib. Bəs yeni dayanacaqlar hanı?

Maraqlıdır, necə olur ki, Bakı şəhər İcra Hakimiyyəti Prezidentin «yeni dayanacaqlar yaradılsın» fikrini eşitmədi, amma pul söhbətini dərhal eşitdi və qısa müddətdə parkomatları tətbiq etməyə başladı?

Bu məsələdə yol polisinin yaxasını kənara çəkməsi qəribə görünür. Bir halda ki, yollarda hərəkətin təşkilinə və təhlükəsizliyinə yol polisi nəzarət edir, o zaman bütün bu məsələlər DYP ilə mütləq razılaşdırılmalıdır. Və nəzərə alınmalıdır ki, hamını öz arşını ilə ölçmək olmaz. Hamının imkanı yoxdur ki, imkanlı şəxslərin övladları kimi, yeyib-içib əylənəndən sonra dayanacaqlarda nəzarətçiyə bir gecədə 100 dollar versin. Bu gün vəziyyət o yerə çatıb ki, ayda 300-400 manat maaş alan adam iş yerinin qarşısında maşın saxlamaq üçün qanunla 8 saat işləyirsə, 8 manat dayanacaqpulu ödəməlidir. Çünki son vaxtlar Bakıda apardığımız müşahidələrdən məlum olur ki, artıq bəzi yerlərdə insanların evinin qarşısına da parkomat qoyub dayanacaqpulu tələb edirlər. Belə yerlərdə başqa məqamlara diqqət etmək lazımdır. Bunu isə müvafiq yol nişanları ilə təşkil etmək mümkündür. Avtosfer.az saytı «Yol hərəkəti haqqında» qanunda əksini tapan bu yol nişanlarını məqsədli şəkildə təqdim edir. Məqsəd budur ki, Bakı şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, DYP və onun «Siqnal» idarəsi bu nişanlara baxıb onların tətbiqi barəsində düşünsün. Hər yerə «Ödənişli dayanacaq» işarəsi vurmaqdansa, qanunda əksini tapan bu nişanları da tətbiq etməyi bacarmaq lazımdır. Bu nişanlar sürücülərə həftənin hansı günləri, günün hansı saatlarında avtomobili park etməyə icazə verən nişanlardır. Eyni zamanda, bu nişanların arasında avtomobili necə park etmək qaydası, nə qədər müddətə park etməyin mümkünlüyü də əksini tapır. Bəs nə üçün bu nişanlar tətbiq olunmur? Məsələn, Neftçilər prospekti boyunca axşam saat 20-21:00-dan sonra səkiyə paralel şəkildə maşın saxlamaq heç bir problem yaratmır. Olmazmı ki, orada bu nişanlar tətbiq olunsun və Milli Parka gələnlər də rahat şəkildə istirahət edə bilsinlər? Vacibdirmi ki, «Dağla plaza»nın yaratdığı dayanacağı 1 manat, «Azadlıq» meydanının altındakı yeraltı dayanacağa hər saatı 1 manat verilsin? Əgər söhbət sürücülərin rahatlığından, yol hərəkətində nizam-intizamdan, təhlükəsizlikdən, bir sözlə, insan amilindən gedirsə, yəqin ki, bu nişanların Bakının küçə və prospektlərində tətbiq olunmasına heç bir problem olmazdı. Kiminsə evinin, iş yerinin qarşısına parkomat qoyub zorla pul almaq, narazı salmaq, incitmək yəqin ki, dövlətimizə lazım deyil. Odur ki, əgər DYP və BŞİH insan amilini düşünürsə, insanların rahatlığını və təhlükəsizliyini nəzərə alırsa, bu cür yol nişanları tətbiq etməklə daha faydalı iş görə bilər. Yox əgər insan amili puldan geridədirsə, o zaman deməyə söz qalmır.

Maraqlı olsun deyə, Bakıda tətbiq olunan bu nişanlardan birinin fotosunu təqdim edirik. Fotonu metronun «Nizami» stanisyasının qarşısında çəkmişəm. Bunu görüncə çox sevindim. Və doğrudan da maraq yaratdı. Hər halda, bu nişanlar başqa küçələrdə də tətbiq olunsa, faydalı olardı. Axı necə ola bilər ki, bir insan səhər işə gəlsin, parkinq pulu verməlidir, işdən çıxıb nahara getsin, parkinq pulu verməlidir, yenidən işə qayıtsın, pul verməlidir, işdən çıxıb haradasa gəzməyə, dost-tanışla görüşüb istirahət etməyə getsin, yenə pul verməlidir. Cənablar, sizcə, bu, normaldır? Siz bütün insanların, maşın sürən hər kəsin bu imkana malik olduğunu düşünürsünüz? İnanın ki, elə deyil. Bu maşınların yarıdan çoxu kredit hesabına alınanlardır. Və siz də elə düşünməyin ki, kimin maşını varsa, pulu da var. 

Mənə maraqlıdır ki, nədən DYP və BŞİH-də oturanlar bu fikirdədir ki, kimin maşını varsa, pul verməlidir? Bu maşınların necə, hansı zəhmət və çətinliklə alındığını düşünmək çətindir? İşə gəlib-getmək üçün məcbur olub maşın alan adam mütləq hər gün 4-5 manat dayanacaqpulu verməlidir? Üstəlik, bu dayanacaqlarda avtomobillərin təhlükəsizliyinə əksər hallarda zəmanət də yoxdur. Elədirsə, zəhmət çəkib dövlət başçısının dediyi bu sözləri unutmayın: «Sürücülərin rahatlığı təmin olunmalıdır. Yeni yerüstü dayanacaqlar salınmalıdır. Bizim sürücülərimiz yaxşı maşınlar sürməli, rahat yerlərdə maşın saxlaya bilməlidirlər».

Hörmətli DYP və BŞİH rəhbərliyi. Nəzərə alın ki, sizin bu hərəkətləriniz sürücülərin rahatlığından çox, narahatlığına səbəb olur. İnanmırsınızsa, çıxıb şəhərdə qısa sorğu keçirin və vəziyyətlə yaxından tanış olun. Vaxtınız yoxdursa, biz Avtosfer.az saytı olaraq bu sorğunu keçirib sizə təqdim edə bilərik.

Xüsusi olaraq bir məqama da diqqət çəkmək istərdim. Bu gün Bakıda yaradılan parkinqlərin və quraşdırılan parkomatların sayı çoxdur. Nəzərə almaq lazımdır ki, bu parkinqlər və parkomatlar işə salınarkən məktəblər tətildə idilər. Yəni, şəhərin sıxlığı, nəqliyyat axını nəzərə alınmadan harada gəldi parkinq və parkomatlar yaradıldı. Vaxtilə DYP-nin hər dəqiqəbaşıqa avtomobil evakuasiya edərək yolda hərəkətin intensivliyini təmin etdiyi küçə və prospektlərdə bu gün Bakı şəhər İcra Hakimiyyəti parkomatlar quraşdırıb və maşınlar orada dayanır. Gəlin, sentyabrın 15-ni gözləyək. Yeni dərs ili başlayan gün BŞİH-in bu əməlinin nəticəsini görəcəyik. Hələ ki, gec deyil. Vəziyyəti qaydasına salmaq lazımdır. Dərslər başlayan kimi şəhərdə tıxac əlindən tərpənmək mümkün olmayacaq. Sonra, «demədi» deməyi…

 

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh