Banner

SOS: etibarnamə ilə əldə etdiyiniz avtomobil sizin deyil

Yazarlar 16 May 2014 19:28 Oxunub 15766
SOS: etibarnamə ilə əldə etdiyiniz avtomobil sizin deyil
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etibarnamə ilə maşın alanlar onları gözləyən təhlükədən xəbərdar olsunlar!

Avtomobil əldə edərkən çoxumuz lazımi proseduru keçərək avtomobili öz adımıza keçirmək əvəzinə, etibarnaməyə üstünlük veririk. Düzdür, xalq arasında «baş etibarnamə» («generalnaya doverennost») adlanan bu sənəd avtomobili əldə edən şəxsə onu sonradan öz yaxınlarından kiminsə adına keçirməyə də imkan verir. Amma bu sənəd heç bir halda mülkiyyət hüququnun avtomobili əldə edənə keçməsini təsdiq etmir. Hətta bunu alqı-satqı sayaraq, əldə etdiyi avtomobili rahatca sürən adamlar ciddi problemlərlə də üzləşə bilərlər. Məsələn, elə bu gün Quba rayonundan Avtosfer.az saytına müraciət edən sürücünün başına gələn hadisəni diqqətinizə çatdırırıq. Rasim adlı gənc bildirir ki, ötən il «VAZ-2107» markalı nəqliyyat vasitəsi alıb. Maşın Bakıda banklardan birində kreditdə olub. Ona bildiriblər ki, maşın kreditdə olduğu üçün Bakı qeydiyyatı olan şəxsin adına verilə bilər. Rasim də tanımadığı bir adamın adına maşını sənədləşdirib və alıb. Banka ödənilmiş 6 aylıq kreditin ümumi məbləğini maşını aldığı şəxsə ödəyərək, əlavə, 6 min dollar pul da verib. Amma bir həftə bundan əvvəl həmin avtomobil kimin adına qeydiyyatda olubsa, həmin şəxs Rasimə verdiyi mülki etibarnaməni və sürmək üçün etibarnaməni məhkəmədə ləğv etdirib. Həmin şəxsin şikayəti əsasında rayon yol polisi şöbəsinin əməkdaşları avtomobili Rasimdən alaraq cərimə meydançasına aparıblar. Bu gün isə Rasimin Avtosfer.az saytına verdiyi məlumata görə, həmin şəxs avtomobili Qubadan Bakıya aparıb.

Əlbəttə, bu halda Rasimin əlində heç bir tutarlı hüquqi sənəd olmadığı üçün avtomobilin ona məxsus olduğunu sübut etməkdə bir çox çətinliklərlə üzləşəcək. Amma bu cür halla üzləşən təkcə Rasimdirmi? Rasim kimi onlarla, bəlkə də, yüzlərlə insan var. Bəs bunun səbəbi nədir? Hüquqlarınızı öyrənmək üçün bu yazını mütləq oxumaq lazımdır və unutmaq lazım deyil ki, avtomobil alarkən çalışıb öz adınıza və ya ailə üzvlərinizdən kiminsə adına qeydiyyata saldırın. Əks halda, Rasimin düşdüyü vəziyyətə düşə bilərsiniz. Problemlər isə aşağıdakılar ola bilər:

1. Avtomobilə etibarnaməni notariat orqanları verir. Notariat orqanlarının dövlət yol polisinin məlumat bazasına çıxışı olmadığına görə etibarnaməni verərkən həmin avtomobil haqqında heç bir məlumat yoxlanılmır. Nəticədə etibarnamə ilə əldə etdiyiniz avtomobil üzərində həbs olarsa və ya onun sahibinin bu avtomobillə bağlı hər hansı əmlak mübahisəsi olarsa, yaxud sadəcə bu şəxsin həmin avtomobillə törətdiyi qayda pozuntularına görə ödənilməmiş cərimələri olarsa, sizin xəbəriniz olmayacaqdır. Amma həmin problem gec-tez sizin üçün baş ağrıları yaradacaqdır. Məsələn, yolda hərəkət vaxtı qəflətən DYP sizi dayandıracaq və deyəcək ki, avtomobildən düşün, çünki avtomobil üzərində həbs olduğuna görə mühafizə olunan duracağa aparılmalıdır. 

2. 2012-ci ildə Mülki Məcəlləyə edilmiş dəyişiklikdən sonra sərəncam hüququnu ehtiva edən etibarnamə («baş etibarnamə») yalnız bir il müddətinə verilir. Həmin müddət bitənədək ya avtomobili yaxınlarınızdan kiminsə adına keçirməlisiniz, ya da avtomobilin əsl sahibini taparaq təkrarən etibarnamə almalısınız. Bunlardan heç birini etməsəniz, DYP əməkdaşı müddətin bitməsindən sonra istənilən vaxt sizi saxlayarkən avtomobilinizi mühafizə olunan duracağa aparacaq, özünüzü isə 40 manat cərimə edəcəkdir. Özü də bu halda avtomobilin həqiqi sahibini tapanadək həmin avtomobil mühafizə olunan duracaqda qalacaq. 

Ümumiyyətlə, etibarnamənin müddəti bitdikdən sonra çox ciddi problem yarana bilər. Belə ki, bu halda nəqliyyat vasitəsinin əsl sahibini taparaq yeni etibarnamə əldə edənədək və ya onun iştirakı ilə avtomobili rəsmən öz adınıza keçirənədək həmin avtomobili idarə etmək qanunsuzdur və bunun aşkar olunduğu istənilən halda avtomobil alınaraq cərimə meydançasına qoyulacaqdır. Bəzən isə avtomobilin həqiqi sahibini axtarıb tapmaq çox qəliz olur, hətta ola bilər ki, etibarnaməni verən adam dünyasını dəyişmiş olsun. Belə hallarda avtomobili öz adına keçirmək üçün çox üzücü, uğurla bitmək şansı cüzi olan məhkəmə prosedurunu keçmək lazım gələ bilər. Sahib öldükdə isə təxminən 7-8 ay gözləmək lazımdır ki, bu məsələ vərəsəlik qaydasında qanunauyğun həll edilsin. 

3. Etibarnamə birtərəfli iradə ifadəsidir. Buna görə də sizə etibarnamə verən adam çox asanlıqla notariusa müraciət edərək həmin etibarnaməni ləğv etdirə bilər. Hətta DYP-yə müraciət edə bilər ki, mənim avtomobilimi qanunsuz saxlayan adamdan alın və özümə qaytarın. Belə halda yolda hərəkətdə olarkən DYP sizi saxlayaraq deyəcək ki, avtomobildən düşün, bu, sizin deyil. Bundan sonra gərək aylarla davam edən məhkəmə çəkişməsinə gedəsiniz ki, avtomobili həqiqətən pul ödəyərək əldə etdiyinizi təsdiqlədə biləsiniz. Özü də belə məhkəmə çəkişməsində faktiki alqı-satqını təsdiqlətmək şansınız sıfıra yaxındır. Sadəcə olaraq pul ödədiyinizi təsdiqləyən ciddi sübutlar olduqda həmin pulları geri qaytartmaq mümkündür. Bu isə hər bir halda yenə də aylarla davam edən proses olacaqdır. 

4. Avtomobilin etibarnamə ilə verilməsi onun sahibinin mülkiyyət hüququnu itirməsinə səbəb olmur. Buna görə də həmin adamın məruz qaldığı bir sıra problemlər birbaşa olaraq sizin əldə etdiyiniz avtomobilə təsir edə bilər. Məsələn, bu adam qəflətən boşanmaq istəsə, onun həyat yoldaşı əmlak bölgüsü tələb edərək sizə verilmiş avtomobildəki payını tələb edəcəkdir. Nəticədə yenə də həmin avtomobilə həbs qoyulacaq və hətta bəzən sizin onu faktiki olaraq pulla almış olduğunuzu sübut etməyiniz zərurəti yaranacaq. Bu da aylarla çəkən proses ola bilər və hətta bu avtomobilin əlinizdən çıxması ilə nəticələnə bilər. Digər bir problem müxtəlif xarakterli xırda borcların da yaranmasından doğa bilər. Məsələn, sürdüyünüz avtomobilin həqiqi sahibi mobil operatorlardan hər hansı birinə borclu olur. Mobil operatorun iddiasına əsasən onun əmlakına, o cümlədən sizin idarə etdiyiniz avtomobilə həbs qoyulur. Yenə də baş ağrısı, aylarla çəkə bilən çəkişmələr və s. 

Bir az düşünsək, qeyd olunanlara başqa problemlər də əlavə etmək olar. Bütün bunlar onu təsdiqləyir ki, etibarnamə ilə avtomobil əldə etmək çox riskli bir şeydir. Sadəcə olaraq onu yadda saxlayın ki, qanunun birbaşa mənasına əsasən, etibarnamə ilə əldə etdiyiniz avtomobil sizin deyil. Odur ki, çalışın avtomobili əldə edərkən birbaşa öz adınıza rəsmiləşdirin, etibarnamə ilə əldə etdikdə isə qısa müddətdə öz adınıza keçirdin. 

Düzdür, hazırda avtomobillərin öz adına rəsmiləşdirilməsi ilə bağlı ciddi problemlər var. Amma bir qədər əhatəli fikirləşdikdə, habelə gələcək riskləri nəzərə aldıqda bu problemlərə baxmayaraq, avtomobili öz adına keçirmək lazımdır. 

 

Ərşad Hüseynov,

hüquqşqnas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh