Banner

Sovet dövründə 100 nəfərin öldüyü qəza niyə gizlədildi? - SİYASİ OYUN - VİDEO

Yazarlar 24 Yanvar 2023 18:17 Oxunub 4944
Sovet dövründə 100 nəfərin öldüyü qəza niyə gizlədildi? - SİYASİ OYUN - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hörmətli oxucuya bu xəbər qəribə gəl bilər. Amma təəssüf ki reallıqdır və reallığın arxasında çirkin siyasi səbəblər dayanır.

Avtosfer.az Azərbaycanda baş vermiş ən ağır dəmir yolu qəzasının bəzi gizlinlərini gün işğına çıxarıb. Bir qədər geriyə, Azərbaycan SSR dövrünə qayıdaq.

Təqvimlər 29 noyabr 1987-ci ili göstərirdi.   

SSRİ-nin bir parçası olan Azərbaycan artıq yenidənqurma və aşkarlıq dövrünə qədəm qoymuşdu. Doğrudur, erməni terrorçuların Tbilisi-Bakı avtobusunu partlatmasına hələ 2 il vardı. Lakin Qafqazda narazılıqlar gözlə görüləcək həddə idi. Belə bir vaxtda Sovet İttifaqında insan faktorundan qaynaqlanan dəmiryolu qəzası baş verdi. Lakin ölkə qəzanın real nəticələrindən illər sonra xəbər tutdu. Səbəb məlumdur. Məsələ mətbuatda çox işıqlandırılmadı.

Lakin arxivlərdə çox şey gizlənir. Avtosfer.az sovet arxivlərində Böyük Kəsik stansiyasında baş vermiş qəza barədə məlumatlar tapıb.

Beləliklə, soyuq bir noyabr gecəsi, saat 03.35.

10 sərnişin vaqonu qoşulmuş Tbilisi-Bakı poçt qatarı Böyük Kəsik stansiyasında işıqforun qırmızı işığında dayanır. Qısa müddət sonra maşinist aşağı sürətlə hərəkət edərək qarşıdakı yük qatarının 80 metrliyində durur.

Bu qatarın arxasınca Gürcüstanın Qardabani stansiyasından gələn Tbilisi-Bakı yük qatarının heyəti (maşinist Cioyev, köməkçi Bluaşvili) yuxulu olduğundan işıqfora və əqrəblərin vəziyyətinə məhəl qoymur. Svetoforu keçəndən sonra qatarın sürəti 50 km/saat idi. Halbuki stansiyaya bu sürətlə daxil olmaq ciddi qayda pozuntusudur. Hətta qəza tormozu belə, qatarı 500 metrdən tez dayandıra bilməyəcəkdi.

Qatar qırmızı, sonra isə sarı işıqda keçərək yolda gözləyən sərnişin vaqonlarına çırpılır.

Qəza nəticəsində yüzdən çox gənc həyatını itirdi. Onlar SSRİ-nin hərbi hissələrinə paylanmaq üçün Biləcəri çağırış məntəqəsinə gətirilirdi.

Beləliklə, maşinistlərin yatması Azərbaycan torpağında 100 gürcü gəncin həyatına son qoydu.

Bura qədəri, məlum. İndi keçən məsələnin siyasi tərəfinə. 30 noyabr 1987-ci ildə, hadisənin üzərindən 1 sutkadan çox keçdikdən sonra SSRİ Mərkəzi televiziyasının “Vremya” xəbərlər buraxılışında (Bakı vaxtı ilə saat 10.00-da efirə gedirdi) hadisə barədə qısa məlumat verilir. Xəbər çox bəsit şəkildə, heç bir video olmadan dikton mətni formasında, həm də xarici xəbərlərdən sonra təqdim olunur. Xəbər buraxılışının“Youtube”dakı videosunda 26.06-cı dəqiqədən 27.16-cı dəqiqəsinədək diktor belə bir mətn oxuyur:

“29 noyabrda gecə Zaqafqaziya dəmir yolunda yük qatarı poçt-sərnişin qatarının arxa vaqonlarına çırpılıb. İnsan tələfatı var. Sov.İKP MK Mərkəzi Komitəsi, SSRİ Ali Sovetinin rəyasət heyəti və SSRİ Nazirlər Soveti həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Hadisənin araşdırılması üçün Gürcüstan SSR Nazirlər Sovetinin müavinin rəhbərliyi altında komissiyya təşkil edilmişdir. Qəzanın nəticələri aradan qaldırılır.

TASS-ın əməkdaşının verdiyi xəbərə görə, qəza Zaqafqaziya dəmir yollarının Qardabani və Böyük Kəsik stansiyaları arasında baş verib. Yük qatarı yolda dayanmış Tbilisi-Bakı poçt-sərnişin qatarının arxa vaqonlarına çırpılıb. Təmir briqadaları yolu 11 saat sonra hərəkət üçün açıb. Hadisə yerinə respublika rəhbərliyi və SSRİ Dəmir Yolları Nazirliyinin məsul şəxsləri gəlib”.

Kimsə iddia edə bilər ki, o dövrdə televiziyanın imkanları məhdud idi və s. Düzdür, müasir imkanlar olmasa da, 1987-ci ildə hadisə yerindən gec də olsa çəkiliş edib efirə vermək mümkün idi. Verilişdə həmin gün Rusiyanın ucaqrlarında baş verən hadisələrdən ətraflı danışılır. Sadəcə olaraq, Sovet televiziyasının bu münasibətinin arxasında siyasi sifariş və qərəz dayanır. O dövrün hadisələrinə nəzər salsaq səbəb məlum olar.

Sov. İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verib. Bundan sonra Azərbaycan Moskvadakı yeganə (lakin çox güclü) dayağını itirdi.

H.Əliyev və ailəsinə qarşı təzyiqlər özünü Azərbaycan SSR-ə münasibətdə də göstərdi. Təsəvvür edin, qəza Azərbaycan ərazisində olur, lakin təhqiqat Gürcüstana həvalə edilir. Qəza Böyük Kəsik stansiyasında olsa da, hadisənin stansiyada yox, 2 stansiya arası mənzildə olması təsəvvürü yaradılır. Azərbaycanın adı ümumiyyətlə çəkilmir. “Hadisə yerinə respublika rəhbərliyi ... gəlib” cümləsini eşidənlər şübhəsiz ki televiziyanın Gürcüstan SSR-i nəzərdə tutduğunu düşünəcəkdilər.  

Təkcə bu fakt özü sübut edir ki, Sovet İttifaqının Azərbaycana istədiyi kimi davranmasına ən böyük maneə məhz H.Əliyev amili idi. Bu amil də qəzadan cəmi 1 ay əvvəl aradan qaldırılmışdı.  

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh