Maşına stiker yapışdıran sürücülərin NƏZƏRİNƏ - Nəqliyyat eksperti AÇIQLADI
Dövlət Yol Polisi bildirib ki, Bakıda maşınların arxasına, önünə yazılan mənasız və diqqət yayındıran yazılara görə tədbirlər görüləcək.
Bu barədə tribunainfo.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bu mövzu ilə bağlı sürücülərə dəfələrlə xəbərdarlıq edilib.
“Dövlət Yol Polisinin bu barədə tədbirlər görməyi çox düzgün atılmış addım olacaq. Çünki artıq, get-gedə şitini çıxarırlar və bu da xoş qarşılanmır. Nəlayiq ifadələr, təhqiramiz fikirlər, gah oğru dünyasını reklam, təbliğ edirlər, gah intizamsızlığa səsləyən hərəkətlərə yol verirlər. Bu düzgün deyil. Hesab edirəm ki, bununla bağlı Yol Polisinin atdığı addımlar hələ yumuşaq addımlardır. Sürücülərə normal qaydada, Azərbaycan dilində müraciət olundu ki, belə şeyləri yığışdırın. Bir ara aradan qaldırırlar, sonra hansısa bir məsuliyyətsiz adam təzədən eyni şeyi təkrarlayır. Bu hərəkətlər bir növ, açıq şəkildə demək lazımdır ki, intisamsızlıqdır. Qarşısını almaq üçün müvafiq tədbirlər görülür. Dəfələrlər də müraciət olunub ki, bu sözlər diqqəti yayındırır, xoş olmayan mənzərə yaradır. Maşını normal, təmiz saxlamaq lazımdır. O şüarları da məsləhət bilirlərsə, öz yaxınlarının ətrafında desinlər. Camaat onların yazdığı boş şeyləri oxumaq məcburiyyətində deyil. Edilən müraciətlərə də mütləq baxılmalıdır, dərhal reaksiya verilməlidir”.