Sükan arxasında bu hərəkətlər qəzalara səbəb olur - Ekspertlər danışır

Yazarlar 4 Aprel 2018 20:36 Oxunub 1499
Sükan arxasında bu hərəkətlər qəzalara səbəb olur - Ekspertlər danışır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlqar Hüseynli: “Sürücü və sərnişin arasında salondakı dialoq məkana və magistralın xüsusiyyətlərinə görə dəyişir”

Elməddin Muradlı: “Yol polisi təşəbbüslər göstərməli, təkliflər verməli, mətbuatla daim ünsiyyət qurmalıdır”

 

Amerika alimləri telefon söhbətlərinin avtomobil sürücülərinə mənfi təsirini müəyyən ediblər. Buraya, həmçinin yüksək səsdən istifadə etmə, sükan arxasında sms-yazışmaya bərabər tutulan dərəcədə sərnişinlərlə ünsiyyət qurmaq daxildir. Tədqiqatların nəticələri “The Deccan Chronicle” nəşrində dərc olunub. Alimlər 1991-2015-ci illərdə 14-84 yaşlı 4832 sürücülər arasında aparılan tədqiqatlar barəsində 93 elmi hesabatı müqayisə ediblər. Qiymətləndirmə yol-nəqliyyat hadisələrinə, avtomobilin sürətinə, onun hərəkət zolağında vəziyyətinə və müşahidə dinamikasına yekun reaksiyanın yoxlanması əsasında həyata keçirilib. Nəticədə məlum olub ki, yüksək səs də daxil olmaqla, mobil rabitədən istifadə edən sürücülərin fikirlərini cəmləşdirməsi aşağı səviyyədədir. Analoji nəticələr sərnişinlərlə söhbətə üstünlük verən sürücülərlə də müşahidə edilib. Yekun nəticələr əsasında mütəxəssislərin tövsiyəsi nəqliyyat vasitəsini idarə edərkən fikri yayındıran hər hansı detalları istisna etməkdən ibarətdir. 

Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, sükan arxasında söhbət birmənalı şəkildə qəzaların baş verməsinə gətirib çıxarır: “Mobil telefondan istifadə zamanı çoxsaylı qəzaların şahidi olmuşuq. Qəzaların baş verməsi an məsələsidir. İşıqforun qırmızı və yaşıl işığın yanıb-sönmə müddəti saniyələrlə - 17, 20, 30, 40, 50 və s. qoyulur. Sürücü bir neçə saniyəni telefonunu götürməyə, yaxud hansısa bir nömrəni təcili olaraq yığıb zəng etməyə sərf edərsə, o an qəzaların baş vermə ehtimalı artır. Digər tərəfdən insanlar sükan arxasında olarkən gələn zəngi qəbul etmək üçün telefonu aralı məsafədən götürmək istəyəndə də qəza vəziyyəti yarana bilər. Amerikan alimlərinin psixoloji olaraq hesablamalarına bir o qədər gərək olmadan belə, biz bunu deyə bilərik. Doğrudan da sükan arxasında telefondan istifadəyə qoyulan qadağalar və cərimələrin tətbiqi doğru hesablanmış və nəticə etibarilə müəyyən mənada qəzaların qarşısını almağa xidmət edən qərarlar idi”. 

İ.Hüseynli qeyd etdi ki, sərnişinlərin sürücü ilə danışması, onun diqqətini yayındırması da təhlükəlidir. Əgər şəhərlər və ölkələrarası iri magistral yollarda, nəqliyyatın sıx olmadığı hərəkət zolağında sərnişinlə sürücü arasında mövzu dialoqu baş verirsə, bu o qədər də təhlükə yaratmır və qəzalara yol açmır. Əksinə, uzun bir məsafədə sürücüyə yolu qət etməkdə yardım etmiş olur. Amma əgər salonda bir yox, bir neçə sərnişin əyləşibsə və arxa salonda oturan şəxsin nəqliyyatın sıx olduğu zamanda sürücü ilə təmasda olması artıq burda sürücünün fikrini yayındırmağa yönəlir və qəzaların baş verməsinə səbəb olur. Sürücü və sərnişin arasında salondakı dialoq məkana və magistralın xüsusiyyətlərinə görə dəyişir ”. 

İ.Hüseynli sonda onu da əlavə etdi ki, bu cür hadisələrin qarşısını almaq üçün vətəndaşları, sürücüləri maarifləndirmək lazımdır: “Bunu televiziya proqramları, kiçik videoroliklər və sosial şəbəkələrdə maarifləndirmə işləri vasitəsilə həyata keçirmək olar. Və sözsüz ki, qaydanın pozulduğu halda cəzaların və cərimələrin tətbiqi də bu işdə mühüm rol oynayan amillərdən biridir”.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə bildirdi ki, əvvəllər “Yol hərəkəti haqqında” qanunda bu məsələ tənzimlənirdi, İnzibati Xətalar Məcəlləsində buna görə cərimə də nəzərdə tutulurdu: “Amma ötən il qanuna dəyişiklik edildi və “Sükan arxasında diqqəti yayındıran hərəkətlər, söhbətlər” maddəsi qanundan çıxarıldı. Ümumiyyətlə, o maddə heç bizdə tətbiq də olunmurdu. Sadəcə olaraq bir maddə kimi qalmışdı. Görünür, qanunvericilik işləri ilə məşğul olanlar psixoloji cəhətləri və elmi araşdırmaları nəzərə almadılar. Sadəcə qanunda gülməli bir maddə kimi göründü deyə çıxardılar. Doğrudan da sükan arxasında söhbət etmək və söhbətə qoşulmaq yol-nəqliyyat hadisələrinə səbəb olan bir amildir. Xüsusən də, avtomobildə başqa şəxslərlə söhbət, yaxud mübahisə edən zaman sürücünün onlara iki saniyə vaxt ayırması yol-qəza hadisəsinin baş verməsinə kifayət edir. Dəfələrlə sürücülər özləri də qəzadan sonra bunu etiraf ediblər ki, yanımdakı ilə söhbət edirdim, başım qarışmışdı və s. diqqət yayındı və yol-nəqliyyat hadisəsinə səbəb oldu”. 

E.Muradlı deyir ki, günümüzdə qanunda bu maddə olmasa da, sürücülər bundan geninə-boluna istifadə etməsinlər: “Öz şəxsi təhlükəsizlikləri baxımından bunu mütləq nəzərə almalıdırlar. Düşünsünlər ki, qanun sadəcə onları müəyyən bir çərçivədə saxlamaq üçün idi. Sürücü tam sakit otursun, ağzını bağlasın heç danışmasın və s. belə bir şeylər demirik. Sadəcə olaraq bəzən elə gərgin situasiyalar olur ki, buna müdaxilə etmək lazım olur. Ən yaxşı variant maşını saxlayıb söhbəti həll etdikdən sonra yola davam etməkdir. “Yol hərəkəti haqqında” qanunda və digər hüquqi sənədlərdə də göstərilir ki, sürücülər sükan arxasında yorğun, halsız vəziyyətdə olmamalıdırlar. Eyni zamanda, yol qəzalarına səbəb olan amil olduğuna görə diqqəti yayındıran hərəkətlər də bunlardandır. Xəstə olanda diqqət yayınır və reaksiya verə bilmirsən. Diqqəti yayındıran söhbətlərdə də iştirak etmək təxminən buna bərabər bir şeydir. Bunlar hamısı yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək amillərdir”.

Ekspertin fikrincə, televiziyada, mətbuatda bu barədə maarifləndirilmə işləri aparılır: “Amma çox adam bəzən bunu gülüşlə qarşılayır ki, indi ağzımızı açıb danışmayaq, maşında su da içməyək və s. Məsələnin mahiyyəti bu deyil, bəzi sürücülər var ki, təhlükəsizlik kəməri taxmır, deyir, ürəyim xəstədir. Səbəb olaraq ortaya elə əcaib şeylər tapıb çıxarırlar ki, insan təəccüblü qalır ki, axi bunlar səbəb deyil. Məsələn, qanun deyir ki, ürəyi xəstə olan adam avtomobil idarə edə bilməz. Bu adamlar belə şeyləri bir bəhanə kimi düşünürlər. Yol-nəqliyyat hadisəsi zamanı adi bir elementar zərbədən insan ölə bilər. Təhlükəsizlik kəməri taxmamaq, bir anlıq çevrilib arxaya baxmaq və s. insan ölümünə səbəb olacaq. Bütün bunları insanlar özləri dərk etməlidirlər. Ya gərək kiminsə başına gələ ibrət götürə, ya da ki insanlar qanunlarla tanış olarkən bilib əməl etməlidirlər. Bugünkü gün maarifləndirmə işləri o qədər də yüksək səviyyədə deyil. Əvvəllər yol polisləri televiziyalarda, KİV-lərdə daha tez-tez maarifləndirici məsələlərlə bağlı çıxışlar edirdilər. Amma son zamanlar jurnalistlər hər hansı bir məsələ ilə bağlı zəng vurub soruşur, cavab verirlər və bununla da iş bitmiş sayılır. Düşünürəm ki, yol polisinin özü də bu cür məsələlərlə bağlı təşəbbüslər göstərməli, təkliflər verməli, mətbuatla daim ünsiyyət qurmalıdır ki, bu məsələ daim gündəmdə saxlanılsın”.

 

Könül Əhmədova

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh