Reklam

Sükan arxasındakı qadınlar; mələk, yoxsa şeytan?

Yazarlar 8 Oktyabr 2015 14:27 Oxunub 1814
Sükan arxasındakı qadınlar; mələk, yoxsa şeytan?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elməddin Muradlı: «Qadınlar vəsiqəni alandan sonra “sürə-sürə öyrənəcəm” düşüncəsi ilə hərəkət etdikcə problem davam edəcək»

Əvvəllər sükan arxasında xanım sürücünün əyləşməsi ətrafdakılarda böyük təəccüb doğururdusa, indi buna adi hal kimi baxılır. Artıq kimsə 70 min manatlıq maşında zərif cinsin nümayəndəsinin əyləşməsini və işıqforun yaşıl işığının yanmasını səbrlə gözləməsini təəccüblə qarşılamır. Amma bu da reallıqdır ki, kişilər hələ də qadınların onlarla eyni yolu tam formada paylaşmaqlarını qəbul edə bilmirlər. Elə buna görə də avtomobil idarə edərkən ehtiyatlı davranan qadınlar kişilərdə qıcıq yaradır.  Bu gün sükan arxasında əyləşən kişilərin böyük əksəriyyəti qadın sürücülərdən çox şikayətçidirlər. Buna səbəb kimi xanımların avtomobili düzgün idarə etməmələrini əsas gətirirlər. Kişilər iddia edirlər ki, baş verən qəzaların, tıxacların səbəbkarı məhz səriştəsiz qadın sürücülərdir. Bu da reallıqdır ki, qadınlarda kişilərdən fərqli olaraq sükan arxasında daha çox özünə qarşı etibarsızlıq hissi olur. Bir çox hallarda xanımlar ara məsafəsinə 100 faiz əmin olmadan avtomobilini digər avtomobilə yaxınlaşdırmır və bu səbəbdən də ötməyə meyilli olmurlar.

Üstəlik, əgər qadın həm də anadırsa, o, ümumiyyətlə, kişilərin sükan arxasında etdikləri riski etmir. Di gəl ki, qarşı cinsin nümayəndələri səbəbini bilməsə də, adını səriştəsizlik qoyaraq özündən çıxır.

Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı da qadın sürücülərdən şikayət edənlər sırasındadır. O modern.az saytına bildirib ki, əslində sürücüləri “kişi və qadın” deyə, iki kateqoriyaya bölmək doğru deyil. “Amma təəssüf ki, xanım sürücülər məhz bu düşüncə ilə sükan arxasına əyləşdikləri üçün problemlər yaradırlar: “Mən xanımam, keçid üstünlüyü məndədir.”, “Mən xanımam, kişilər mənə yol verməlidir” və s. kimi... Ümumiyyətlə, yol hərəkəti qaydaları müəyyən ediləndə yazılmayıb kişilərə olar, qadınlara olmaz və yaxud da, əksinə…».

Qanunvericilikdə qadınlara yalnız bir halda-hamiləliyin 4-cü ayından sonra təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir. Qalan bütün hallarda qanun-qaydalar hər iki cinsin nümayəndəsinə şamil olunur».

E.Muradlı deyir ki, qadınlar “sürə-sürə öyrənəcəm” düşüncəsi ilə hərəkət etdikləri müddətdə problem davam edəcək: “Onlar düşünmədən hərəkət edir və belə olan halda da kobud qayda pozuntusu nəticəsində qəzalara səbəb olurlar. Hətta son vaxtlar iş o yerə çatıb ki, sərxoş qadın sürücülər daha da çoxalıb. Yadımdadır, reydlərin birində Bakı Şəhər Yol Polisi İdarəsində, əsasən gecə saatlarında fəaliyyət göstərən 11-ci tağım gün ərzində saxladıqları 45 sərxoş sürücüdən 7 nəfəri xanım sürücü idi. Bu artıq biabırçılıqdır.

Dəfələrlə olub ki, qarşıdakının qadın, yoxsa kişi sürücü olması ilə bağlı mübahisə etmişəm. Mən özüm qarşıdakının hərəkətlərindən qadın sürücü olmasını əminliklə deyə bilirəm.

Təcrübəsiz xanım sürücü dərhal hiss edilir. Təbii ki, təcrübəsiz kişi sürücülər də istisna deyil. Baxırsan, ən azı 30-40 yaşında kişidir, avtomobili düzgün idarə edə bilmir, gah sağa keçir, gah sola keçir, ağlına gələni edir. Beləlir ya təcrübəsizdir, ya da yekəxana”.

“Təcrübəsiz və səriştəsiz” deyilən sürücülərə sürücülük vəsiqəsini elə yol polisinin özünün verdiyini nəzərə alsaq, burada müqəssir axtarmağa dəyərmi?

Baş redaktor bu fikirlə razılaşaraq, təəssüflə bir çox sürücülərin vəsiqəni hansısa yolla əldə etdiyini təsdiqləyir: “Vəsiqəni alır, düşünür ki, birtəhər öyrənəcəm. Sonra da sevgilisinin, ərinin, atasının maşınını, ora-bura vuraraq ya həqiqətən sürməyi öyrənir, ya da...

Sükan arxasında oturan qadın görürsən ki, siqaret damağında, kosmetika əlində gedir. Düşünürsən ki, bu hansı təfəkkürün sahibidir. Düzdür, elə xanımları görən kimi özündən gedən kişilər də var.

Uzun zamandır bu sahə ilə məşğul olan biri kimi hələ görməmişəm ki, qadın sürücülər nəyisə öyrənməyə can atsınlar, nəyisə soruşsunlar. Bu gün hər hansı qadın sürücünü saxlayıb təcrübədən keçirsəniz və 1 km yolda səhvsiz hərəkət tələb etsəniz, qısa müddətdə nə qədər qayda pozuntusuna yol verdiyini görəcəksiniz.”

E.Muradlı yol polisində “day-dayı” olan qadın sürücülər barəsində söz demədən keçmir: “Qadın sürücülər arasında sorğu keçirilən zaman onların böyük əksəriyyəti deyir ki, yol polisində 4-5 nəfər tanışı var. Hələ elələri var ki, 8 nəfər tanışının olduğunu deyir və adlarını da çəkir. Deyir: “Yol polisi məni saxlayanda zəng vururam, dərhal buraxırlar”. Sürücülük vəsiqəsini də verən yol polisi, sürücüdə arxayınçılıq da yaradan yol polisidir. Qəza baş verəndə də yol polisi kənarda dayanır, biz başlayırıq ki, vay sürücü səhlənkarlıq etdi, qaydaları pozdu...

Əslində, insan özü öz həyatına qiymət vermirsə, düşünürsə ki, vəsiqəni hər hansı yolla əldə edib yola çıxır, burda yol polisini qınamaq da olmur. Əksəriyyət bilmir ki, avtomobil yüksək təhlükəli vasitədir. Bu sübut olunmuş bir şeydir ki, sükan arxasına əyləşən insanın ölüm riski 50-50-ə həyatla ölüm arasında gedib-gəlir”.

Müsahibimiz qadın sürücülərə hələ də başqa fikirlərlə yanaşan kişilərə də səslənib:

“Əksəriyyət qadın sürücü görən kimi fikirləşir ki, görəsən avtomobili hansı pulla alıb... Bu da xəstə təfəkkürün nəticəsidir. Mən belə kişiləri qınayıram. Ola bilər nə vaxtsa imkanı çatar,  o sözü deyən kişi özü də anasına, bacısına, qızına avtomobil ala bilər. Bu zaman peşman olacaq ki, nə vaxtsa yalnış fikirdə olub. Nəzərə alaq ki, işgüzar xanımlarımız var ki, uşaqlarını bağçaya, məktəbə qoyub işə tələsir. Əgər belə məqamda o avtomobil idarə edirsə, burda pis nə isə axtarmaq düzgün deyil».

ŞƏRH YAZ
Ad

E-mail

Şərh