Süni intellekt nəqliyyat probleminin həll yolu kimi – Xarici təcrübə

Yazarlar 2 Noyabr 2022 20:22 Oxunub 1786
Süni intellekt nəqliyyat probleminin həll yolu kimi – Xarici təcrübə
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əhali artımı məntiqi olaraq nəqliyyat vasitələrinin sayının və hərəkət intensivliyin artmasını doğurur. Bu artım iqtisadi tərəqqinin nəticəsi olsa da, problemsiz ötüşmür. Yolların ifrat yüklənməsi, ekoiloji çirklənmə, qəza və digər problemlər də paralel surətdə artır. Nəqliyyat vasitələrinin artması sürücülərə və ümumiyyətlə nəqliyyata nəzarəti çətinləşdirir. Bəzən də vəziyyət xaotik hal alır. Digər tərəfdən, insan yönümlü şəhərlərin yaradılması və ekoloji çirklənmənin minimuma endirilməsi üçün beynəlxalq təşkilatlar ölkələrə təzyiqi artırır. Bu yerdə dövlət qurumlarının köməyinə süni intellekt gəlir.

Xarici təcrübədən görürük ki, süni intellektin nəqliyyatda tətbiqi müsbət nəticə verir. Müxtəlif ölkələrdə süni intellektin nəqliyyatın idarə edilməsinə tətbiqində başlıca məqsəd insan amilinin aradan qaldırılması, bu mümkün olmadıqda isə minimuma endirilməsidir.

Avropa İttifaqında (Aİ) sürücülərin iş rejiminə taxoqraflarla ciddi nəzarət edilməsinə baxmayaraq yük avtomobillərinin kifayət qədər ciddi qəzaları qeydə alınır. Taxoqraflar sırf texniki parametrləri (sürət, iş və istirahət vaxtı) hesablamaq işinin öhdəsindən 50 ildən çoxdur uğurla gəlsə də, sürücünün kabinədəki davranışına nəzarət etmir. Buna görə də yorğunluq və mobil telefondan istifadə Avropada qəzaların 30%-nin səbəbidir. Problemin öhdəsindən marselli startapçılar gəlib.

Fransa hökumətinin maliyyə dəstəyi sayəsində startapçılar sürücünün davranışlarıını qeydə alan ağıllı sistem yaradıblar. Süni intellekt sürücünün mobil telefondan istifadə müddətini, kəskin sürətlənməsi və tormoz verməsini, riskli manevrləri qeydı alır. Sükana inteqrasiya edilmiş kamera sürücünün gözünün yumulmasına reaksiya verir. Bu zaman şəraitdən asılı olaraq avtomobilin sürəti azaldılır, bəzi hallarda isə ümumiyyətlə hərəkət dayandırılır. “Google Map” və digər platformalara inteqrasiya edilmiş sistem kameralar vasitəsi ilə yolun texniki vəziyyətini nəzərdən keçirir, sürücünün yol işarələrinə əməl edib-etmədiyini qeydə alır. Buradan əldə edilən məlumatlar həm də yol təmiri xidmətlərinə ötürülür.

Süni intellektə əsaslanan sistem sadəliyi ilə seçilir. Onu istənilən smartfonda quraşdırmaq mümkündür. Layihənin yaxın illərdə geniş tətbiqi nəzərdə tutulur (1).  

Parisdə isə “Padam” adlı startap layihəsinin məqsədi avtobuslarla taksinin inteqrasiyasıdır. Hazırda layihə üzərində iş gedir, iş üzrə doktorluq dissertasiyası hazırlanır (2).

Dünya təcrübəsi göstərir ki, süni intellektin nəqliyyatda tətbiqi çoxvektorludur, konkret sahə ilə məhdudlaşmır. BƏƏ-nin Dubay şəhərinin rəhbərliyi bir müddət əvvəl süni intellektdən ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsində istifadə etdi. 150 xətdə 2200-dək avtobunun çalışdığı şəhərdə 13  günlük test rejimində ciddi irəliləyiş əldə olundu. Süni intellektin köməyi ilə dayanacaqların doluluq səviyyəsi öyrənildi. Pik saatlarında yükü azaltmaq üçün konkret dayanacaqlarda dayanan ekspres avtobuslar xəttə buraxıldı. Məlum oldu ki, 2 həftəlik test müddətində avtobusların yolda olma müddəti 13% azalıb, ekoloji göstəricilər yaxşılaşıb. Paralel olaraq yanacaq sərfiyyatı və istismar xərcləri aşağı düşüb. Əmirlik süni intellekti digər şəhərlərin nəqliyyatında da tətbiq etmək istəyir (3).  

Xarici ölkələrdə nəqliyyatda süni intellektin tətbiqinə dair çox sayda təcrübə mövcuddur. Bunların öyrənilməsi ölkəmiz üçün də faydalı ola bilər. Bakıda xroniki hala alan nəqliyyat tıxaclarını da süni intellekt sayəsində minimuma endirmık mümkündür.

Konkret olaraq Bakı şəhərinə gəlincə, süni intellektin nəqliyyatda tətbiqi zamanı qarşıya bu tələblər qoyula bilər:

- sərnişin sıxlığının davamlı ölçülməsi və əldə edilmiş data əsasında avtobusların konkret xətlərə yönəldilməsi;

- tıxacların azaldılmasına yardım,

- sərnişin dövriyyəsinə və yolların vəziyyətinə dair data toplamaq;

- nəqliyyat problemlərinin aradan qaldırılması üçün həllər təklif etmək;

- nəqliyyat axınının tənzimlənməsinə kömək etmək;

- nəqliyyat vasitələrinin doğurduğu ekoloji fəsadları minimuma endirmək.

 

Nəqliyyatın işinə nəzarət edən dövlət qurumları (DYP, BNA və s.) süni intellektin tətbiqi ilə öz işlərini keyfiyyətcə yeni mərhələyə daşıya bilər. “Rəqəmsal jurnalistikaya doğru” proqramında iştirak edərkən bir daha əmin olduq ki, bu sahədə ölkəmizdə yetərli insan kapitalı formalaşıb. Yerli mütəxəssislər müvafiq dövlət qurumlarının nəzarəti altında Bakı və digər şəhərlərdə nəqliyyat sistemi üçün süni intellektin tətbiqini reallaşdıra bilər. Bununla belə, işləri yerinə yetirən zaman xarici ölkələrin həm nəqliyyat, həm də süni intellekt sahəsində təcrübələri nəzərə alınmalıdır.

 

Vüqar Yaşaroğlu 

 

QEYDMəqalə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar uzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən təşkil edilmiş musabiqəyə təqdim olunur.

 

 

MƏNBƏLƏR

 

1. https://mobility.totalenergies.com/actus-conseils/collaborateurs-sur-la-route/transporteurs/intelligence-artificielle-transport-routier

 2. https://www.loria.fr/fr/lintelligence-artificielle-au-service-du-transport-a-la-demande/#:~:text=L'objectif%20de%20Padam%20est,optimisation%20et%20l'intelligence%20artificielle.

 3. https://www.ouest-france.fr/economie/transports/a-dubai-l-intelligence-artificielle-optimise-le-reseau-de-bus-7056977

ŞƏRH YAZ
Ad

E-mail

Şərh