Reklam

Sürətli yoxsa təhlükəsiz səfər? - AÇIQLAMA

Yazarlar 21 İyun 2024 10:56 Oxunub 686
Sürətli yoxsa təhlükəsiz səfər? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Dünyada sərnişin qatarlarının sürəti ilə bağlı rekord tez-tez yenilənir.

Avtosfer.az xəbər verir ki, Çində 3 il bundan əvvəl saatda 600 km-ə qədər sürətlə hərəkət edə bilən qatar nümayiş etdirilib.

Qərb ölkələri də bu məsələdə Şərqdən geri qalmamağa, qatarların sürətini bacardıqca artıraraq sərnişinləri mənzil başına tez çatdırmağa çalışır.

Azərbaycanda da son illər qatarların sürətinin artırılması istiqamətində tədbirlər görülür. Məsələn, əvvəllər sərnişin qatarlarımız saatda 70-80 km-dən çox hərəkət etmirdi. İndi isə İsveçrə istehsalı olan "Stadler" markalı qatarların hesabına sürət saat 140 km-ə çatıb. Bu rəqəmi bir qədər də artırmaq olar, amma bunun üçün gərək sərnişinlərin təhlükəsizliyi arxa plana keçsin. Halbuki, inkişaf etmiş ölkələrdə təhlükəsizliyə bəzən elə də önəm vermirlər.

Məsələn, bir qədər əvvəl Brüsseldən Amsterdama gedən sürətli qatar texniki nasazlıq ucbatından yolda qalmış, 500-ə yaxın sərnişin 5 saat qapalı vəziyyətdə gözlədikdən sonra təxliyə edilmişdi. Belçikanın Milli Dəmir Yolu Şirkətindən verilən məlumata görə, eyni anda iki texniki nasazlıq qeydə alınıb. Dünyada ən rahat və təhlükəsiz dəmir yolu xəttinə malik olduğu deyilən Londonda isə yerüstü kabellərin zədələnməsi səbəbindən yüzlərlə sərnişin vaqonlarda qalıb. Qatarın istilik sistemində də nasazlıq yaranıb. Şəhərin dəmir yolu administrasiyası sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün “Paddington” və “Reading” stansiyaları arasında bütün qatarları dayandırıb.

Azərbaycanın dəmir yollarında isə qeyd olunan xoşagəlməz hallar baş vermir, çünki ölkənin dəmir yolu təsərrüfatı ("Azərbaycan Dəmir Yolları" QSC) sürətlə yanaşı, həm də təhlükəsizliyə diqqət yetirir. Bu fikri nəqliyyat sahəsi üzrə ekspertlər də bölüşür:

Onlardan biri Elməddin Muradlı deyir ki, son illər Azərbaycanda nəqliyyat sektorunun əsas sahələrindən biri olan dəmir yolları yeni inkişaf mərhələsinə qədəm qoyub: "Bu sahədə böyük kapital qoyuluşları, investisiya layihələri mərhələli şəkildə həyata keçirilir, infrastruktur sağlamlaşdırılır, idarəetmə optimallaşdırılır, əməliyyatların səmərəliliyi və rəqəmsallaşma uğurla həyata keçirilir, təhlükəsizliyə böyük önəm verilir. Ölkənin dəmir yolu şəbəkəsinin tam müasirləşdirilməsi hələ başa çatmayıb və əksər xidmət sahələrində 1960-cı illərdən miras qalmış infrastruktur var. Onun yenilənməsi zəruridir. Bəzi infrastruktur obyektləri, qurğu və avadanlıqların istismar müddəti başa çatıb. Hazırda yol infrastrukturunun, elektrik təchizatı sisteminin, rabitə və işarəvermə sisteminin durumu bəzi ərazilərdə qeyri-kafi vəziyyətdədir. Bu kimi məsələlər dəmir yollarında sürət həddini artırmağa imkan vermir”.

E.Muradlı qeyd edib ki, vətəndaşlar mənzil başına tez çatmaq istəyirlər: “Biz sürəti çox sevirik, amma təhlükəsizlik sürətdən daha vacibdir. İnsanlar kənardan müxtəlif fikirlər irəli sürmək asandır, lakin prosesin içində olmaq, real vəziyyəti görmək tam başqadır. "Azərbaycan Dəmir Yolları" son illər ərzində dünyada dəmir yolları sahəsində innovativ yenilikləri ölkədə tətbiq edir. Qurum plansız, xaotik iş görmür. Bununla belə, vətəndaşlar şikayətlənirlər ki, Yalamaya, Balakənə qatarlar işləmir. Halbuki, bu istiqamətlərdə son 40 ildə təmir işləri aparılmayıb və hazırda səhmdar cəmiyyəti bununla məşğuldur".

Ekspertin sözlərinə görə, sürəti artırmağa imkan verməyən amillərdən biri dəmiryol ərazilərinin illər əvvəl qeyri-qanuni vətəndaşlara satılmasıdır: “Azərbaycanda qatarların sürət həddini Yaponiya ilə müqayisə edirlər. Lakin Yaponiyada dəmir yollarının ərazilərində heç bir əlavə tikili yoxdur. Bu isə hərəkət heç bir əngəl yaratmır. Ölkəmizdə isə insanlar keçidlərdən istifadə etmirlər, dəmir yolundan keçirlər. 2024-cü ilin 5 ayı ərzində 11-heyvan vurma, 14-yolda insan səbəbi ilə təcili tormozlama, 17-daş atılma, 13-yolda kənar əşya hadisəsi baş verib. 2023-cü il ərzində qatarın yoluna qəfil insan çıxması nəticəsində 9 nəfər ölüb, 7 nəfər yaralanıb. Avtomobil nəqliyyatı vasitələrinin qatarların qarşısına çıxması nəticəsində isə 5 nəfər ölüb, 9 nəfər ağır xəsarət alıb. "Azərbaycan Dəmir Yolları"nın maarifləndirmə və digər tədbirlərinin nəticəsidir ki, 2022-ci illə müqayisədə piyada vurma hadisələri 33 % azalıb".

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, vətəndaşlar təyyarələrin hərəkətinin 2-3 saat gecikməsini normal qarşılasa da, qatarların hərəkətindəki 10-15 dəqiqəlik gecikmə ilə belə razılaşmırlar: "Bir neçə dəqiqəlik gecikmə böyük hadisəyə çevrilir. Əsas məsələ budur ki, evə gec də olsa sağ-salamat çataq. Azərbaycanda dəmir yollarında sürət həddi 100-140 km/saatdır. Yəni, maksimal sürət saatda 140 km-dir və bu, sürətli dəmir yolu hesab olunur. Yüksək sürətli yola uyğun gərək böyük sərnişin axını olsun. Ümumiyyətlə, o cür sürətli hərəkət ayrıca yolda olur. Orada yalnız sərnişin qatarları hərəkət edir, bizdə isə kombinə olunub, yük və sərnişin qatarı eyni yolda hərəkət edir”,- deyə ekspert qeyd edib.

"İyunun 19-da Ağstafadan Bakıya saat 17.30-da yola düşmüş sərnişin qatarı Dəllər və Goran stansiyaları arasında hərəkətdə olarkən elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq səbəbindən 2 saatdan çox yolda qalıb. Bu səbəbdən sərnişinlərin Bakıya çatdırılması üçün Hacıqabul stansiyasından Bakı istiqamətinə ödənişsiz avtobuslar ayrılıb. Yəni, "Azərbaycan Dəmir Yolları" daim sərnişinlərin təhlükəsizliyini düşünür", - deyə ekspert əlavə edib.

Bəzən qatar yolda dayanır, sərnişinlər hər zaman ADY-ni günahlandırırlar. Lakin bunun arxasında çoxlu sayda səbəblər dayanır. Dəmir yolunu ətrafının zəbt edilməsi, dəmir yolu keçidlərinə edilən müdaxilələr, köhnə infrastruktir qatarın dayanmasına səbəb olur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da köhnəlmiş dəmir yolu infrastrukturu yeni qatarların hərəkətinə, bütövlükdə sənayenin inkişafına əngəl ola bilər. Köhnə yollar, stansiyalar və işarəvermə sistemləri təkcə qəza riskini artırmır, həm də avtomatlaşdırma və idarəetmə sistemləri kimi müasir texnologiyaların tətbiqi imkanlarını məhdudlaşdırır. Lakin hazırda dövlət dəmir yolu infrastrukturunu müasirləşdirir. Dəmir yolu infrastrukturunun təkmilləşdirilməsinə yatırılan investisiyalar sənayenin təhlükəsizliyini, səmərəliliyini və rəqabət qabiliyyətini artıracaq, həmçinin ümumi iqtisadi artım və inkişafı stimullaşdıracaq.

(report)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh