Sürücü evə çatmamış radar bildirişləri gəlir - Almaniyada sürət limiti: mif və reallıq
“Avtobanda 250 sıxdım”. Bu tip cümlələri maşın alverçiləri vaxtilə, daha doğrusu pandemiyaya qədər çox tez-tez işlədirdilər. Bu nağıla inananlar çoxdur. Çoxları elə bilir ki, Almaniyada sürət limiti və ya radar yoxdur. Mühərrikin gücü nəyə imkan verir sür. Sən demə, bu əfsanəyə inanmaqda biz tək deyilik.
Limitsiz sürət yalnız əlverişli hava üçündür
Almaniyaya qonşu ölkələrin də vətəndaşları vaxtaşırı olaraq bu səhv bilgiyə görə ağır cərimə ödəyirlər. Maraqlıdır ki, niyə almanlar deyil, məhz fransızlar, isveçrəlilər və belçikalılar? Cavab sadədir: bu ölkələrdə maksimal sürət 110-130 km/saat arası dəyişir. Həm də düz yollar azdır.
Buna görə də sürücülük vəsiqəsi alan gənclərin ilk işi yeni vəsiqəni və avtomobili Almaniya yolunda sınamaq olur. Nəticə isə əksər hallarda ürəkaçan olmur: Ştutqartdan Marselə və ya Bazelə qayıdan gənc evə çatanda görür ki, poçtalyon cərimə qəbzini daha tez gətirib. Radarlar vahid sistemə inteqrasiya etdiyi üçün harda xəta törətsən polis dərhal xəbərdar olur.
Bəs Almaniyada sürət limiti varmı? Bəli var və çox ciddi nəzarət olunur. Ölkədəki 13 min km avtobanın cəmi 490 km-i tam limitsizdir. Qalan zonada 100-130 km/s limit müəyyən edilib. Üstəgəl, limitsiz sürət yalnız əlverişli hava üçündür. Avtobandan kənarda 30, 60, 90 km/saat rejimli çox sayda yol mövcuddur. Limitsiz zonada da bir qayda olaraq almanlar 130 km/saatı aşmırlar. Çünki həm yanacaq sərfi ikiqat artır, həm də qəza zamanı sığorta ödənişi edilmir. Yaşayış məntəqəsi daxilində sürəti 70 km/saatdan çox aşmağa görə 680 avro cərimə və 2 ay sürücülük hüququndan məhrumetmə nəzərdə tutulur. Düzdür, İsveçrə ilə müqayisədə Almaniyada sürətə görə cəza kifayət qədər yumşaq olsa da, bizim ölkə ilə müqayisədə çox ağırdır. Mövcud qanunvericiliyə görə ilk 3 ildə sürücülərin avtobana girməsi qadağandır. Sürət həddini aşmağa görə təcrübəsiz sürücüyə daha ağır cəza verilə bilər.
Radarların əksəriyyəti “ağıllı”dır
Ölkədə 7 mindən çox səyyar və stasionar radar işləyir. Xəta limiti isə bizdəkindən 2-3 dəfə kiçikdir: 3-5 km/s. Radarlardan əvvəl xüsusi xəbərdarlıq nişanının qoyulması isə məcburi deyil. Məntiqlə buna ehtiyac da yoxdur. Çünki radarların əksəriyyəti “ağıllı”dır, yəni orta sürəti hesablayır. Sadə dildə desək, radara yaxınlaşarkən sürəti azaldıb sonra sürətlənməklə texnikanı aldatmaq mümkün olmur (bunun əhəmiyyətini başa düşmək üçün Bakı-Qazax yolundakı radarların qarşısında tormoz izlərinə baxın).
Ara məsafəsini ölçən radarlar isə başqa aləmdir (Bakıda belə bir avadanlıq olsa hər gün azı 10 000 protokol tərtib edilər).
Heç bir alman radara görə polisə etiraz etmir
Alman polisin bir maraqlı işi də bəzən sürət həddini azaltmaqla yanaşı yol nişanlarınıln da dəyişilməsidir. Məqsəd sürücülərin sayıqlığını yoxlamaqdır. Lakin heç bir alman radara görə polisə etiraz etmir və ya filan yolda bu sürətlə getmək lazım imiş demir.
Bir maraqlı sual: nəyə görə almanlar uzaq yolu şəxsi avtomobil deyil, qatarla gedirlər? təbii ki vaxta və pula qənaətə üçün. Berlindən Parisə məsafə təxminən 1100 km-dir. Sürət qatarı ilə bu yolun qiyməti 50 avrodan başlayır və təxminən 9 saat çəkir. Avtomobilə isə azı 150 avroluq dizel, yaxud 200 avroluq yanacaq lazımdır. Üstəgəl, qatar daha komfortludur. Parisə avtomobillə gələn almanın ilk işi park yeri axtarmaq lazım olacaq ki bura da pul verməmək üçün hər 30 dəqiqədən bir yerdəyişmə lazımdır. Lakin qatarla Parisin mərkəzinə gəldikdə təxminən 10 avro verib sutkalıq bilet alan alman gün ərzində bütün ictimai nəqliyyat növlərindən məhdudiyyətsiz istifadə edəcək. Səhər tezdən Parisə çatan şəxs işlərini həll edib gecə qatarı ilə vətənə dönəcək. Eynən də digər avropalılar.
Burada ictimai nəqliyyatın yaxşı təşkil olunması ilə bərabər mentalitet amilini də unutmaq olmaz. Bahalı avtomobili olan almanın və ya isveçrəlinin ictimai nəqliyyatdan istifadə etməsi qəribə qarşılanmır. Maşınım ola-ola niyə qatara minim deyənlər azlıq təşkil edir.
Vüqar Yaşaroğlu