Banner

Sürücü hər il yol vergisi ödəyir, getdiyi yola baxın - FOTO

Yazarlar 9 Dekabr 2014 13:54 Oxunub 1971
Sürücü hər il yol vergisi ödəyir, getdiyi yola baxın - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: “Yol vergisindən yığılan pullar yolların yenidən qurulmasında xərclənməməlidir”

 

Eyyub Hüseynov: “Bu sahədə şəffaflığı artırmaq üçün yol vergisinin yığılmasını bələdiyyələrə həvalə etmək lazımdır”

 

Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1 milyon 245 min 677 vahid təşkil edib. Bütün bu nəqliyyat vasitələrindən illik yol vergisi tutulur. Mühərrikinin həcmi 2 min kubmetrədək olan nəqliyyat vasitələri üçün vergi dərəcəsi 20 manat, 2 mindən 3 min kub sm-dək olan avtomobillər üçün – 20 manat + 2 litrdən çox həcmin 1 kub sm görə 0,02 manat, 3 mindən 4 min kub sm-dək – 40 manat + 3 litrdən çox həcmin hər 1 kub sm görə 0,03 manat təşkil edir. Əgər nəqliyyat vasitəsinin mühərrikinin həcmi 4 mindən 5 min kub sm-dək təşkil edirsə, vergi 70 manat + 4 litrdən çox hər 1 kub sm görə 0,04 manat olur. Mühərrikin həcmi 5 litrdən çoxdursa, bu zaman vergi 110 manat + 5 litrdən çox hər 1 kub sm görə 0,05 manat təşkil edir. Avtomobillərin sayına əsasən görürük ki, il ərzində avtomobillərdən tutulan vergi o qədər də az vəsait deyil. Yol vergisi ödəyən hər bir sürücünün haqqıdır ki, ödədiyi vergi müqabilində yaxşı xidmət görsün, yaxşı, rahat və keyfiyyətli yollarda maşın sürsünlər. Amma sürücülər çox zaman göstərilən xidmətdən narazı olurlar. Hər il vergi ödəyən sürücü hər il də maşının amartizasiya sisteminə pul xərcləməli olur. Çünki ödədiyi vergiyə görə sürücüyə keyfiyyətli yol təqdim etməli olan qurumlar deyəsən bunu unudublar. Əgər sürücüdən yol vergisi alıb çala-çökək yol təqdim edəcəksənsə, o zaman bu vergi niyə yığılır? Yığılırsa, hara gedir? Nə üçün sürücü həm yola vergi verməlidir, həm də çala-çökək yolların ucbatından hər bir maşının «peredok»un yığdırmalıdır? Burada nəsə bir-birinə uyğun gəlməyən məqamlar var. 

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Üç nöqtə”yə açıqlamasında bildirdi ki, Azərbaycanın dövlət büdcəsinin tərkibində "Avtomobil yolları" Məqsədli Büdcə Fondu var ki, yol vergisindən toplanan məbləğ həmin fonda daxil olur: “Fondun idarəedici orqanı Nəqliyyat Nazirliyidir. Orada qeyd olunur ki, yol vergisi, avtomobillərin dövlət qeydiyyatı, texniki baxışı, avtomobillərin rəsmiləşdirilməsi, qeydiyyatdan keçmə, avtomobillərdə reklam kimi məsələlərdən daxil olan bütün pullar həmin fonda daxil olur. Həmin fond avtomobil yollarının normal vəziyyətdə saxlanması üçün sərf olunmalıdır. Buraya yolların cari təmiri, yol nişanlarının qaydasında olması və s. aiddir. Yol vergisindən yığılan pullar yolların yenidən qurulmasına xərclənməməlidir. Çünki bu iş fonda aid deyil. 2002-ci ildə həmin büdcədə 196 milyon manat pul olmuşdu. Amma hazırkı büdcə ilə bağlı məlumatım yoxdur. Bu pul Azərbaycanın hər yerində xərclənməlidir».

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirdi ki, əhaliyə ödədiyi verginin müqabilində xidmət göstərilməlidir: “Lakin biz bunu görmürük. Həmin pulların təyinatı üzrə xərclənməsi məsələsində də qeyri-şəffaflıq var. Sığorta kampaniyaları ilə AİB-in tez-tez mülahizələri olur. Oradan tez-tez şikayətlər gəlir. Yol vergisi məcburidir. Ümumi mənzərəyə baxanda yığılan vergilərin düzgün xərclənmədiyini görürük. Yol vergisinin ümumi miqdarı da məlum deyil. Əhali bilməlidir ki, nə qədər pul yığılır və hara xərclənir. Əhalidən yığılan pulun cəmiyyətə açıqlanması vacibdir. Tək şəhərin yox, kəndlərin, qəsəbələrin də yolları qaydaya salınmalıdır. Yolu palçıqlı olan kənd sakininin də maşını varsa, yol vergisi verir. Ona görə onun da yolunu düzəltmək lazımdır».

AİB sədri deyir ki, bu sahədə şəffaflığı artırmaq üçün yol vergisinin yığılmasını bələdiyyələrə həvalə etmək lazımdır: “Əhalinin bələdiyyələrdən iş tələb etmək, vəsaitin şəffaf xərclənməsinə nəzarət etmək hüququ var. Bəlkə belə olarsa, burada da şəffaflıq təmin olunar”.

 

Aygün Asimqızı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh