Sürücü mədəniyyəti... Və ya şəhər küçələrində şütüyən “əzraillər”
Taksi sürücülərindən kimə şikayət etmək olar?
Güclü yağış yağır. Telefonla taksi sifarişi verdim, 3 dəqiqə keçmədən gəldi. Gedəcəyim yeri nəzərə alsaq, qiymət çox münasibdir. 2 manat 50 qəpik. Əminəm ki, yoldan hər hansı bir taksi tutub gedəsi olsam, ən az 6-7 manat verməliydim. Ona görə çoxları mənim kimi telefonla ucuz taksi sifarişi verir. Amma kiminlə yol yoldaşı olacağını bilməmək də bu işin riskli tərəfidir.
Taksiyə telefonla danışa-danışa otururam. Sürücü mənim söhbətimin bitməsini gözləyirmiş kimi “ləhcənizdən gəncəliyə oxşatdım, gəncəlisiniz?”,- deyə soruşur. Söhbət uzanmasın deyə, səssiz başımla “Hə” cavabı verdim. Heç deməyəsən adamın gəncəlilərlə problemi varmış. Coşdu nə coşdu.
“Əlacım olsa. Hamısının başını kəsərəm. Mən Ursetdə (Rusiyada) gəncəlilərin zibilinə düşüb 5 il “türmə” yatmışam, adam bıçaqlamışam...”
Güzgüdən gözlərini görürəm, ağarmış gözləri az qalır hədəqəsindən çıxsın, adam əsəbi-əsəbi gəncəliləri asıb-kəsir. Düzü qorxdum. Taksini saxlamasını istədim. Yəqin təlaşımı görüb üz mimikasını 180 dərəcə dəyişdirir.
“Bacı, qorxma e, mən özüm də gəncəliyəm. Gəncəlilər üçün başımı verərəm...”
Psixoloji problemlərinin olduğu aydın görünür. Ürəyimdə öz-özümə deyirəm ki, nədir bu taksi sürücüləri ilə başıma gələn macəralar... Təxminən bir ay öncə taksisinə mindiyim qoca sürücünün sükan arxasında ürəyi tutdu. Adam az qala bayılırdı. Maşını bir təhər yol kənarına verib, saxlaya bilmişdi. Neçəsi olub ki, onun sonuna qədər səsini açdığı maqnitofonunda meyxana, oğru dünyasını mədh edən mahnılar dinləməli olmuşam. Yol kələ-kötür olduğu üçün əsəbləşən də olub, dil boğaza qoymadan çərənləyən də, yol tanımayıb azan da, şəhəri tanımayıb tərsinə yol gedən də....
Elə təkcə bu il taksi sürücülərinin ikibaşlı, ibarəli sözlərinə tuş gələn, təcavüzündən şikayət edən 3 gənc xanım haqqında xəbərlər dərc olundu. Sən pulunu verib xidmət almaq istəyirsən. İşin mahiyyətini dərk etməyən sürücü isə düşünür ki, onun maşınına oturmusansa, ev sahibi olaraq istədiyini etmək səlahiyyətinə malikdir. Halbuki pulunu verib yolçuluq etdiyi müddətdə taksidə söz sahibi müştəridir.
Əlbəttə, işini doğru-dürüst görən, ədəb-ərkanlı sürücülərimiz də az deyil. Onlar müştəriyə hörmət edərkən bunu həm də qazandıqları çörəyə, öz işlərinə hörmət olaraq başa düşürlər.
Hazırda Azərbaycanın taksi bazarında sözün əsl mənasında azad rəqabət hökm sürür. Yəni taksi qiymətlərinin ucuz olmasının səbəbi süni deyil, bazar qanunlarına uyğundur. Bazara kənar müdaxilə yoxdur. Qiymətlər tələb və təklif əsasında formalaşır. Bu səbəblə də gediş qiymətlərini münasib hesab etmək olar. Qiymət əlçatandır deyə, müştəri də boldur. Təklif tələbi üstələyib. Yəqin paytaxt küçələrində hədsiz sayda “Toyota Prius” markalı avtomobilləri müşahidə etmisiniz. Harada gəldi dayanan, təhlükəli idarə edən bu avtomobillərin çoxu sahibkarlar tərəfindən taksi xidməti məqsədilə ucuz qiymətə kirayə verildiyindən yollarda əməlli-başlı qarmaqarışıqlığa, hətta təhlükələrə səbəb olurlar.
Təxmini rəqəmlərə görə, bu gün Azərbaycan bazarında 74 taksi şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin 52-si Bakıda yerləşir. Hər şirkətdə də 7 mindən 10 minə qədər daimi sürücü çalışır. Bu şirkətlərin əksəriyyətinin özünün avtomobil parkı yoxdur, onlar sadəcə fərdi sürücülərlə müştərilər arasında əlaqə yaradır. Sürücüyə müştəri verir və bu vasitəçilik əsasında özlərinə qiymətin 10-20% dəyərində komissiya məbləği götürürlər. Əksər taksi şirkətləri özlərinə 1 km üzrə gedişhaqqı tarifi 0,32 manat təyin edir. Yəni, 10 km-lik məsafə qət edən sürücü 3,2 manat gəlir əldə edəcək. Bu qazancın 10- 20%-i taksi xidmətinə qalır.
İşin mənfi cəhəti nədir? Həmin şirkətlər sürücü bolluğundan yararlanaraq qazanc əldə edirlər, lakin sürücülərdən nə imtahan, nə tibbi arayış tələb olunmur. Sürücü bir neçə dəqiqə ərzində onlayn formada (çox zaman “WhatsApp” üzərindən) qeydiyyatdan keçməklə olur şirkətin nümayəndəsi. Nə hansısa xəstəliyinin olması ilə maraqlanan var, nə də avtomobilinin vəziyyəti ilə. Canımızı kimlərə əmanət edirik? Bunu bir Allah bilir, bir də həmin taksi sürücüləri.
Bəs fəaliyyət lisenziyaları yoxlanılırmı?
2015-ci ilə qədər taksi fəaliyyəti üçün lisenziyalar Nəqliyyat Nazirliyi tərəfindən verilirdi. Ayda bir dəfə verilən lisenziyaların rəsmi qiyməti 18 manat idi. Lisenziyası olmadan taksi fəaliyyəti göstərən sürücülər çox sərt şəkildə cəzalandırılırdı.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Azərbaycan”a bildirib ki, taksi sürücülərinin fəaliyyətinə nəzarət sistemi demək olar ki, mövcud deyil.
“Sürücü ilə taksi şirkəti arasında rəsmi və ya qeyri-rəsm? sövdələşmə edilir. Bu da təbii ki düzgün deyil. Sürücünün sürücülük vəsiqəsinə baxılmalıdır, onun ağır qəza keçirib-keçirməməsi yoxlanılmalıdır. Bəlkə elə pedofildir, bəlkə insanlarla ünsiyyəti düzgün qura bilmir, bəlkə kriminal aləmin nümayəndəsidir. Bunlar yoxlanmalıdır. Yoxsa elə şirkətə zəng vurur bir “alo” deməklə işə düzəlir. “Al gülüm, ver gülüm” başqa bir sistem yoxdur. Yol polisi də bunu görə bilmir. Müştərilərin şikayət edəcəyi bir ünvan yoxdur. Uzaq başı taksi sifariş verdiyi şirkətə zəng edir, oradan da deyirlər “bəli narahat olmayın tədbir görəcəyik”. Heç bir tədbir də görülmür. Çünki ortada hansısa bir hüquqi sənəd yoxdur. Nə cəza verə bilər ki? Ona görə indi BNA, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, digər qurumlar hazırda bunun üzərində çalışır. Cənab Prezident 2022-ci ilin fevral ayında “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Bakı şəhərində taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ-hüquqi aktların layihələri üç ay müddətində hazırlanacaq. Bu sahədə iş gedir. Həm sürücülərin, həm də müştərilərin hüquqları qorunacaq, tənzimlənəcək. Sürücülər müəyyən tələblər əsasında işə götürüləcək. Bu proses başlamalıdır. Nəzarət mexanizmi ilə paralel ictimai nəqliyyatın digər növlərinə diqqət edilməlidir, metro stansiyalarının sayı artırılsa, avtobus parkları genişləndirilsə, yenilənsə, tramvay xətləri işə salınsa, insanların taksi tələbatı azalacaq və taksi sürücülərinin də sayı azalacaq”,- deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, bu tədbirlərdən sonra təbii ki, hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək, nəticədə müəyyən qədər bahalaşma da özünü göstərəcək. Elməddin Muradlının fikrinə görə, əslində bahalaşmaya ehtiyac var.
“Taksi xidmətlərində vahid qiymət müəyyənləşməlidir. Taksilərin qiyməti demək olar ki, avtobus qiyməti ilə eynidir. Bəs bu sürücü evinə qazanc aparmalı deyilmi? Yağın, benzinin, təkərin qiyməti bahalaşıb, bəs taksinin xidməthaqqı bahalaşmasınmı? Elə sürücü var, gecə-gündüz işləyir, buna görə də çoxlu qəzalar baş verir. Avtomobilin baxımı var, sürücünün şirkətə ödədiyi qazanc var. Bu adam evinə, ailəsinə nə aparsın? Bu gün həmin taksi xidməti şirkətləri sürücüləri istismar edir, bunun başqa adı yoxdur”,- deyə o vurğulayıb.
Bax belə. Ucuzluqdan məmnunuq. Amma ucuzluq da bizə baha başa gəlməməlidir. Taksi sürücüləri də bizdəndir, müştərilər də. Uduzan da bizik, udan da.