Banner

Sürücü olmaq üçün nə tələb olunur?

Yazarlar 18 Sentyabr 2014 19:56 Oxunub 4761
Sürücü olmaq üçün nə tələb olunur?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nə at arabası, nə də at deyil; tələblərə uyğun gəlməyən insan maşın sürə bilməz

Ölkəmizdə az qala hər kəs sürücülərimizdən narazıdır. Peşəsindən, dünyagörüşündən, ictimai mövqeyindən asılı olmayaraq hər kəsi dindirəndə yol hərəkəti mədəniyyətimizin zəif olmasından danışır. Özü də sürücü mədəniyyətsizliyi xüsusi vurğulanır.

Doğrudan da, ölkəmizdə sözün həqiqi mənasında sürücü problemi var. Hətta bəziləri elə düşünürlər ki, kim istəsə maşın sürə bilər, sadəcə, maşını idarə etmək üzrə elementar hazırlığa malik olmaq yetərlidir. Amma belə deyil və bu cür yanaşma çox təhlükəlidir. 

Mexaniki nəqliyyat vasitələri son 100 ildə geniş yayılmağa başlayıb. Lakin hələ 19-cu yüzilliyin sonlarından başlayaraq avtomobillərin idarə edilməsi üçün xüsusi sənəd verilib. Həmin dövrdə yollarda tək-tük avtomobil olsa da, cəmiyyət hiss edib ki, bu, nə at arabası, nə də at deyil. Belə nəqliyyat vasitəsi potensial olaraq ciddi təhlükə doğura bilər. Ona görə də idarə etmək üçün onu hər yetənə vermək düzgün deyil. Məhz bu məntiqə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ yaranıb və həmin hüququ təsdiq edən xüsusi sənəd verilməsi təcrübəsi formalaşıb.

Qanunvericilikdə birbaşa göstərilir ki, mexaniki nəqliyyat vasitəsinin istifadə edilməsi üzrə fəaliyyət yüksək təhlükə mənbəyidir. Yüksək təhlükə mənbəyi olmaq o deməkdir ki, həmin fəaliyyət gedişində bu texnika insan iradəsinə tam olaraq tabe deyil və təbii qanunauyğunluqlar səbəbilə ətrafdakı insanlara, onların mülkiyyətinə ciddi zərər yetirilə bilər. Deməli, belə yüksək təhlükə mənbəyini idarə edəcək insanlar da xüsusi tələblərə cavab verməlidirlər. Həmin tələblərə uyğun gəlməyən insan nəqliyyat vasitələrini idarə etməyə buraxılmamalıdır.

Mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququnun əldə edilməsi üçün irəli sürülən tələblər ayrıca dövlətlərin milli qanunvericiliyi ilə yanaşı, beynəlxalq hüquqda da müəyyənləşdirilmişdir. Beynəlxalq hüquqda belə ümumi tələblərin müəyyən edilməsi bütün dünyada sürücülərlə bağlı vahid yanaşmanın formalaşmasına xidmət edir.

1 aprel 1975-ci ildə Cenevrədə imzalanmış «Sürücülük vəsiqəsinin verilməsi və qüvvədə olmasına dair minimal tələblər haqqında» BMT Sazişi, habelə bu Sazişə uyğun olaraq «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin I hissəsi sürücüyə dair dörd tələb irəli sürür: 1) müəyyən yaş həddinə çatma; 2) sağlamlıq cəhətdən sürücülüyə yararlı olma; 3) müəyyən olunmuş proqram üzrə nəzəri biliklər; 4) nəqliyyat vasitələrini idarə etmə üzrə təcrübi vərdişlər. Bu tələblərə uyğun olan hər kəs xüsusi prosedurdan, yəni sürücülük imtahanından keçərək nəqliyyat vasitəsini idarə etmə hüququ əldə edə bilər. İmtahan prosesində sürücü olmaq istəyən şəxsin göstərilən dörd tələbə uyğunluğu yoxlanılır. Həmin tələblərdən ilk ikisinə uyğun gəlməyən şəxs imtahana ümumiyyətlə buraxılmır. Çünki belə şəxs ya qanunda nəzərdə tutulan yaş həddinə çatmadığına, ya da sağlamlığı sürücülük üçün yararsız olduğuna görə sürücü ola bilməz. Sonuncu iki tələbə (və ya onlardan birinə) cavab verməmə isə şəxsin sürücülük imtahanını uğurla verə bilməməsi deməkdir. Belə şəxs daha yaxşı hazırlaşdıqdan və uğurlu imtahan verdikdən sonra nəqliyyat vasitəsini idarə etmə hüququnu əldə edə bilər.

Növbəti yazılarımızda göstərilən tələblərin hər birini ayrıca təhlil edəcəyik.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Haqverdi müəllim 10 Noyabr 2014 22:55
Ərşad müəllim, sürücülük kursunu 2 il əvvəl bitirmişəm.imtahanda iştirak etmək hüququmu itirmişəmmi