Sürücü uşaqlar, yüngül cəzalar: Avropada qanun buna nə deyir?

Yazarlar 8 Dekabr 2021 08:28 Oxunub 860
Sürücü uşaqlar, yüngül cəzalar: Avropada qanun buna nə deyir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Sumqayıtda “QAZ-53”ü şahə qaldıran uşaq 1000 manat cərimələndi. Gəncədə isə 16 yaşlı məktəbli qəza törədərək özü ilə yanaşı 13 yaşlı piyadanın da həyatına son qoydu. Avtosfer.az təəssüflə bildirir ki, azyaşlıların nəqliyyat vasitələrini sürücülük vəsiqəsi olmadan idarə edilməsinə kifayət qədər geniş rast gəlinir. Kəndlərdə isə uşaqlar minik avtomobili bir yana, traktor və digər ağır texnikanı idarə edirlər.
Belə bir hal Avropada olsa necə cəzalandırılar? Məsələni çox yüksək cərimələlr tətbiq edilən, yol hərəkəti qanunvericiliyinin ağır olduğu Fransa nümunəsində təhlil edək.
Fransada 2004-cü ildə qəbul edilmiş qanuna görə (Perben qanunu) nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etmək inzibati xəta deyil, cinayət hesab edilir. 1 yanvar 2017-ci ildən etibarən bu qanun pozuntusuna görə 800 avro cərimə tətbiq edilir (əgər sürücü heç bir digər qayda pozuntusuna yol verməyibsə). Yanaşı qayda pozuntuları olduqda cərimə 15 000 avroyadək qalxa bilər. Ciddi qanun pozuntusu zamanı sürücü həmçinin 1 il müddətinə azadlıqdan məhrum edilə, nəqliyyat vasitəsi utilizasiyaya göndərilə bilər. Vəsiqəsiz sürücüyə sığorta haqqı ödənmədiyi üçün o, həm qarşı tərəfin avtomobilini düzəltməyə, həm də tibb xərclərini qarşılamağa məcburdur. Bu da kifayət qədər ciddi məbləğdir. 
Uşaqlar inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilmədiyi üçün  yaşı 16-dan aşağı olan şəxsin hərəkətlərinə görə valideyn birbaşa məsuliyyət daşıyır. Başqa sözlə, yuxarıda göstərdiyimiz cəzalar uşağa deyil, valideynə tətbiq edilir. 
Əgər yetkinlik yaşına çatmayan vətəndaş avtomobili vəsiqəsiz idarə edibsə, o zaman həmin şəxsin sürücülük vəsiqəsi almaq hüququ 18 deyil, 20 yaşında yaranır. Ağırlaşdırıcı hallarda məhkəmə daha uzun müddət təyin edə bilər. 
Ümumiyyətlə, Fransa qanunvericiliyində təhlükəli sürücülərdən qurtulmağın sadə və konkret yolu tapılıb: sürücülük vəsiqəsi ilə yanaşı avtomobili də müsadirə etmək. Necə deyərlər, avtomobil yoxdursa xuliqanlıq etməyə, qayda pozmağa vasitə də yoxdur. 
Sizcə, bu təcrübədən bəhrələnməyə dəyərmi?

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh