Sürücü və piyada məsuliyyətsizliyi: yol faciələrinin qarşısını necə alaq? - TƏHLİL

Yazarlar 27 Noyabr 2024 11:25 Oxunub 108
Sürücü və piyada məsuliyyətsizliyi: yol faciələrinin qarşısını necə alaq? - TƏHLİL
WhatsApp kanalımıza abunə ola bilərsiniz

 

Mütəmadi olaraq, yollarda istər sürücülər, istərsə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasını hallarına rast gəlinir. Qayda pozuntusu əksər hallarda yol qəzalarına, sürücü, sərnişin və ya piyadanın xəsarət almasına və ya ölümünə səbəb olur. Mütəmadi maarifləndirmə kampaniyalarına baxmayaraq, istər sürücülərin, istərsə də piyadaların məsuliyyətsizliyi sonda faciələrə gətirib çıxarır. Təkcə bu ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1434 nəfər olub. Onlardan 520-si ölüb, 914-ü isə yaralanıb. Bu ilin 10 ayı ərzində piyadaların qaydaları pozması nəticəsində isə 23 yol qəzası olub, 9 nəfər ölüb, 15 nəfər xəsarət alıb. Bəs görəsən yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün daha sərt addımlar atılmalıdırmı?

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli məsələ ilə bağlı deyib ki, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində təmsil etdiyi qurum tərəfindən mütəmadi olaraq nəzarət və profilatik tədbirlər davam etdirilir:

"Lakin təəssüflə qeyd etmək lazımdır ki, edilən xəbərdarlıqlara baxmayaraq, bu gün bəzi sürücü və piyadalar yol hərəkəti qaydalarına biganə yanaşırlar. Nəticədə yol-nəqliyyat hadisələrinin qurbanına çevrilirlər. Sürücülər tərəfindən pozulan qaydalara nəzər salsaq, əsasən, sürət həddinin aşılması, ara məsafəsinin düzgün saxlanılmaması, sükan arxasında telefondan istifadə, manevretmə və nasaz nəqliyyat vasitələrinin istismarını qeyd etmək olar". 

Piyadavurmalara gəlincə isə T.Nəsirli bildirib ki, bu hadisələr əsasən onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdə və işıqlandırılmayan ərazilərdə daha çox qeydə alınır.

İdarə rəsmisi xatırladıb ki, cari ilin on ayı ərzində respublika ərazisində piyadaların günahı ucbatından baş vermiş 23 yol-nəqliyyat hadisəsi nəticəsində 9 nəfər həyatını itirib, 15 nəfər yaralanıb. T.Nəsirli saytımız vasitəsilə bir daha hərəkət iştirakçılarına müraciət edərək söyləyib: "Bütün qeyd olunanları nəzərə alaraq, yol hərəkəti iştirakçılarından xahişimiz odur ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Unutmaq olmaz ki, arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilərlər".

Məsələ ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə piyadaların yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşmasından və qaydaları kobud şəkildə pozmalarından danışıb. O söyləyib ki, məhz bu səhlənkarlığın ucbatından ağır qəzaların baş verməsi, ölüm hallarının qeydə alınması kimi hadisələrə rast gəlinir.

Ekspert deyir ki, əksər hallarda piyadalar yeraltı, yerüstü və eynisəviyyəli piyada keçidləri olduğu halda ondan istifadə etmirlər. O, aparılmış təhlillərə əsasən söyləyib ki, piyadaların vurulması ilə nəticələnən yol qəzalarının böyük əksəriyyəti keçidlərin yaxınlığında baş verir: "Bu isə əksər hallarda onların dünyasını dəyişmələri, yaxud da ömürlük travma almaları ilə nəticələnir. Təəssüf ki, bəzi hallarda bu cür qəzalar valideynlərin məsuliyyətsizliyi ucbatından baş verir və qəzada həm valideyn, həm də övladı qurbana çevrilə bilir".

Mütəxəssis hesab edir ki, orta məktəblərdə yol hərəkəti ilə bağlı təbliğat işlərini gücləndirmək lazımdır. Hazırda mövcud dərsliklərdə bununla bağlı qısa məlumat verildiyini xatırladan ekspert düşünür ki, bu yetərli deyil:

"Övladlarımız az da olsa, yol hərəkəti qaydalarından məlumatlıdırlar. Amma məlumatlı olmaqla yanaşı onu həyatda tətbiq etmək problemi ilə üzləşirlər. Orta məktəblərdə müəllimlər şagirdlərə təlim zamanı onların işıqforda qırmızı işıqda keçməli olmadıqlarını, piyada keçidlərindən istifadə etməli olduqlarını öyrədir. Bu yaxşı haldır. Amma dərsdən çıxdıqdan sonra müəllimin özünün qırmızı işıqda keçdiyini, piyada keçidindən istifadə etmədiyini, sükan arxasında telefonla danışdığını görəndə bu həmin şagirdələrə pis nümunə olur. Ona görə də bununla bağlı maarifləndirmə işi sırf səmimi atmosferdə qurulmalıdır. Yəni, insanların sözləri ilə əməlləri üst-üstə düşməlidir".

"Digər tərəfdən, piyada keçidlərinin azlığı və işıqlandırmanın zəif olduğunu da qeyd etmək olar. Yerüstü piyada keçidlərinin xüsusi olaraq işıqlandırılması gərəkdir. Fikrimcə, bu istiqamətdə ciddi işlər görmək lazımdır. Keçidlərin rəngləndirilməsi elə aparılır ki, bəzən bu gün vurulan rəng 3 aydan sonra yox olur. Bəzən piyada keçiddən istifadə etmək istəsə də, onu görə bilmir. Yaxud da sürücü keçidi vaxtında görərək, sürəti azalda bilmir, hətta keçidin üstündə belə piyadanı vura bilir. Hesab edirəm ki, bu məsələlərlə bağlı ciddi addımlar atılmalıdır".  

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında baş vermiş yol-nəqliyyat hadisələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı isə 13,7 faiz azalıb. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,1 faiz, yaralananların sayı isə 13,3 faiz azalıb. Bütün yol-nəqliyyat hadisələrinin 38,8 faizi bir neçə nəqliyyat vasitəsinin, 38,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 22,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,8 faizini, yaralananların isə 71,6 faizini kişilər təşkil edib.

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

(iqtisadiyyat.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh