Sürücülər benzini maye qaza dəyişir - “Qiymətdə yarıbayarı fərq var...”
Son illər Azərbaycanda avtomobillərə maye qazla işləməsi üçün quraşdırılan avadanlıqlara maraq çoxalıb. Elə buna görə də ölkədə mövcud sistemləri quraşdıran şirkətlərin da sayında artım müşahidə olunur. Paytaxt yollarında hərəkət edərkən müxtəlif reklam roliklərində, tablolarında bu cür şirkətlərin adına rast gəlmək mümkündür. Əsas məsələ isə təhlükəsizlik tələblərinə nə dərəcədə əməl olunmasıdır. Yəni, hər hansı şirkətin bu işlə məşğul olması üçün uyğunluq sertifakatı mütləq olmalıdır.
Azərbaycanda bu işlə məşğul olan şirkətlərə lisenziya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir.
Bu arada bildirək ki, minik avtomobillərini maye qazla işlətmək məsələsi ölkəmizdə yeni-yeni gündəmə gəlsə də, dünyada “Ekoqaz” sistemindən uzun illərdir ki, istifadə olunur. Çünki bu sistemdə qazın sərfiyyatı artıq olsa da, benzinə nisbətən daha sərfəlidir.
“Qafqazinfo” mövcud avadanlıqların quraşdırılması, təhlükəsizlik qaydalarına əməl edilib edilməməsi ilə bağlı araşdırma aparıb. Ölkədə sözügedən avadanlığın quraşdırılması ilə məşğul olan şirkətin direktoru Muhtar Tayşi qeyd edib ki, mövcud qaz avadanlıqları benzinlə işləyən injektorlu bütün avtomobillərə quraşdırılır: “Ancaq bu avadanlığı dizel mühərrikli maşınlara quraşdırmaq mümkün deyil. Avtomobilin baqaj hissəsinə qaz balonu qoyulur və bundan sonra mühərrikə bir neçə detal əlavə edilir. Bununla da avtomobil həm maye qaz, həm də benzinlə işləyə bilir. Sürücülər tərəfindən bizə sistemin quraşdırılması üçün çoxlu müraciətlər edilir. Elə buna görə də filiallarımızın sayını artırırıq”.
Qiymət məsələsinə gəlincə isə şirkət rəhbəri bildirib ki, avadanlığı 4 silindirli maşınlarda quraşdırmağın qiyməti 1500 manatdan başlayır: “6 slindirli 1800 manat, 8 silindirli isə 2200 manatdır. Bütün avadanlıq şirkət tərəfindən təmin edilir. Müştəriyə 1 il zəmanət veririk. Bu benzinə nisbətən daha sərfəlidir. İndi hazırda bir maşın nə qədər benzin yandırırsa, qazla işləyəndə onun sərfiyyatı artır. Yəni 10 litr benzin sərf olunursa, qaza keçən zaman bu 11 litr olur. 10 litr benzinə 9 manat pul verirsiniz, ancaq o həcmdə qaza 4 manat 40 qəpik pul ödəyirsiniz. Qiymətlərdə yarıbayarı fərq var”.
O, həmçinin əlavə edib ki, LPG sisteminin, yəni propan butan qazının avtomobilə quraşdırılmasının heç bir təhlükəsi yoxdur:
“Dünyada bu sistemdən istifadə olunur. Avtomobilə quraşdırılan “qaz beyni” təhlükə anında partlamanın və ya alışmanın qarşısını alır. Bizim quraşdırdığımız sistemlər hazırda dünyanın ən təhlükəsiz sistemləridir. Bizim təhlükəsizlik klapanlarımız var. Quraşdırdığımız baklar 27 barometr təzyiqə davamlıdır. Heç bir təhlükəsi yoxdur. LPG sistemini yanacaqdoldurma məntəqələrində 8 -15 barometr təzyiqlə vururlar. Ancaq metan sistemində qaz 250 barometr təziyiqlə vurulur. Ona görə də metanın boş bakları çox ağırdır. Əsl təhlükə yaradan da metan sistemləridir. Çünki metan sistemi dünyada böyük həcmli maşınlar üçün nəzərdə tutulub. Şirkətimiz Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhadətnamələr, Dövlət Yol Polisi tərəfindən xüsusi icazələr alıb”.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mövzuyla bağlı bildirib ki, bu məsələ yol polisi ilə razılaşdırılmalıdır: “İcazə alındıqdan sonra müvafiq lisenziyası olan, texniki təmir stansiyalarında zəmanətlə bu sistem quraşdırılır. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılır. Avtomobilin şəhadətnaməsində hansı qaz yanacağı ilə işləməsi barədə xüsusi qeydlər yazılır. Hər nəqliyyat vasitəsində bunu quraşdırmaq mümkün deyil. Xüsusilə də sərnişindaşıma həyata keçirməyən ümumi nəqliyyat vasitələrinə bu şamil olunur. İstehsalçı zavod tərəfindən maye qazın istifadəsi üçün icazə varsa bu halda heç bir problem yoxdur.
Şirkətlərə xüsusi lisenziya Fövqəladə Hallar Nazirliyi tərəfindən verilir. Onların verdiyi sənəd əsasında dövlət yol polisində müvafiq qeydiyyat aparılır ki, bu nəqliyyat vasitəsi həm benzin, həm də maye qazla işləyə bilər.
Sürücülər avadanlığı quraşdırdıqdan sonra yol polisində qeydiyyatdan keçmirsə, həmin halda məsuliyyətə cəlb olunurlar. Normativ sənədlər pozulmaqla əlavə avadanlığın quraşdırılmasına görə sürücülər 150 manat miqdarında cərimə edilir. LPG sistemi propan butan, CNG sistemləri isə metan qazı ilə işləyir”.
Qaz istehsalı üzrə mütəxəssis Yaşar Əliyev propan butan və metan qazlarının tərkibi ilə bağlı açıqlama verib. O bildirib ki, təbii qaz əsasən metan qazından (CH4) və az miqdarda etan (C2H4) qazından əmələ gəlir: “ LPG-nin (mayeləşmiş qaz) isə yarısı Propan (C3H8) və digər yarısı isə butan (C4H10) qazlarının qarışımından əmələ gəlir. Hər üç qaz neft quyularından qarışım halda hasil olunur. Metan qazı təbii qaz olaraq, digərləri isə neft qarışımı olaraq çıxmaqdadır. Metan eyni zamanda qaz quyularından da hasil olunur. LPG neft quyusundan hasil olunmaqla yanaşı, neftin emalı prosesində də əldə olunur. Metan qazının sıxlığı havanın sıxlığının yarısı qədərdir. LPG-nin sıxlığı isə, havanın sıxlığından iki dəfə çoxdur. Ona görə də, ev və iş yerlərində qaz sızıntısı olduğu təqdirdə LPG yerdə yığılıb qalır. Ona görə LPG üçün detektor yerə-döşəməyə yaxın yerləşdirilir.
LPG-nin enerjivermə qabiliyyəti isə metan qazına və ya təbii qaza nisbətən 2,5 dəfə çoxdur. Digər tərəfdən LPG maye olaraq litrlə ölçülür və təbii qaz isə qaz halında kubmetrlə satılır. Həmçinin qeyd etmək lazımdır ki, sənayedə qazın təmizlənməsi mexaniki, elektrik və fiziki kimyəvi üsullarla aparılır. Mexaniki və elektrik qaz təmizləmə üsulları qazı bərk və maye, fiziki-kimyəvi üsul isə qaz qatışıqlarından təmizləmək üçün tətbiq olunur. Qazdan yanacaq kimi istifadə ediləcəyi təqdirdə çox zaman texnoloji tələblərə uyğun olaraq, onun tam qurudulmasına ehtiyac qalmır. Qazı əvvəlcə qurudaraq zərərli qarışıqlardan, azot oksidlərindən, qazların kimyəvi emalına mane olan katalitik zəhərlərdən, korroziya törədən su buxarı və bəzi karbohidrogenlərdən təmizləyirlər.
Metan qazı kimyəvi formulu CH4 olan sadə karbohidrogendir, az zəhərlidir. Propan qazı -alkanlar sinfindən C3H8 üzvi maddədir. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir. Butan qazı-alkanlar sinfindən C4H10 üzvi maddədir. Daha çox zəhərlidir.
Metan, o cümlədən propan və butan doymuş karbohidrogenlər sırasına mənsub olan və adi şəraitdə qaz halında olan kimyəvi birləşmələrdir. Qeyd edək ki yerdən çıxan təbii qazın tərkibində 98%-ə qədər metan olur.Metan qazı məişətdə qaz yanacağı kimi işlədilməsinə baxmayaraq son zamanlar ondan daxiliyanma mühərriklərində də yüksək oktanlı yanacaq kimi istifadə edilməkdədir. Təmizlənmiş və istifadəyə hazır olan metan qoxusuz ,dadsız və rəngsiz qazdır.Havadan 1,8 dəfə yüngüldür. Yanıcıdır. Hava ilə qarışığı güclü partlayıcı xassəyə malikdir.
Havanın tərkibində həcmcə 4.4-17% olduqda qığılcımdan partlayış verə bilir. Metan adi temperaturda nə qədər yüksək təzyiqdə sıxılsa da mayeləşə bilmir.
Bütün bunlara baxmayaraq metan kifayət qədər asanlıqla balonlarda saxlana bilinir. Metan xüsusi balonlara kompressorlar vasitəsilə yüksək təzyiq altında doldurularaq istifadə üçün saxlanıla bilinir. Belə sıxılmış qaz CNG (Compressed Natural Gas , sıxılmış təbii qaz) adlanır. Hazırda Bakı şəhərində fəaliyyət göstərən BakuBusun avtobusları sıxılmış metanla doldurulmuş balonlarla işləyir və özünü çox doğruldur.
Propan və butan da adi şəraitdə qazdırlar. Propan və butanın ən müsbət cəhətlərindən biri odur k,i onlar adi temperaturda yüksək təzyiqdə sıxılarsa qaz halından maye şəklə keçir. Bu cür mayeləşdirilmiş qaz elmi dildə LPG (ing. Liquefied petroleum gas-Mayeləşdirilmiş neft qazı) adlanır. Daxili yanma mühərriklərində istifadə olunmazdan çox-çox əvvəllər belə maye qaz doldurulmuş balonlar məişət qaz yanacağı kimi geniş istifadə olunub və olunmaqdadır. Hər birimizə yaxşı tanış olan qaz alışqanlarının daxilində gördüyümüz şəffaf yüngül maye məhz LPG –mayeləşdirilmiş propan-butan qarışığıdır. Propan və butan da təmiz olarsa qoxusuzdur. Bizə yaxşı tanış olan xarakterik qaz qoxusu təhlükəsizlik üçün bu qazın tərkibinə cüzi miqdarda əlavə edilən pis qoxulu odorantlarin nəticəsidir.
Propan və butan qarışmış hava ilə uzun müddət tənəffüs edilərsə bu insana zəhərləyici təsir göstərir.Hər iki qaz mərkəzi sinir sisteminə güclü təsir edən narkotik xassəyə malikdir. Propan havadan 1.5 dəfə, butan isə 2 dəfə ağırdır.Odur ki, bu qazlar qapalı otaqlarda havaya sızarsa görünməz maye şəklində yerin səthində toplaşaraq təhlükə törədə bilir”.