Sürücülər pərdə və plyonkadan istifadədə niyə maraqlıdırlar? - ARAŞDIRMA

Yazarlar 5 May 2022 22:48 Oxunub 4572
Sürücülər pərdə və plyonkadan istifadədə niyə maraqlıdırlar? - ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avtomobil insanın həyatını asanlaşdırır. Avtomobil olmasa, insan müasir həyatın inkişaf etdiyi ritmə düşə bilməz.

Xüsusilə böyük və sıx məskunlaşan şəhərdə maşın lazımdır. Məsələn, ictimai nəqliyyatla hərəkət edən şəxs, lazım olan yerə çatmaq üçün bir neçə saat sərf edir. Üstəlik, çöldə hava pisdirsə, yağış yağırsa və ya güclü külək əsirsə, avtomobil lazımdır. Belə vəziyyətlərdə öz nəqliyyat vasitəsi olmadan insan evdən çıxmaq istəmir. Həmçinin, əgər ciddi zərurət soyuq havada onu işə getməyə məcbur edərsə, soyuqdəymə və bir neçə gün xəstələnmə riski ilə üzləşir. Buna görə də, böyük şəhərlərin sakinləri şəxsi avtomobilin olmasını çox yüksək qiymətləndirirlər. Axı, bu, onlara çox vaxt qənaət etməyə kömək edir. Müasir həyatın tempi avtomobili sadəcə olaraq əvəzolunmaz nəqliyyat vasitəsinə çevirir.

Əksər insanlar üçün avtomobil dəbdəbəli olmaqdan çıxaraq, sadə bir nəqliyyat vasitəsinə çevrildi. Təbii ki, bahalı avtomobillər var. İnsan belə maşının sükanı arxasına keçəndə digər sürücülərdən üstün olduğunu hiss edir. Bir çox insan avtomobilini ailəsinin üzvü kimi qəbul edir. Günəş effektinin yüksək olduğu havalarda avtomobilə minmək istəmirik. Çünki güclü isti avtomobili od kimi edir və normal idarə etməyə imkan vermir. İsti havalarda maşına minərkən hiss etdiyimiz nəfəs darlığı isə çox çətindir. Lakin bu, təxminən 3-5 dəqiqə çəkir. Təsəvvür edin ki, avtomobiliniz saatlarla qızmar istinin altında qalıb. Bu dəhşətdir. Bəs avtomobilimizi qızmar istidən necə qoruya bilərik?

Maşınların çölünü qızmar günəşdən qorumaq üçün isti şam üsulunu tətbiq edə bilərsiniz. 40°C və 90°C-də əriyən şam avtomobilin səthinə vurulduqda toz, ultrabənövşəyi şüalar, təzyiqli su və kimyəvi dərmanlara məruz qalan avtomobil səthini qorumağı bacarır. Avtomobilin şüşə filmi varsa, salonu şüşə filmi olmayan avtomobillərdən bir qədər soyuq olacaq. Günəş şüalarını böyük ölçüdə sındıran pəncərə filmi UV və IR şüalarından xilas olmaq üçün istifadə edilən üsullardan biridir. Zaman-zaman istifadə etdiyimiz üsullardan biri olan avtomobil örtüyü üsulu keyfiyyətli materialdan istifadə edildiyi təqdirdə avtomobilinizin boyasını və salonunu böyük ölçüdə qoruyur. Lakin örtüyü alarkən onun hava keçirən strukturda olmasına diqqət edək. Keyfiyyətsiz plastik örtüklər günəşin təsiri ilə deformasiyaya uğraya və avtomobilin səthinə toxunaraq onu zədələyə bilər. Əlbəttə ki, rəng faktorunu unutmayın. Tünd rənglərdən qaçaraq açıq rənglər seçə bilərsiniz. Tünd rənglər həmişə günəşi daha çox udur. Bəs, gəlin görək ümumiyyətlə avtomobildə pərdə və plyonkadan istifadə etməkdə əsas səbəb nədir? Sürücülər niyə bunda maraqlıdırlar?

Avtosfer.az xəbər verir ki, SİA məsələ ilə bağlı ekspert və mütəxəssislərin fikirlərini öyrənib.

Nəqliyyat eksperti Elməddin Muradlı: “Avtomobillərdə pərdə və plyonkadan istifadə bütün dünyada var. Dünyada olan sürücülərin buna olan marağı da başadüşüləndir. Çünki bu bir aksesuardır. Bu avtomobili gözəlləşdirərək daha görkəmli görsənməyinə şərait yaradır. Daha doğrusu, avtomobildə hərəkət edən sürücünün və sərnişinlərin rahatlığını təmin edərək onları günəş şüasından qoruyur.

İlk növbədə avtomobilin görünüşünə təsir göstərir deyə maraq böyükdür. Buna dünyanın bir çox ölkələrində ümumiyyətlə heç bir məhdudiyyət qoyulmur. Hətta bəzi ölkələrdə sürücülər demək olar ki, avtomobilin dörd bir yanını plyonka edə bilir. Sadəcə bir çox ölkələr bunu qadağan edir. Avropa İqtisadi Komissiyasının 42 saylı qərarında göstərilir ki, sürücüdən arxada qalan şüşələrin tündləşdirilməsi sürücünün öz öhdəliyinə buraxılır. Bunun da təhlükəsizliklə bağlı izahı var ki, sürücüdən arxada qalan şüşələr onun üçün heç bir təhlükə deyil. Bu səbəbdən də icazə verilir. Azərbaycanda da bu məsələ böyük problem yaradırdı, insanlar lüzumsuz yerə cərimə olunurdu. Bu cərimə də 150 manat olmaqla kifayət qədər böyük bir məbləği əhatə edirdi. Lakin artıq Azərbaycan da Avropa İqtisadi Komissiyasının qərarına uyğun olaraq qanun qəbul etdi. Daha doğrusu, ötən ilin əvvəlləri Milli Məclis tərəfindən İnzibati Xətalar Məcəlləsinə və Yol Hərəkəti Haqqında qanuna dəyişiklik olundu. Ardınca da cənab Prezident tərəfindən sərəncam imzalandı. Bu sərəncamla da həmin qanun qüvvəyə mindi. Eyni zamanda, Nazirlər Kabinetinə 3 ay vaxt verildi ki, bununla bağlı standartları müəyyənləşdirsin. Artıq 1 il 1 ay olub və Nazirlər Kabineti hələ də standartı müəyyənləşdirməyib. Sürücülər də bu səbəbdən problemlə qarşılaşırlar. Yol polisi sürücüyə əsaslı şəkildə deyir ki, “qanun dəyişikliyi qüvvəyə minməyib, Nazirlər Kabineti hər hansı qərar verməyib, qanun tələbi budur və mən də bunu icra edirəm”. Problem də buradan yaranır ki, bu boşluqlar niyə aradan qaldırılmır və sürücüləri bu qədər incitməkdə məqsəd nədir?”.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: “Pərdə və plyonkalar hər zaman aktual problem olaraq cəmiyyətimizdə müzakirələrə səbəb olub. Qurumlar öz işlərini yüngülləşdirmək üçün bunlardan istifadənin qadağan edilməsini tələb edir. Sürücülər, xüsusən də gənclər xarici filmlər və kompyuter oyunlarının təsiri altında, biraz da qanlarında “avtoşluq” həyəcanı olduğuna görə plyonka və pərdələrin maşınlara vurulmasının tərəfdarıdırlar. Hər iki tərəfin də öz arqumentləri var. Hüquq Mühafizə Orqanları və aiddiyyatı dövlət qurumları bildirirlər ki, vətəndaşların təhlükəsizliyi, görmə maneəsi olmaması, avtomobildə cinayətkar qrup üzvlərinin qeyri-qanuni əməllərdən istifadə etməməsi üçün plyonka və pərdələrin yığışdırılması vacibdir. Vətəndaşlar isə bildirir ki, plyonka və pərdələrlə bağlı təhlükə varsa, bu təhlükə plyonkasız da mümkündür. Həmçinin, şəhərin bütün küçələri təhlükəsizlik kameraları ilə təchiz edilib”. İnsanlar həmişə gizliliyə və qaranlığa meyl ediblər. Həm kimnənsə gizlənən, həm də gizli olana baxmaq istəmək insanın təbiətində var. Bu bizim təbiətdən gələn heyvani tərəfimizə dəlalət edir. Yəni, insan həmişə ovçu olaraq qaranlıq yerləri ovlamaq axtarışındadır. Mən, ictimai nəqliyyatdan istifadə etsəm də, fərdi nəqliyyat vasitəm də var. Amma heç vaxt plyonka və pərdəyə meyl etməmişəm. Çünki gizli heç bir iş görmürəm. Avtomobil idarə edərkən başqalarının məni görməyi məndə qıcıq yaratmır. Bu çox normal bir haldır. İstərdim ki, bizim insanlar da bunu normal qarşılasınlar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh