Reklam

Sürücülər üçün siqnal dərsi – Harada gəldi siqnal vermək mədəniyyətsizlikdir

Yazarlar 1 İyun 2015 17:19 Oxunub 8081
Sürücülər üçün siqnal dərsi – Harada gəldi siqnal vermək mədəniyyətsizlikdir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunlar və qaydalar varsa, sürücü mədəniyyəti də olmalıdır

Ölkəmizdə, xüsusən də Bakı şəhərində yol hərəkəti mədəniyyəti ilə bağlı ən ciddi problemlərdən biri avtomobillərin səs siqnalları ilə bağlıdır. Problem başlıca olaraq iki istiqamətdə nəzərə çarpır:

1. Avtomobillərdə mövcud olan standarta uyğun siqnaldan qaydaları pozmaqla istifadə edilməsi;

2. Bəzi avtomobillərə standarta uyğun olmayan səs siqnallarının qoyulması və onlardan istifadə.

Hər iki problem yollarımızda gərginliyə səbəb olur, yaşayış məntəqələrində lazımsız səs-küy doğurmaqla insanların əsəblərinə toxunan mənzərə yaradır. 

Birinci problemi, yəni normal səs siqnallarından lazımsız yerə istifadəni ölkəmizdə formalaşan yanlış təcrübənin nəticəsi də adlandırmaq olar. Bəzi sürücülərimiz bir-biri ilə “salamlaşmaq”, hətta yaşayış binasının yuxarı mərtəbələrindəki mənzildən ailə üzvlərini çağırmaq üçün də səs siqnallarından istifadə edirlər. Belə mədəniyyətsizliyi normal məntiqə sıxışdırmaq bəzən çətin olur. 

Yol hərəkəti qaydalarında səs siqnallarından istifadəyə yol verilən hallar dəqiq və aydın şəkildə göstərilmişdir. Nəqliyyat vasitələrində səs siqnallarından yalnız iki halda istifadə oluna bilər:

1) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün. Bu halda səs siqnalı başqa hərəkət iştirakçıla-rının diqqətini cəlb etməyə, onları daha diqqətli olmağın, qaydalardan kənara çıxan, təhlükə yaradan hərəkətlərdən çəkinməyin zəruriliyi barədə xəbərdar etməyə yönəlib. Bu məqsədlə səs siqnalı həm ya-şayış məntəqəsində, həm də bundan kənar yollarda verilə bilər. Lakin svetoforda qabaqda dayanan avtomobilin bir az ləng tərpənməsi kimi hallar heç bir halda qəza vəziyyəti sayılmır və belə hallarda səs siqnalı vermək qəti qadağandır.

2) yaşayış məntəqəsindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda. Səs siqnalından bu məqsədlə yaşayış məntəqəsində istifadə qadağandır.

Səs siqnalının verilməsinə yol verilən hal olduqda isə sürücülər bu siqnalı zəruri müddətdən artıq verməməlidirlər.

Avtomobil siqnalları ilə bağlı ikinci problem bəzi intizamsız şəxslərin öz avtomobillərinə standartlardan kənar siqnallar quraşdırması və ondan istifadəsi ilə bağlıdır. Bu da kifayət qədər qeyri-mədəni və kobud davranışdır.

Məlumat üçün bildirirəm ki, bütün növ nəqliyyat vasitələrinin səs siqnalları üçün standartlar mövcuddur. Həmin standartlarda səs siqnallarının həm səsinin tipi, həm də gücü müəyyən olunur. Səs tipi belədir ki, bütün adi nəqliyyat vasitələrində bir tipli (monofonik) səsi olan, yəni avazı dəyişməyən siqnallardan istifadə oluna bilər. Çox səsli (polifonik), yəni avazı dəyişən səs siqnallarının adi nəqliyyat vasitələrində olması birmənəlı olaraq qadağandır. Avazı dəyişən səs siqnalları yalnız operativ nəqliyyat vasitələrində ola bilər. Özü də belə nəqliyyat vasitələrinə qoyulan xüsusi çoxavazlı (“sirena” tipli) səs siqnallarının da konkret standartı var. Bu standartlarda həm belə siqnalın səsinin yol verilən maksimum gücü, həm də sirenanın tipi nəzərdə tutulur. Bunların da özbaşına pozulması qadağandır və ciddi qanun pozuntusu sayılır.

Beləliklə, sürücülərimiz bilməlidirlər ki, onların şəxsi avtomobillərində avazı dəyişən (çoxsəsli, polifonik) siqnalların, o cümlədən “Fi-Fa” tipli siqnalların, heyvan, insan, quş, təbii hadisə səsi çıxaran siqnalların quraşdırılması qəti qadağandır. Bundan başqa, səs siqnalının gücü də həmin növ nəqliyyat vasitəsi üçün yol verilən maksimumdan artıq olmamalıdır. Ən başlıca məsələ isə normativ tələblərə uyğun olan siqnallardan qaydalara çərçivəsində istifadədir. Bu qaydaların pozulması çox eybəcər səs fonu yarıdr və bunu edən şəxslərin mədəniyyətsizliyini, intizamsızlığını göstərir.

Qanunvericilik səs siqnallarından istifadə ilə bağlı məsuliyyəti də hüquq pozuntusuna görə fərqləndirir.

İnzibati Xətalar Məcəlləsinin (İXM) 151-2.2-ci maddəsi nəqliyyat vasitəsində mövcud olan standarta uyğun səs siqnalından qaydaları pozmaqla istifadəyə (yəni yuxarıda göstərdiyim iki haldan başqa digər hallarda səs siqnalı verməyə) görə 30 manat cərimə nəzərdə tutur. Nəqliyyat vasitəsinə standartdan kənar çoxavazlı səs siqnallarının qoyulması isə İXM-in 155.7-ci maddəsinə əsasən, 500 manatdan 800 manatadək cərimənin tətbiqinə səbə olur. Özü də belə siqnal müsadirə edilməli, onun nəqliyyat vasitəsinin dayandırıldığı yerdə sökülməsi mümkün olmadıqda isə həmin nəqliyyat vasitəsi mühafizə olunan duracağa (cərimə meydançasına) yerləşdirilməlidir. Cərimə meydançasına qoyulumş belə avtomobil yalnız həmin qanunsuz siqnalı söküldükdən sonra sahibinə verilə bilər. 

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh