Banner

Sürücülər və piyadalar mütləq baxsın və oxusun – VİDEO

Yazarlar 14 Aprel 2015 08:42 Oxunub 2882
Sürücülər və piyadalar mütləq baxsın və oxusun – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol hərəkəti qaydaları piyadaya istənilən halda özünü yola ataraq yolu keçməyə başlamaq hüquqi vermir

Son vaxtlar Avtosfer.az-a müraciət edən sürücülər piyada keçidində piyadaya yol verməməyə görə cərimə olunduqlarını, lakin bundan narazı qaldıqlarını deyirlər. Həmin sürücülərdən biri deyir ki, Dövlət Yol Polisi İdarəsindən onun ünvanına bir neçə kamera görüntüsü göndərilib. Məlum olub ki, bu görüntülər sürücünün piyada keçidində piyadaya yol verməməsini çəkib. Lakin 6 görüntünün 3-də görünən budur ki, piyada keçidində – zebrada piyada, ümumiyyətlə, yoxdur. Amma kamera çəkib.

Başqa bir məqam isə ondan ibarətdir ki, bəzən sürücülər piyadalarla bağlı haqlı narazılıqlarını da dilə gətirirlər. Məsələn, 5-6 zolaqlı yolda piyada zebraya daxil olub 1-2-ci zolaqla hərəkət edirsə, 6-cı zolaqla gedən maşın dayanıb ona yol verməlidirmi? Və ya, iki istiqamətli yolda piyada birinci istiqamətdə zebra ilə hərəkət edərkən əks istiqamətdəki maşınlar da dayanıb yol verməlidirmi? Yəni, piyadanı gözləməlirmi?

Avtosfer.az-ın təqdim etdiyi bu videoda qoşa xəttin sol tərəfində əks istiqamətdən gələn avtomobillərin piyada keçidində olan piyadalara yol verməyə borclu olub-olmamaları barədə məsələyə aydınlıq gətirmək üçün yol hərəkəti qaydalarına nəzər yetirmək lazımdır. “Yol hərəkəti haqqında“ Qanunun 40-cı maddəsinin ikinci hissəsinin tələbinə əsasən, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Həmin maddənin 3-cü hissəsində isə deyilir ki, keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər. Bu iki müddəanı birgə təfsir etdikdə aydın olur ki, piyada imkan daxilində avtomobillərə maneə olmamalıdır və hətta yolun bir tərəfini keçən piyada həmin yolun ikinci tərəfində hərəkətdə olan avtomobillərə maneə olacağını gördükdə ayırıcı xəttin (bu videoda qoşa xəttin) üstündə dayanaraq avtomobillərə yol verməlidirlər. Qanunun 54-cü maddəsinin birinci hissəsində deyilir ki, əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Bu norma sürücüdən piyadalara münasibətdə çox diqqətli olmağı və piyada keçidində olan piyadaya yol verməyi tələb edir. Amma bu normanı da mütləq mənada götürmək olmaz və 40-cı maddənin ikinci və üçüncü hissələri ilə birgə tətbiq etmək lazımdır. Çünki yol hərəkəti qaydaları piyadaya istənilən halda özünü yola ataraq yolu keçməyə başlamaq hüquqi vermir. Əksinə, qaydalar piyadadan tələb edir ki, həm avtomobillərin hərəkətinə maneə olmasın, həm də öz təhlükəsizliyini qorusun. Odur ki, ilk növbədə piyadalar nəqliyyat vasitələrinə maneə olmamalı, sürücülər isə imkan daxilində, xüsusən avtomobilin texniki imkanları nəzərə alınmaqla, o cümlədən yolda qəza şəraiti yaratmamaq şərti ilə piyadalara güzəşt etməlidirlər.

Videodakı vəziyyətə hüquqi qiymət vermək üçün həm də “yol vermək” anlayışına nəzər yetirmək lazımdır. Qanunun 1-ci maddəsinin 41-ci bəndindən aydın olur ki, hər hansı hərəkət iştirakçısı yalnız o halda yol verməlidir ki, yol vermə vəziyyəti yaransın. Başqa sözlə, əgər sürücü və ya başqa hərəkət iştirakçısı üstün hərəkət hüququ olan digər hərəkət iştirakçısına (piyadaya, başqa avtomobilə və s.) maneə olmursa, yolvermə vəziyyəti mövcud deyil və dayanmağa heç bir ehtiyac yoxdur. 

Deməli, qeyd olunanları ümumiləşdirdikdə və videoya nəzər yetirdikdə aydın olur ki, qoşa xəttin sol tərəfində olan avtomobillər piyadaya yol verməli deyillər. Ona görə də piyadadan əvvəl keçiddən keçərək hərəkət edən avtomobillərin heç birinin sürücüsü qaydanı pozmur.

Ümumiyyətlə, bu tipli məsələlərə çox həssaslıqla yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, əsas məsələ təhlükəsizlikdir. Bununla belə, fasiləsiz hərəkət də çox vacibdir. Ona görə də yolun uzaq kənarındakı hərəkət zolağında keçidə daxil olan piyadaya yol vermək üçün əks tərəfdə keçid qarşısında dayanmağa ehtiyac yoxdur. Belə olsa, yolların hər yeri dayanacağa çevrilər.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh