Sürücülər yollara niyə balta-bıçaqla çıxır? - TƏHLÜKƏ
Ötən həftənin kriminal xronikasından bizə boylanan 2 hadisə diqqəti sürücülərə yönəldib. İlk həyəcanlı xəbərin baş qəhrəmanı həmkarımız, jurnalist Zülfüqar Xeyirxəbər oldu. Xeyirxəbər idarə etdiyi “Mercedes” markalı, Az 99 BC 360 nömrə nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı, Az 99 AD 149 nömrə nişanlı avtomobillə təqib olunmuş, maşını məcburi qaydada dayandırılmışdı. “Daewoo”dan düşən sürücü, 1993-cü il təvəllüdlü Seymur Mustafazadə həmkarını döymüşdü. Məlum olmuşdu ki, yolda xırda bir mübahisədən dolayı Seymur Mustafazadə özündən çıxıb, coşub və Xeyirxəbəri döyüb. Olay ictimailəşəndən sonra isə jurnalistə yalvarışlar başlamışdı ki, Seymur Mustafazadəni bağışlasın. Xeyirxəbərin də mövqeyi normal oldu, yol “canavarı”nı bağışlamadı, həbsə aldılar. 2 gün əvvəl isə yenə də yol qanlı bir olaya şahidlik etdi. Bakının Həsən bəy Zərdabi küçəsində şəhər sakini, 35 yaşlı Fərid Məmmədovu qətlə yetirildi.
İlkin məlumata görə, Həbib Babaverdiyev avtomobillə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F. Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev Fərid Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb. Görülmüş tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən Həbib Babaverdiyev və olay vaxtı yanında olan C.Cavadlı ilə R.Bünyatzadə də saxlanılıblar.
Azərbaycan məhkəmələrində yollarda baş verən mübahisələrdən doğan cinayət əməlləri tez-tez araşdırma predmeti olmaqdadır. Bu gün bir çox sürücülərin əli altında dəyənək, beysbol taxtası, dəmir boru, bıçaq, təkər açarı, ling, çəkic, hətta kərpic də tapılır. Halbuki sadalananlardan yalnız təkər açarı sürücünün gərəyi ola bilər. O da sürücünün ayaqları altında deyil, maşının yük yerində, xüsusi qablaşdırmada saxlanılmalıdır.
Nəqliyyat vasitəsində müxtəlif silah gəzdirmək hansı zərurətdən doğur?
Yollarda şiddət, aqressiya həddi niyə kəllə-çarxdadır? Maşın çarxları niyə sürücü qanına bulaşır?
Bu gedişatın qarşısını necə almaq olar?
Avtosfer.az saytının baş redaktoru, yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı yollarda baş verən qanlı olayların kökündə cəmiyyətdə artmaqda olan psixoloji gərginliyin dayandığına əmindir. Deyir ki, avtomobil idarə etmək səbir və təmkin tələb edir: “Yollarda elə vəziyyət yaranır ki, artıq səbir-təmkinə yer qalmır. Sürücü mədəniyyətinin aşağı olması, yol hərəkət qaydalarından bixəbər sürücülərin yollarda olması da ciddi faktorlardır. Baxırsan ki, sürət həddi 90 olan zolaqda biri 50-60-la gedir. Ağlına da gəlmir ki, digər zolaq saatda 60-la hərəkət üçün nəzərdə tutulub. Digər sürücü irad bildirəndə isə olduqca aqressiv reaksiya sərgilənir. Yəni bu gün yolların döyüş meydanına çevrilməsinin bir səbəbi yollarda ”Ağanəzərəm belə gəzərəm, harada istəsəm, orada gəzərəm" düşüncəli sürücülərdir".
“Bu, adam vurmaq üçün küt alət idi”
Elməddin Muradlı təklif edir ki, gələcəkdə belə hadisələrin qarşısını almaq üçün yol polisi və post-patrul xidməti birgə reydlər keçirməlidir: “Bu gün belə bir reyd keçirilsə, Bakı şəhərində hərəkətdə olan avtomobillərin 30-40 faizində hər cür silah aşkarlamaq olar. Beşbarmaq, dəyənək, beysbol taxtası, bıçaqlar aşkarlamaq olar. Ötən həftə belə bir reyd Yasamal rayonu ərazisində keçirildi. ”Tofaş" markalı maşının sürücüsü nəqliyyat vasitəsini qoyub qaçdı. Maşının salonundan 1 metrə yaxın uzunluğu olan boru aşkarlandı. Hansının ki, bir tərəfini “izolent”lə dolamışdılar. Yəni əl tutmaq üçün yararlı hala gətirmişdilər. Bu, adam vurmaq üçün küt alət idi. Maşında narkotikin çəkisini müəyyən etmək üçün tərəzi də vardı. Sürücülər yanlarında belə alətlər gəzdirirlər. Bəziləri bunu özünümüdafiə üçün maşında saxladıqlarını deyirlər. Amma kimsə deyə bilməz ki, affekt halında həmin silahla, küt alətlə sürücü həmkarını o dünyalıq etməyəcək. Bütün nəqliyyat vasitələrindən belə əşyalar yığışdırılmalıdır. Bunun üçün reyd keçirilməli, nəqliyyat vasitələrində silah və silah qismində alətlər saxlayan sürücülər cəzalandırılmalıdır".
“Psixoloji gərginlik içində olan şəxs yola çıxır, əlinin altında ”lom", balta ilə"
Elməddin Muradlı sürücülərin sürücülük vəsiqəsini dəyişdirərkən məcburi müayinədən keçirilməsi qaydalarının bərpa olunmasını vacib hesab edir: “Əvvəllər 10 ildən bir sürücülük vəsiqəsi dəyişdirilirdi. Bu zaman sürücülük vəsiqəsini dəyişdirən vətəndaş məcburi tibbi müayinədən keçirilirdi. Bu zaman sürücünün psixoloji durumu da yoxlanılırdı. Bu gün isə belə qayda yoxdur. 18 yaşında sürücülük vəsiqəsini alan şəxs bir də 70 yaşını haqlayanda müayinədən keçirilir. Yəni sürücünün psixoloji durumunun yoxlanılması vacib olan şərtlərdəndir. Psixoloji gərginlik içində olan şəxs yola çıxır, əlinin altında ”lom", balta ilə. Sanki müharibəyə gedirmiş kimi yola çıxırlar. Belə şəxslər çox xırda, əhəmiyyətsiz bir olaya görə qarşısındakını hətta öldürməyə hazır olurlar. Cəmiyyətdə böyük gərginlik var və məişətdən yollara sirayət etməyə başlayıb. Hesab edirəm ki, yollarda reydlər keçirməklə belə hadisələrin böyük qisminin qarşısını almaq olar".
“Yollarda da belə hadisələr içdən gələn aqressiyadan doğur”
“Güzgü Dəyişim və İnkişaf Mərkəzi”nin rəhbəri, psixoloq Fərqanə Mehmanqızı yollardakı qanlı olayların kökündə sürücülərin daxili aqressiyasının dayandığını düşünür: “Bu gün ümumilikdə cəmiyyətdə daxili aqressiya çox güclüdür. İstər ailədaxili məsələlərdə olsun, istərsə də ictimai yerlərdə belə hallar müşahidə edilir. Gənclər arasında sanki bir aqressiya yarışması var. Kimin aqressiyası daha çoxdur, demək o güclüdür düşüncəsi hökm sürür. Bu gün insanlarda empatik bacarıq, özünü başqa insanın və ya canlının yerində hiss etmə bacarığı, başqasının dərdinə şərik olma hissi çox aşağıdır. Ona görə də kiməsə bir söz demək olmur, dərhal hücumçu reaksiyası əmələ gəlir. İnsanlar arasında şiddət çoxdur. Bu gün küçədə gəzən insanların üzündən sanki zəhrimar yağır. İnsanlar bir-birindən içərisindəki aqressiyanın intiqamını almağa çalışırlar. Bütün problemlərinin səbəbkarı kimi qarşılarında olan insanı görən fərdlər çoxalıb. Yollarda da belə hadisələr içdən gələn aqressiyadan doğur”.
“Xırda bir məsələdən dolayı böyük bir cinayətə getməkdən çəkinmirlər”
Psixoloq insanlarda aqressiyanın artmasının əsas qaynaqlarından biri kimi filmləri görür: “Xüsusən türk seriallarında şiddət, özbaşınalıq təbliğ olunur. Özgüvəni olmayan insanlar belə serialların qəhrəmanlarına bənzəməyə, özlərini onlara oxşatmağa çalışırlar. Həmin filmlərin qəhrəmanları isə əllərində, maşınlarında silah gəzdirir, hər an istənilən şəxsə atəş aça bilirlər. Filmlərdə belələri qəhrəman kimi göstərilir. Özgüvəni olmayan insanlar da belə serialların təsiri altına daha tez düşürlər. Özlərinin lider olduqlarını göstərmək üçün məişətdə, yollarda, küçədə xırda bir məsələdən dolayı böyük bir cinayətə getməkdən çəkinmirlər”.
Psixoloq deyir ki, belə halların yayılmasının qarşısını almaq üçün ümumiyyətlə efirdən şiddət təbliğ olunan filmlər yığışdırılmalıdır: “Ailədaxili qətllər, intiharlar, yollarda aqressiya artan xətlə gedəcək. Qadınlara, uşaqlara, ümumilikdə insanların bir-birinə qarşı aqressiyası artan xətlə inkişaf etməkdədir”.
Psixoloq sistemli şəkildə maarifləndirmə işlərinin aparılması yolu ilə cəmiyyətdaxili aqressiyanı aradan qaldırmağın mümkün olduğunu vurğuladı.
Sabiq polis rəisindən yollarda döyülməmək üçün “resept”
Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri, sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, nəqliyyat vasitəsində soyuq silahların, küt alətlərin gəzdirilməsi qanunla qadağandır: “Polis əməkdaşları nəqliyyat vasitəsində belə alətlər aşkarladıqda sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb oluna bilər. Hətta cinayət əməli kimi də qəbul edilə bilər. Maşında niyə dubinka, beşbarmaq olmalıdır?”
Mahmud Hacıyev deyir ki, yollarda hər cür şəxsə rast gəlinir: “İnsan var mədənidir, özünə güvənir, emosiyalarına sahib çıxır, intellekti var. İnsan da var ki, tərbiyə görməyib, özünə güvəni yox səviyyəsindədir, aqressivdir. Beləsi yolda nə hoqqadan desən çıxmağa meyllidir. Hər kəsə qıcıqlıdır. Cəmiyyətdə hər cür insan var”.
Mahmud Hacıyev yollarda döyülməmək, öldürülməmək üçün “resept” də açıqlayıb: “Yolda kimsə təqib olunursa, ən yaxşı variant nəqliyyat vasitəsini dayandırmamaqdır. Təqib edilən 102-ni də yığıb məlumat verə bilər, hansına ki, dərhal reaksiya veriləcək. Və ya xidmət aparan yol patrul xidməti və ya post-patrul xidməti avtomobili yanında nəqliyyat vasitəsini əyləyib baş verənləri anlada bilər. Kimisə təqib edirlərsə, saxladıb ona ”çox sağ ol" deməyəcəklər ki? Təqib ediləni saxlatmaqda məqsəd dalaşmaq istəyindədir. Maşından nə ilə düşəcəyi də bilinmir. Bəziləri maşınlarında bıçaq gəzdirirlər. Yollarda belə hallar olanda nəqliyyat vasitəsini dayandırmaq olmaz. Hərəkəti polisin yanına çatana qədər davam etdirmək lazımdır. Hansı ki, yollarda kifayət qədər polis xidmət aparır. Polisin yanına çatmısızsa, deməli, bir xuliqanlıq hərəkətində, bir cinayətdə tərəf olmaqdan yayına bilmisiniz".
“Nazir hər 2 addımdan bir polis qoymalıdır küçəyə?”
Mahmud Hacıyev deyir ki, cəmiyyət də belə hadisələrə biganə qalmamalıdır: “Baxırsan ki, bir nəfəri döyüb öldürürlər. Yaxınlıqda dayananlar da tamaşa edir. Kimsə yaxınlaşıb tərəfləri sakitləşdirmək istəmir. Cəmiyyətdə zorakılığa bir loyallıq var. Hər şeyi polisin üzərinə atmaq tendensiyası var. Hamı ”polis hara baxır" deməklə qınayır. Axı polis də sənin kimi bu cəmiyyətin üzvüdür də. Nazir hər 2 addımdan bir polis qoymalıdır küçəyə? Cəmiyyət də belə hadisələrə qarşı olmalıdır. Sənin də bir təpərin olsun da, reaksiya ver, qan tökməyə imkan vermə də. Dərd ondadır ki, yolda hücuma məruz qalan yol kənarındakı 4-5 şəxsin, ağsaqqalın yanında saxlayıb kömək istəyə bilmir. Adamlar biganədirlər, döyənin, əzənin tərəfində dayanmaqdan çəkinmirlər. 20-30 il əvvəl belə hadisələr olmurdu, olanda isə cəmiyyət aqressiv ton nümayiş etdirəni qınayır, ona qarşı çıxırdı. Bu gün isə tam əksidir".
“Sanki Cənubi Afrika ölkəsindədirlər...”
Mahmud Hacıyev deyir ki, polis üzərinə düşən vəzifəni yerinə yetirir: “Bütün yükü polisin üzərinə yükləməklə, polis var deyib ayağını sallamaqla belə hadisələrin qarşısı alınmaz. Cəmiyyətin belə hadisələrə reaksiyası adekvat olmalıdır. Sanki Cənubi Afrika ölkəsindədirlər, maşında hər cür soyuq silah, küt alət gəzdirirlər. Belə halların qarşısını almaq lazımdır. İnzibati Xətalar Məcəlləsi ilə maşınında ”lom-lapatka" gəzdirən sürücüləri məsuliyyətə cəlb etmək vacibdir".
“Yeni Müsavat”