Sürücülərə və yol polisinə qaranlıq qalan kəmər məsələsi
Son günlər xüsusi aktuallıq kəsb edən təhlükəsizlik kəməri söhbətinə bir daha toxunmaq istəyirəm. Kütləvi informasiya vasitələrinin, hətta DYP əməkdaşlarının verdiyi suallardan belə başa düşürəm ki, hələ də kifayət qədər ciddi məlumatsızlıq var. Ona görə də qanunvericiliyin bununla bağlı mövqeyini qısaca xatırlatmaq istəyirəm.
1. Bizim “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin tələbinə əsasən, nəqliyyat vasitəsinin hərəkəti vaxtı sürücü konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik kəmərini bağlamalıdır. Özü də onun istifadə qaydasına uyğun bağlamalıdır (bəzi “ağıllı” sürücülər kimi kəmərin yalnız sinədən çarpaz keçən hissəsini polisə göstərmək üçün üstünə atmamalıdır). İstisna yalnız sürücü hamilə qadınlara, geriyə hərəkət edən nəqliyyat vasitəsinin sürücüsünə, “Təlim” nəqliyyat vasitəsində təlim keçən təlimatçıya (o həm sürücü, həm də sərnişindir) və yaşayış məntəqəsi daxilində operativ nəqliyyat vasitəsinin sürücüsünə aiddir. Xatırladıram ki, ümumi istifadədə olan yollarda istismar üçün nəzərdə tutulan bütün müasir minik avtomobillərində, yük avtomobillərində və avtobuslarda (o cümlədən şəhərdaxili ayaq üstə sərnişin daşıyan avtobuslarda) sürücü üçün təhlükəsizlik kəməri olmalıdır. Kəməri bağlamayan sürücü İXM-in 329.1-ci maddəsinə əsasən, 40 manat cərimə olunacaq.
2. “Yol hərəkəti haqqında” Qanunun 37-ci və 41-ci maddələrinə əsasən, 12 yaşından yuxarı bütün sərnişinlər nəqliyyat vasitəsinin hərəkəti vaxtı konstruksiyada nəzərdə tutulmuş təhlükəsizlik kəmərini bağlamalıdırlar. İstisna yalnız hamilə qadınlara və yaşayış məntəqəsində hərəkətdə olan operativ nəqliyyat vasitələrinin sərnişinlərinə aiddir. Şəhərdaxili daşımalar üçün nəzərdə tutulan və ayaq üstə sərnişin daşınmasına da yol verilən avtobuslardan başqa, müasir avtomobillərin (minik, yük avtomobilləri və müxtəlif növ avtobuslar) demək olar ki, hamısında sərnişinlər üçün təhlükəsizlik kəməri olmalıdır. Bizim qanunun hərfi mənasına görə, əgər istehsalçı sərnişin üçün təhlükəsizlik kəməri nəzərdə tutmayıbsa, deməli, sərnişin kəmər bağlamadan da bu nəqliyyat vasitəsində daşına bilər (hazırda istismarda olan bəzi köhnə minik və yük avtomobillərində, hətta bəzi avtobuslarda və mikroavtobuslarda sərnişinlər üçün kəmər yoxdur). Sərnişinin hərəkətdə olan nəqliyyat vasitəsində kəməri bağlamamasına görə İXM-in 338.3-cü maddəsinə əsasən, ona 30 manat cərimə tətbiq olunur. Lakin 16 yaşından aşağı uşaqlara cərimə tətbiq oluna bilməz. Həm də nəzərə almaq lazımdır ki, bizim qanunvericilik kəməri bağlamayan sərnişini daşıdığına görə sürücü üçün hər hansı cərimə nəzərdə tutmur. Beləliklə, bir daha xüsusi vurğulamaq istəyirəm ki, 16 yaşından yuxarı sərnişin istər qabaq oturacaqda, istərsə də arxa oturacaqda, yaxud avtobusun salonunda, yük avtomobilinin kabinəsində kəmərsiz hərəkət edərsə, buna görə 30 manat cərimə oluna bilər. Lakin belə hal üçün sürücü hər hansı məsuliyyət daşımır.
İndi də motodəbilqə məsələsinə toxunaq. Özü də bu daha maraqlıdır.
3. “Yol hərəkəti haqqında” Qanunun 37-ci və 46-cı maddələrinə əsasən, bizim ölkəmizdə bütün növ motosikletlərin və mopedlərin (o cümlədən mühərrikli velosipedlərin) sürücülərinin motodəbilqə taxması məcburidir (hər hansı istisna yoxdur). Velosipedçilərin dəbilqə taxması məcburi deyil (“Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsinin ümumi normasını rəhbər tutan bəzi adamlar elə düşünürlər ki, velosipedçilər üçün də dəbilqə məcburidir, lakin “Yol hərəkəti haqqında” Konvensiyanın dəqiq müddəasına əsasən, velosipedçilər üçün belə məcburiyyət yoxdur). Motosiklet sürücüləri dəbilqəsiz motosiklet sürməyə görə İXM-in 329.2-ci maddəsinə əsasən 40 manat, moped sürənlər isə dəbilqəsiz sürməyə görə İXM-in 338.4.4-cü maddəsinə əsasən 40 manat cərimə olunacaqlar.
4. Motosikletin bütün sərnişinləri də dəbilqə geyməlidirlər (bizim qanunvericilik mopedlə sərnişin daşınmasını ümumiyyətlə qadağan edir, baxmayaraq ki, Konvensiyanın bu məsələdəki mövqeyi yenə də fərqlidir). Dəbilqə geyinməyən motosiklet sərnişini İXM-in 338.3-cü maddəsinə əsasən 30 manat cərimə olunacaq. Maraqlısı odur ki, dəbilqəsiz sərnişini daşıyan motosiklet sürücüsünün özü də buna görə İXM-in 329.2-ci maddəsinə əsasən 40 manat cərimə olunacaq. Yəni motosiklet sürücüsünün özünün dəbilqəsi olsa da, onun sərnişininin dəbilqəsi yoxdursa, buna görə o, 40 manat, həmin sərnişin isə 30 manat cərimə olunacaq. Lakin 16 yaşına çatmayan sərnişini yenə də cərimələmək olmaz, amma məsələn sərnişin 15 yaşındadırsa, motosikletçi 40 manat cərimə olunacaq, sərnişin isə cərimə olunmayacaq.
Xatırladıram ki, 12 yaşa çatmamış uşağı motosikletin arxa oturacağında sərnişin olaraq daşımaq qadağandır. Bunu edən motosikletçi İXM-in 327.2-ci maddəsinə əsasən, 60 manat cərimə olunacaq və ona 3 cərimə balı tətbiq olunacaq.
Ərşad Hüseynov,
hüquqşünas