Sürücülərin diqqətinə: bu nişana laqeyd yanaşmayın! - FOTO
Yeni dərs ilinin başlanması yollarda, xüsusən də Bakıda və digər iri şəhərlərin küçələrində uşaqlara qarşı daha diqqətli olmağı tələb edir. Avtosfer.az təəssüflə bildirir ki, hər il onlarla azyaşlı yollarımızda günahsız qurbana çevrilirlər, xeyli sayda uşaqlar şikəst olurlar. Apardığımız təhlillər göstərir ki, uşaqların zərər çəkdiyi qəzaların xeylisi uşaqlara dair təhlükəsizlik tədbirlərinə biganə yanaşmanın nəticəsidir.
Biz böyüklər, xüsusən də sürücülər uşaqlara münasibətdə iki məqama çox həssas yanaşmalıyıq. Bunlardan birincisi piyada uşaqların nəzərə alınmasıdır. Sürücülər unutmamalıdırlar ki, uşaqlar aşağıdakı üç səbəbdən piyada qismində daha təhlükəlidirlər və onlara xüsusi diqqət tələb olunur:
1. Uşaqların yol hərəkəti təhlükəsizliyi barədə, ümumiyyətlə təhlükəsizlik barədə bilgiləri zəifdir və onlar baş verə biləcək nəticəni düşünmədən ən təhlükəli hərəkətlərə yol verə bilərlər. Deməli, yolun ən təhlükəli yerlərində uşaqların olması, onların svetoforlara məhəl qoymaması və s. belə hərəkətlərə hər bir sürücü hazır olmalıdır.
2. Uşaqlar daha dinamikdirlər, qəflətən, qaça-qaça avtomobilin qabağına çıxa bilərlər, yaxud yolda başqa sərt hərəkət edə bilərlər. Ona görə də hər bir sürücü hərəkət istiqamətindəki uşağı gözdən qoymamalıdır.
3. Uşaqlar boyca balacadırlar və bu səbəbdən hətta sedan tipli avtomobillərin də arxasında görunməz ola bilərlər. Sürücülər xüsusən məktəblərin və başqa uşaq müəssisələrinin ətrafında yolda hər an uşaqla qarşılamağa hazır olmalıdırlar.
Məhz yuxarıda göstərilən üç səbəbə görə yol hərəkəti qaydalarında uşaqlar barədə sürücüləri xəbərdar etmək üçün xüsusi nişan - 1.21 «Uşaq¬lar» nişanı təsis edilmişdir. Bu nişan xəbərdarlıq nişanları arasında nadir nişanlardandır ki, ondan sonra hansısa məxsusi məhdudiyyət və ya qadağa olmaya bilər. Bununla belə, həmin nişan özlüyündə sürücüdən diqqətli və ehtiyatlı olmağı tələb edir. Sürücü bu nişanın qoyulduğu yol sahəsinə daxil olduqda sürəti artırmamalı, hətta imkan daxilində azaltmalı, ötmə, zolaqda yerdəyişmə kimi manevrlərdən çəkinməli, hər an hərəkət hissəsində uşaq olacağına hazır olmalıdır.
1.21 nişanı xüsusi qaydada quraşdırılır. Bu nişanı məktəb, uşaq bağçası, düşərgə və başqa bu kimi uşaq təşkilatlarının yanından keçən və hərəkət hissəsinə uşaqların çıxması ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Uşaqların hərəkət təhlükəsizliyi barədə təsəvvürlərinin zəif olduğu nəzərə alınaraq bu nişanın təkrarlanmaqla xüsusi qaydada tətbiqi nəzərdə tutulub; birinci nişan təhlükəli sahənin başlanğıcına ən azı 100 metr qalmış, ikinci nişan isə ən azı 50 metr qalmış qoyulmalıdır. İkinci nişan təhlükəli yol sahəsinin, yəni yolun uşaq təşkilatının yanından keçən hissəsinin uzunluğunu göstərən 7.2.1 lövhəciyi ilə birlikdə qoyulmalıdır.
Yollarda uşaqların qorunması üçün diqət etməli olduğumuz ikinci məqam uşaqları sərnişin qismində daşıyarkən görəcəyimiz təhlükəsizlik tədbirləridir. Bu zaman da uşaqların düşüncə səviyyəsi və fiziki göstəriciləri nəzərə alınmalı, onlar mümkün qəzalardan qorunmalı, habelə onların sürücüyə mane olmasının qarşısı alınmalıdır. Uşaqların əl-qolunu və başını pəncərədən bayıra çıxartması, hərəkətdə olan avtomobildə sərt hərəkətlər etməsi təhlükəlidir. Ən təhlükəlisi isə balaca uşaqların qabaq oturacaqda böyüklərin qucağında və ya tək daşınmasıdır. Hətta bəzi məsuliyyətsiz sürücülərin uşağı öz qucağında tutaraq avtomobil idarə etmək kimi ağılsız hərəkətlərini də görmək mümkündür. Nəzərə almaq lazımdır ki, qabaq oturacaqda böyüklərin qucağında olan uşaq adi sərt tormozlamada da həmin böyük adamın bədəni ilə avtomobilin konstruksiyası arasında qalaraq ölümcül xəsarət ala bilər. Özü də bu çox sadə baş verir: özünü qoruma instinkti ilə hərəkət edən böyük adam bir neçə saniyəliyə uşağı unudur və bu, həmin uşağın ölümcül zədələnməsi üçün bəs edir.
Uşaqları yollardakı təhlükələrdən qorumağın ən yaxşı üsulu onlara yol hərəkəti qaydalarını, sərnişin və piyada üçün təhlükəsizlik tələblərini öyrətməkdir. Bu səbəbdən övladlarınızı qorumaq üçün onlara yaxşı şeylər öyrədin. Özü də nəzərə alın ki, öyrətməyin ən yaxşı metodu gözəl nümunədir. Yəni özünüz intizamlı və diqqətli olun, qaydaları pozmayın, görəcəksiniz ki, övladlarınız da sizin kimi davranır.
Ərşad Hüseynov,
hüquqşünas