Banner

Sürücülərin sərxoşluğunun yoxlanılması qaydaları belə olacaq - İZAH

Yazarlar 8 İyul 2014 02:13 Oxunub 56749
Sürücülərin sərxoşluğunun yoxlanılması qaydaları belə olacaq - İZAH
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərxoşluq ən azı iki HAL şahidinin iştirakı ilə müayinə edilməlidir

Nazirlər Kabineti 27 iyun 2014-cü il tarixli, 209 saylı Qərarı ilə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinin yeni qaydalarını təsdiq etmişdir. Bu qaydalar çoxdan qəbul edilməli idi, çünki bugünədək sürücülərin sərxoşluğu sovet dövründən qalan qaydalar üzrə müəyyən edilirdi. Sürücünün sərxoşluğunun müəyyən edilməsinin yeni qaydaları əvvəlki qaydalardan ciddi surətdə fərqlənməsə də, bir neçə yenilik də var. Yeni qaydalar İnzibati Xətalar Məcəlləsinin (İXM) müəyyən etdiyi ümumi müddəalardan çıxış edərək sərxoşluğun müəyyən edilməsinin IKI FƏRQLI PROSEDURUNU müəyyən edir: 1) sərxoşluğun  DYP əməkdaşları tərəfindən yerində müəyyən edilməsi; 2) sərxoşluğun tibb müəssisəsində müəyyən edilməsi. DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Həmin ƏLAMƏTLƏR BUNLARDIR: a) sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəlməsi; b) sürücünün ayaq üstə sərbəst dayana bilməməsi; c) onun özünü idarə edə bilməməsi. Alkotester vasitəsilə alkoqol sərxoşluğu, narkotester vasitəsi ilə narkoloji sərxoşluq müəyyən olunur. Həm alkotester, həm də  narkotester steril olmalı və onlardan istifadə sanitariya-gigiyena qaydalarına riayət edilməklə keçirilməlidir. Sürücünün üfürdüyü xüsusi boru olan alkotester nəfəslə verilən havada etil spirtinin olmasına, saqqız kimi ağızda qısa müddət çeynənilərək çıxarılan narkotester isə ağız suyunda (tüpürcəkdə) narkotik vasitələrin, psixotrop maddələrin olmasına reaksiya verir. 

Yeni qaydalar da İnzibati Xətalar Məcəlləsinin müəyyən etdiyi ümumi müddəalardan çıxış edərək alkotester və narkotesterin tətbiqini, habelə onların göstəricilərinin qəbul edilməsini sürücünün iradəsindən asılı edib. Yəni sürücü bu vasitələrlə sərxoşluğun müayinəsindən imtina edərsə, yaxud həmin vasitələrin sərxoşluğun olmasına dair göstəricilərini qəbul etməzsə, sərxoş sayıla bilməz və mütləq tibbi müayinədən keçirilməlidir. 

Sərxoşluğun tibbi müayinəsi də sərxoşluğun növündən asılı olaraq həyata keçirilir. Tibb müəssisəsində alkoqol sərxoşluğu qanın analizi yolu ilə, narkoloji sərxoşluq isə qanın, tüpürcəyin, sidiyin və s. müvafiq tibbi metodlarla analiz edilməsi yolu ilə müəyyən edilə bilər. Tibbi müayinə müvafiq tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilməlidir. 

Yeni qaydalar alkoqol sərxoşluğunun və narkoloji sərxoşluğun meyarlarını da müəyyən etmişdir.  Alkoqol sərxoşluğu dedikdə, qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması başa düşülür. Yəni sürücünün 1 litr qanında 0,3 qram və ya daha artıq təmiz etil spirti olarsa, o, sərxoş sayılır. Narkoloji sərxoşluq dedikdə isə sürücünün orqanizmində miqdarından asılı olmayaraq narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin olması başa düşülür.

Lakin alkoqol sərxoşluğun meyarı kimi yalnız qanda olan alkoqolun miqdarının göstərilməsini yeni qaydaların ciddi qüsuru saymaq olar. Bu çatışmazlıq xeyli təcrübi problem yaradacaq. Məsələ burasındadır ki, dünyanın bütün dövlətlərində alkoqol sərxoşluğu həm qanda olan etil spirtinin yol verilən yuxarı həddi ilə, həm də buraxılan nəfəsdə etil spirtinin yol verilən yuxarı həddi ilə müəyyən edilir.  Belə yanaşma yeni qaydaların özünün də daxili məntiqsizliyi kimi qiymətləndirilə bilər. Çünki DYP əməkdaşı yerində alkoqol sərxoşluğunu yalnız buraxılan nəfəsin alkotesterlə müayinəsi yolu ilə müəyyən edir. Alkotesterlə qanda etil spirtinin miqdarı müəyyənləşdirilə bilməz. Nəfəsdə etil spirtinin yol verilən yuxarı həddinin göstərilməməsi isə alkotesterin müsbət reaksiyasının nə vaxt sərxoşluq sayılmalı olduğu sualını açıq qoyur. Belə çıxır ki, alkotester müsbət reaksiya verdiyi istənilən halda şəxsin qanı da tibbi müayinə yolu ilə yoxlanmalıdır.

Nəzərə almaq lazımdır ki, sərxoşluğun müayinəsi İnzibati Xətalar Məcəlləsinin müvafiq normalarına tam riayət edilməklə keçirilməlidir. Məcəllənin tələbinə əsasən, sərxoşluq ən azı 2 HAL ŞAHIDININ IŞTIRAKI ILƏ müayinə edilməlidir, sürücünü tibbi müayinəyə göndərməzdən əvvəl bu barədə ayrıca protokol tərtib edilməlidir, tibbi müayinənin nəticələri xüsusi aktla rəsmiləşdirilməlidir və s. Bu qaydaların pozulması sərxoşluğun müayinəsinin nəticələrini etibarsız saymaq üçün əsas ola bilər. 

Sürücülər nəzərə almalıdırlar ki, aşkar sərxoşluq əlamətləri olduqda sərxoşluğun müayinəsindən boyun qaçırma qadağandır. Əgər boyun qaçırma cinayət xarakterli yol-nəqliyyat hadisəsi törətmiş sürücü tərəfindən edilərsə, həmin sürücü Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilən qaydada məcburi olaraq tibbi müayinədən keçiriləcəkdir. Sərxoşluğun müayinəsindən heç bir qəza törətməmiş sürücü, yaxud inzibati xəta sayılan qəza törətmiş sürücü imtina etdikdə isə o,  İnzibati Xətalar Məcəlləsinin 156-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcək. Xatırladıram ki, belə halda sərxoşluğun müayinəsindən boyun qaçırmanın sanksiyası (nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla 300 manatdan 700 manatadək miqdarda cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 ildən 2 ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 günədək inzibati həbs) sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmənin sanksiyası ilə, demək olar ki, eynidir. 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Əfqan 3 Oktyabr 2019 13:28
Salam.Alkotester aparatı istismarda olduğu zaman hansı müdətdən bir labaratoriya yoxlanışından keçməlidir və labaratoriyanın verdiyi rəyi sürücü tələb edə bilərmi.Sağ olun
Ferid 16 İyul 2019 17:42
Salam qanunla beledi bes meni saxlayib 0.171 gosterici gosterib ve dusmur deyib seher men olmadan pratakol yazib bu nece olur. Indi men neynemeliyem. Zehmet deyilse cavablandirardiz
Azer 21 Mart 2018 01:59
Alkotestde 0.003 olarsa serxosluq hal hesab edilirmi
Azer 21 Mart 2018 01:53
Alkotestde 0.003 olarsa serxosluq hal hesab edilirmi
Azer 21 Mart 2018 01:52
Alkotestde 0.003 olarsa serxosluq hal hesab edilirmi
Rovsen 10 Fevral 2018 01:40
Surucunu saxlayib agzin iynemek duzdurharda geldi