Sürücülük etikası
Keçən həftə bir neçə nəfər sevinclə məndən DYP-nin ləğv olunmasının nə qədər doğru olduğu haqqında soruşub. Bu məlumatın haradan yaranmasını öyrənməyə çalışdım. Bu, bir saytın yaydığı xəbərin əsasında yaranıb və şayiədir.
Bəs bu xəbərə niyə bu qədər sevinirlər?, - deyə düşündüm. Dövlət Yol Polsinin ləğvi ilə yollarda vəziyyət düzələcəkmi?
Bu sevincə səbəb uzun illər yol polisi nümayəndələrinin davranışlarının nəticəsi və sürücülərin onlara qarşı olan neqativ "hiss"ləridir. Əlbəttə ki, nə sürücülər, nə də piyadalar DYP əməkdaşlarını sevirlər.
Gündən günə ölkəmizdə olan avtomobillərin sayı artır və artıq bir milyonu keçib. Son illərdə elə Bakının özündə yollarda sıxlıq yüksəlib, bəzən tıxaclar yaranır. Tıxaclar isə öz növbəsində yolayrıclarında, dairəvi yol kəsişmələrində və qəza baş verən yerlərdə yaranır. Ortaya sual çıxır: Niyə? Bunun bir neçə səbəbi var.
Birincisi, yollarda olan qaydalar, nişanlar, xətləmələr və sairə bu vəziyyəti yaradır. Yollarda qaydalar sürücüləri çaşdırır. Məsələn, işıqforlarda olan nişanlar onlar işləmədikdə qüvvəyə minir, amma bəzilərində işıqforlar işlədiyi və işləmədiyi hallarda qarışıqlıq yaradır. Yaxud mərkəzi prospektlərdə birtərəfli yollarda qoşa zolaqların olması heç bir məntiqə sığışmır. Hələ onları yeniləyəndə, qırıq-qırıq xətlər də qoyulur. Halbuki yollarda olan qaydalar məntiqlə olmalıdır ki, sürücülər səhv etməsinlər.
İkinci və əsası isə sürücü mədəniyyətidir. Onlar bir-birinə yol vermək istəmirlər, hamı harasa tələsir, tələsdiyi yer olmasa da, hövsələ yoxdur. Bunun səbəbi də tıxaclar ola bilər. Bəzən saatlarla belə tıxaclarda durmaq məcburiyyətindəyik. DYP əməkdaşları gəlməyincə bu həll olmur.
Qəza olan yerlərdə isə mövzu tam başqadır. Xırda bir hadisə olsa belə, yüzlərlə tamaşaçı yığışır. Məqsəd nədir? Sadəcə maraq. Bu da tıxac və sıxlıqların yaranmasıdır. Ağır qəza baş verəndə isə təcili yardım maşını çətinliklə hadisə yerinə keçə bilir.
Bir dəfə Bakı şəhər DYP idarəsində növbədə gözləyirdim. Hamı cərimələnməsinin səbəbini danışırdı. Bir nəftər fəxrlə ərz edirdi ki, yol polisi onu sərxoş saxlayanda, o münaqişə salıb ki, polisi "neprav" çıxarsın.
PPX çağıraraq polis bölməsinə aparıblar. Sonra da daha böyük fəxrlə danışırdı ki, filan qədər "hörmət" edərək məsələni həll edib. Yəni adam sərxoş olaraq, sükan arxasına oturur, hamını risk qarşısında qoyur, kimi isə öldürə bilər, amma bu barədə fəxrlə danışır.
Digər səbəb isə bir-biri ilə mübahisə və münaqişə edərək, sürücülərin əsəbilə.məsidir. Sükan arxasında əsəbi olan şəxslər həm sürəti aşır, həm yol hərəkəti qaydalarını (çox hallarda istəmədən) pozur və sonra da çətinliklə qazandığı pulları cəriməyə verməli olur. Bəlkə, sürücülük mədəniyyətinə riayət edərək, həm öz, həm də ətrafdakılarımıza hörmət edək ki, belə hallar olmasın.
İndi təsəvvür edin ki, DYP ləğv olunur. Yollarda nə baş verə bilər? DYP-ni ləğv etmək yox, islahatlat aparmaq lazımdır. Özü də yeni avtomobillər və forma ilə deyil, daha ciddi. Yol polisinin işi cərimə toplamaq deyil, sürücüləri qaydaları pozmamağa təşviq etməkdir.
Bir tanışım danışır ki, Estoniyada qaydanı pozanda, polis inspektoru cərimə yazmır, azı 30 dəqiqə ona qayda pozuntusu haqqında nəticəni müzahirə oxuyur. Əgər kobudluq edərsə, böyük cərimə edə bilər. Ona görə orada qayda pozmaq istəyən yoxdur.
Ən böyük problem isə odur ki, yollarda olan sürücülərin çox hissəsi nə yol hərəkəti qaydalarını bilir, nə də maşın sürməyi bacarır. Maşın sürmək ancaq sükan, sürət qutusu və pedallardan istifadə deyil, həm də yol hərəkəti qaydalarına riayət etmək, öncədən yoldakı vəziyyəti analiz etmək, qəflətən yaranan çətin vəziyyətdən çıxmaq bacarığıdır. Sözsüz, bunun günahı həm DYP-dədir, həm də sürücülərdə. Sürücülük vəsiqəsini dolayı yolla alanda belə olacaq. Elə problemin kökü bundadır.
Qeydiyyata baxsaq, yüzlərlə sürücülük məktəbi var. Bəs onlar nə ilə məşğuldurlar? Ödəniş qarşılığında sənədləşdirmə və vasitəçiliklə. İnanmıram ki, 90-cı illərdən sonra bu məktəblərdə hansısa sürücü nə isə öyrənib.
Beş il öncə Avstriyada sürücü təhlükəsizlik təlim mərkəzində ezamiyyətdə olarkən, onların işi ilə maraqlandım. Avropada sürücülük vəsiqəsini almaq üçün uzun müddət təlim və dərslərdən keçmək lazımdır. Sonradan nəzəriyyə və praktik imtahanlar verilir. Onu da deyim ki, oradakı sürücülük məktəbləri 10 hektar sahədə olan mərkəzlərdir və müxtəlif qabaqcıl avadanlıqlarla təchiz olunub. Sürücülük vəsiqəsini də məhz bu məktəblər verir və cavabdehlik daşıyırlar. İlk vəsiqə bir illik müddətə verilir. Bu müddət ərzində heç bir qayda pozulması olmazsa, üç ilə uzadılır. Qayda pozuntusu olarsa, yenidən təlim keçib, imtahan verməlidir. Təcrübəsindən asılı olmayaraq, sürücü üç cərimə alarsa, yenə təlim və imtahandan keçməlidir. Onu da deyim ki, bir təlim və imtahanın dəyəri azı 500 avrodur və sürücü tərəfindən ödənilir.
Avstriyada belə mərkəzlər yarandıqdan sonra qəzaların sayı və qəzalarda ölüm hadisələrə sürətlə aşağı enib. Bəlkə, biz də bu təcrübələrdən yararlanıb, yaranan vəziyyətdən çıxmaq imkanı yaradaq? DYP isə qoy yollarda olan vəziyyətə nəzarət etsin.
Təklif edərdim ki, böyük və ciddi özəl sürücü təlim mərkəzləri yaradılsın. Belə mərkəzlərin yaradılması azı beş milyon manat investisiya tələb edəcək. Bunun üçün xarici şirkətlər cəlb edilə bilər. Bakıda artıq iki belə mərkəz var. Amma onlardan biri avtobus sürücülərinə təlim keçir, digəri isə neft şirkətlərinin sürücülərinə. Bu təcrübəni genişləndirmək lazımdır.
Məktəbdə oxuyarkən, təlim istehsalat kombinatında iki illik sürücülük kursu keçmişəm və sürücülük vəsiqəsini 17 yaşımda (18-dən avtomobil idarəetmə şərti ilə) almışam. Bəlkə, bu təcrübəni də genişləndirib, elə məktəblərdən başlayaq? Niyə də olmasın?
Yol Polisinə gəldikdə, onlarla nə zaman son dəfə danışdığımı xatırlamıram. Sürət limitinə, yol hərəkəti qaydalarına riayət edirəm, bacardığım qədər digər sürücülərə yol verirəm, sükan arxasında tələsmirəm, daha doğru strategiya və daha rahat yol seçirəm ki, mənzil başına qısa müddətdə çatım. Ona görə yol polisinə qarşı mənim haqlarımın pozulması haqqında heç bir iddiam yoxdur. Əlbəttə, diqqətsizlikdən mənim də səhvlərim olur. Cərimə alanda isə bir daha bunu təkrar etməməyə çalışıram və cəriməni ödəyirəm, çünki günah özümündür.
Bəlkə, DYP-nin əğvinə sevinmək əvəzinə, özünüzdən başlayasınız ki, sizi cərimə etməsinlər. Əgər bu, qanunsuz olarsa, onu məhkəmədə ləğv etmək olar, məhkəmə xərclərini və mənəvi ziyanı isə DYP-yə yönəltmək. Hər şey çox sadədir. Atalar demiş, heç olmasa öz gözünüzdə tirə də hərdən baxın.
P.S. Əgər fikirlərimi bəyənmirsinizsə, öz təkliflərinizi verin.