Reklam

"Sürücülük vəsiqələrinin əldə edilməsi prosedurları sərtləşdirilməlidir" - Ekspert

Yazarlar 6 Yanvar 2023 19:00 Oxunub 4178
"Sürücülük vəsiqələrinin əldə edilməsi prosedurları sərtləşdirilməlidir" - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2023-cü ilə qədəm qoyduğumuz andan etibarən yol qəzalarının sayı kəskin artıb. Yeni ilin ilk günlərində Bakıda və bölgələrdə faciəvi avtoqəzalar oldu. Baş verən qəzaların ağırlığı və qurbanların çoxunun gənc olması narahatlıq doğuran əsas məqamlardır.

Yol-nəqliyyat hadisələrinə səbəb olaraq adətən sürət, narkotik qəbulu, yuxusuzluq və mobil telefondan istifadə göstərilir. Deputat Tahir Kərimli əsas səbəb kimi sürücülük vəsiqələrinin rüşvətlə əldə edilməsini göstərib: “Hesab edirəm, qəzaların ən mühüm səbəblərindən biri insanların sürücülük qabiliyyətləri olmadan, sürücülük dərsi keçmədən qanundankənar yollarla sürücülük vəsiqəsi almalarıdır. Bununla öz həyatlarını da, başqalarının həyatını da riskə atırlar. Necə deyərlər, avtomobil sürə-sürə sürücülüyü öyrənirlər”.

Elməddin Muradlı

Mövzunu Globalinfo.az-a şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yol-nəqliyyat hadisələrinin sayı 2021-ci il ilə müqayisədə həqiqətən də artıb:

“Ötən il həm Bakı şəhərində, həm də respublikanın digər bölgələrində ölüm faktlarında artım olub. Burada piyadaların vurulması ilə nəticələnən qəzaların da rolu var. Ümumi qəzaların təxminən 42-45%-ni piyada vurmalar təşkil edir. Piyadalarımız yollarda niyə bu qədər özlərini təhlükəyə atırlar, bu da ağır bir mövzudur. Nə qədər maarifləndirmə işi aparılsa da, müsbət nəticə əldə edilmir”.

Ekspert qeyd edib ki, sürücülərin təkmilləşdirilməsinə böyük ehtiyac var:

“Azərbaycanda sürücülük vəsiqələrinin əldə edilməsilə bağlı prosedurlar sərtləşdirilməli, təlimçilər təkmilləşdirilməli, sürücülük məktəblərinin fəaliyyətinə diqqət edilməlidir. Bəzi məktəblərin ancaq qovluğu və müdiri var, 50-100 manat alıb vətəndaşın adını yazır, 45 gün və ya iki aydan sonra çağırıb diplomunu verirlər ki, get imtahana gir. Sağlamlıq arayışı artıq istənilən şəxsə verilir. İmtahan prosesinin harda, hansı formada keçirilməsinə, sürücülərə verilən sualların mahiyyətinə baxılmalıdır”.

E.Muradlı yol hərəkətinin təşkili ilə bağlı danışarkən taksi fəaliyyətinin təkmilləşdirilməsinə çox ciddi ehtiyacın olduğunu qeyd edib:

“Yük və sərnişindaşıma sahəsində ciddi təhlillər aparılmalıdır. Ağır və təhlükəli yüklərin daşınmasını dəmir yoluna istiqamətləndirmək lazımdır. Bu, dünyada gedən prosesdir. Azərbaycanda bunu inkişaf etdirmək əvəzinə, azaltmışıq. İndi də bunun ağır fəsadlarını görürük. Yüklərin çoxu avtomobil nəqliyyatına keçib.

Yol hərəkətinin təşkili və təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır. Cənab Prezident tərəfindən 2018-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda göstərilir ki, yol-nəqliyyat hadisələrinin ölüm hallarının sayı 30%-ə endirilməlidir. Amma görürük ki, avtoqəzaların sayı təxminən 20% artıb. Dövlət Proqramını formal şəkildə icra edəndə nəticəsi belə olmalı idi. Bu il də proqramın icra müddəti artıq başa çatır. Təəssüflə qeyd edirəm ki, o cür möhtəşəm sənədi aidiyyatı qurumlar adi bir kağız parçası kimi qəbul etdilər, işləmədilər və nəticəsi də göz qabağındadır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh