Reklam

Sürücülük vəsiqəsi ilə bağlı yeniliklərdə ciddi qüsurlar var - DİQQƏT

Yazarlar 8 Noyabr 2016 14:43 Oxunub 18182
Sürücülük vəsiqəsi ilə bağlı yeniliklərdə ciddi qüsurlar var - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert Ərşad Hüseynov layihə ilə bağlı maraqlı və əsaslı təkliflər verib

“Yol hərəkəti haqqında” Qanuna sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı dəyişikliklər edilməsinə dair layihə Milli Məclisin gündəliyinə təqdim edilib. Layihəni diqqətlə təhlil etdim və məyus oldum.

Əsas yeniliklər “B” kateqoriyalı sürücülük vəsiqəsi alarkən təcrübi imtahanın mexaniki və ya avtomatik ötürmələr qutusu olan minik avtomobilində verilməsi, habelə xaricdə əldə olunmuş sürücülük vəsiqələrinin Azərbaycanın sürücülük vəsiqəsinə dəyişdirilməsi ilə bağlıdır.

Əslində, ümumi yanaşmanın pozitivliyi hiss olunsa da, layihədə xeyli qüsurlar var. Həmin layihə bu qüsurlarla qəbul edilsə, təcrübədə problemlər yaradacaq. Qüsurları bir-bir qeyd etmək istərdim.

1.  Layihədə terminoloji qüsura yol verilib. Belə ki, onun mətnində müvafiq olaraq “mexaniki  transmissiya” və “avtomatik transmissiya” ifadələri işlədilir. Lakin bu ifadələrin hər ikisi səhvdir və əslində “mexaniki  ötürmələr qutusu” və “avtomatik ötürmələr qutusu” ifadələri işlədilməlidir. Transmissiya və ötürmələr qutusunu eyniləşdirmək olmaz. Bunu avtomobil mühəndisləri çox gözəl bilirlər.

2. Minik avtomobillərini idarə etmək hüququnun belə bölünməsinin əleyhinəyəm. Hər bir məsələyə “Onlarda var, bizdə niyə olmasın?” fikri ilə yanaşmani doğru saymıramq olmaz. Əgər mükəmməl sürücü hazırlamaq istəyiriksə, həmin sürücü mexaniki ötürmələr qutusu ilə təchiz olunan avtomobili də idarə edə bilməlidir. Ölkəmizdə avtomobil parkının mütləq əksəriyyətinin avtomotik ötürmələr qutusu ilə təchiz olunan avtomobillər olacağı təqdirdə həmim məsələyə yenidən baxmaq olar. Hələlik bunu vaxtı çatmamış hesab edirəm. Özü də bu yanaşma növbəti bənddə göstərəcəyim problemi doğuracaq.

3. Layihə olduğu kimi qəbul edilsə, avtomatik ötürmələr qutusu ilə təchiz edilmiş minik avtomobili ilə imtahan verib sürücülük vəsiqəsi alan şəxsin gələcəkdə mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş minik avtomobili idarə edə bilməsi üçün nə etməli olduğu da aydın deyil. Belə çıxır ki, həmin şəxs yenidən ən azı təcrübi imtahan verməli ola bilər. Amma qanunda bu sualın cavabı aydın göstərilməlidir.

4. Xarici ölkələrdə əldə olunmuş sürücülük vəsiqələrinin dəyişdirilməsi məsələsində də terminoloji problem var. Layihədə “yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr” ifadəsindən istifadə olunur. Lakin dünyanın əksər ölkələrində sürücülük vəsiqəsinin verilməsi məsələsi yol hərəkətini tənzimləyən qanunvericiliyin predmeti deyil. Bu məsələ yol hərəkəti təhlükəsizliyinə dair qanunvericiliyin predmetidir. Digər tərəfdən, bu normada birbaşa olaraq “Yol hərəkəti haqqında” 1968-ci il Vyana Konvensiyasının adı çəkilməli, daha sonra ölkəmizin qoşulduğu ikitərəfli müqavilələrə istinad olmalıdır.

5. Layihədə “Yol hərəkəti haqqqında” Qanuna 35-1-ci maddənin əlavə olunması nəzərdə tutulur. Bu dəyişiklikdən sonra Azərbaycan vətəndaşı xarici dövlətdə aldığı sürücülük vəsiqəsindən Azərbaycanda yalnız bir ay müddətində istifadə edə biləcək. Layihəyə əsasən, həmin bir aylıq müddət vətəndaşın xaricdən Azərbaycana daxil olduğu gündən hesablanır. Belə olan təqdirdə ən azı iki ciddi problem yaranacaq:

a) DYP əməkdaşı yolda hərəkət edən və xarici sürücülük vəsiqəsini istifadə edən Azərbaycan vətəndaşının həmin bir ayı ötürüb-ötürməməsini bilmək üçün ən azı onun pasportuna baxmalıdır. DYP-nin isə belə səlahiyyəti (yolda pasport yoxlamaq) yoxdur;

b) “Vətəndaş tez-tez xaricə gedib gəlirsə və hər dəfə Azərbaycanda bir aydan az müddətə qalırsa, onda xarici vəsiqəni dəyişdirməlidirmi?” sualı da açıq qalır. Əslində buna da layihədə cavab verilməlidir.

Bu məsələ həll edilərkən “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının 41-ci maddəsinə 28 sentyabr 2004-cü ildə edilmiş dəyişikliklər nəzərə alınmalıdır. Dəyişikliklərdən sonra 41-ci maddənin 2-ci bəndinin “b” yarımbəndində qeyd olunur ki, bir ölkədə sürücülük vəsiqəsi almış şəxs başqa bir ölkəyə getdikdə və həmin ölkə onun adi yaşayış yeri olduqda öz vəsiqəsini yerli vəsiqəyə dəyişməlidir. Həmin müddəaya əsasən, Azərbaycan vətəndaşı xaricdə aldığı vəsiqəni o vaxt dəyişməlidir ki, o, xarici ölkədə daimi və ya müvəqqəti yaşamasına son qoyaraq Azərbaycanda yaşasın.

Qeyd olunanlara əsaslanaraq düşünürəm ki, barəsində danışılan layihənin qəbul olunmasına heç bir ehtiyac yoxdur. “Yol hərəkəti haqqında” Qanunda xaricdə alınan sürücülük vəsiqələrinin Azərbaycan vəsiqəsinə dəyişdirilməsi şərtləri dəqiq göstərilməlidir.  Elə edilməlidir ki, həmin müddəalar təcrübədə hər hansı problem yaratmadan tətbiq edilə bilsin.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh