Banner

Sürücünü məsuliyyətə cəlb etməyin 4 QAYDAsı var

Yazarlar 13 Noyabr 2014 01:09 Oxunub 2254
Sürücünü məsuliyyətə cəlb etməyin 4 QAYDAsı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşları bu prosedurları yaxşı bilsə və onlara dəqiq riayət etsə, heç bir gərginlik yaranmaz

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin əsas vasitələrindən biri də yol hərəkəti təhlükəsizliyinə effektiv nəzarətdir. Bu nəzarət dünyanın hər yerində bir qayda olaraq, polisin xüsusi bölmələri tərəfindən həyata keçirilir. Təhlükəsizliyə nəzarətin bir neçə istiqaməti mövcuddur. Onlardan biri yol hərəkəti qaydalarını pozanların aşkar edilərək məsuliyyətə cəlb edilməsidir. 

Qaydanı pozan şəxsin məsuliyyətə cəlb edilməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ən son əl atılan vasitədir. Çünki söhbət artıq pozulmuş qaydadan və buna görə məsuliyyətdən gedir. Bu səbəbdən dünyanın inkişaf etmiş ölkələrində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərə, hərəkətin təşkilindəki və tənzimlənməsindəki problemlərin aradan qaldırılmasına, hərəkət iştirakçılarının maarifləndirilməsinə və başqa bu  kimi məsələlərə daha çox diqqət ayrılır. Bununla belə, qaydaları pozan şəxslərin məsuliyyətə cəlb olunaraq cəzalandırılması da yollarda nizam-intizamın təmin edilməsində mühüm rol oynayır. 

Hərəkət iştirakçılarının, o cümlədən  sürücülərin məsuliyyətə cəlb edilməsi o deməkdir ki, həmin şəxs barəsində konkret sanksiya (cərimə, sürücülük hüququnun məhdudlaşdırılması, qadağan olunmuş avadanlığın müsadirəsi, hətta inzibati həbs) tətbiq edilir. Bu isə həmin insanın hüquq və azadlıqlarına qanunla müəyyən olunmuş qaydada və həddə müdaxilə deməkdir. Ona görə də hərəkət iştirakçılarının məsuliyyətə cəlb edilməsi sözün birbaşa mənasında insan hüquq və azadlıqları müstəvisinə çıxır. Bu səbəbdən məsuliyyətə cəlb edilmənin qaydası, konkret sanksiyalar, onların hədləri, tətbiq edilmə şərtləri və başqa bu kimi məsələlər qanunvericilikdə birmənalı və aydın şəkildə tənzimlənməli, təcrübədə isə həmin normalara ciddi riayət edilməlidir

Bəzən hərəkət iştirakçılarının, o cümlədən sürücülərin törətdiyi qayda pozuntuları rəsmiləşdirilərkən DYP əməkdaşları ilə anlaşılmazlıqlar və gərginlik olur. Bunun əsas səbəbi sənədləşmənin proseduru barəsində həm sürücünün (və ya piyadanın), həm də polis əməkdaşının zəruri məlumata malik olmamasıdır. Əgər sürücü və ya piyada bu prosedura dair lazımı bilgilərə malik olsa, hansı hüquq və vəzifələrinin olduğunu bilər, nəticədə artıq söz-söhbətə yer qalmaz. DYP əməkdaşları bu proseduru yaxşı bilsə və onlara dəqiq riayət etsə, heç bir gərginlik yaranmaz, yaranmış problem isə qanunvericiliyə uyğun həll olunar. Odur ki, həm sürücülərin, həm də DYP əməkdaşlarının bu məsələlərlə bağlı maarifləndirilməsini zəruri sayıram.

Qayda pozuntularına görə məsuliyyətə cəlb edilmənin və bunun sənədləşdirilməsinin proseduru İnzibati Xətalar Məcəlləsində və Daxili İşlər Nazirliyinin 2012-ci ildə təsdiq etdiyi “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda kifayət qədər aydın və müfəssəl olaraq müəyyən edilmişdir. 

Ümumiyyətlə, qanunvericilik yol hərəkəti qaydalarının pozulduğu hallarda sürücülərin məsuliyyətə cəlb edilməsinin və bunun sənədləşdirilməsinin 4 fərqli qaydasını nəzərdə tutur:

1. Foto və ya video qeydiyyat funksiyasına malik texniki vasitələrin (yəni radarların və müşahidə kameralarının) aşkar edərək qeydə aldığı qayda pozuntularının elektron qaydada sürücünün iştirakı olmadan sənədləşdirilməsi;

2. Qayda pozuntusu yerində DYP əməkdaşının sürücünü saxlayaraq qərar çıxarması;

3. Qayda pozuntusu yerində DYP əməkdaşının sürücünü saxlayaraq protokol yazması;

4. Müxtəlif araşdırmalardan sonra qayda pozuntusunun (xüsusən yol-nəqliyyat hadisələrinin və s.) sənədləşdirilməsi.

Sənədləşdirmənin göstərilən qaydalarının hər birinin şərtləri və bu zaman icraatın ardıcıllığı göstərilən qanunvericilikdə müəyyən olunmuşdur. Onları ayrılıqda şərh etməyi düşünürəm. Növbəti yazılarda həmin qaydaların hər birini ayrıca izah etməyə çalışacağam.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh