Banner

Sürücünü təqib etmək lazımdırmı?

Yazarlar 9 Aprel 2014 00:00 Oxunub 3113
Sürücünü təqib etmək lazımdırmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov, yol hərəkəti üzrə ekspert

Dünən ölkə mediasında guya ki, DYP-yə nəqliyyat vasitələrini təqib etməklə bağlı yeni səlahiyyətin verilməsinə dair qanunvericiliyə dəyişikliklər ediləcəyi barədə məlumatlar yayıldı. Diqqətlə izlədim. Hətta bəzi telekanallarda bunun yol hərəkəti təhlükəsizliyinə çox müsbət təsir edəcəyinə dair şərhlər də səsləndirildi. Görünür, kimlərsə DYP əməkdaşlarına nəqliyyat vasitələrini təqib etməklə bağlı geniş səlahiyyətlərin verilməsini arzulayır. Yəni belə düşünürlər ki, DYP-nin hər tabe olmayan nəqliyyat vasitəsini təqib etməsi və bunun nəticəsində küçə və yollarımızda tez-tez qovha-qovun müşahidə edilməsi hərəkət təhlükəsizliyinə müsbət təsir edəcək. Məntiqsizlik göz önündədir. Həm də  axı belə bir yenilik də yoxdur. Söhbət qanunvericilikdə ediləcək sırf texniki dəyişiklikdən gedir. Təfərrüatlara nəzər yetirək. 1999-cu ildən qüvvədə olan «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin 9-cu bəndində deyilir ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində polis əməkdaşının, yəni DYP-nin nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda, habelə nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda nəqliyyat vasitəsini təqib etmək hüququ vardır. Göründüyü kimi, bu normada yol hərəkəti təhlükəsizliyinə nəzarət edən DYP əməkdaşlarına yalnız iki halda tabe olmayan sürücünün nəqliyyat vasitəsini təqib etməyə icazə verilir: 1) nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumatı olduqda; 2) nəqliyyat vasitəsinin idarə olunması ilə cinayət törədilməsinə real təhlükə yarandıqda.

 

«Yol hərəkəti haqqında» Qanunun 85-ci maddəsinin 2-ci bəndinin «Qeyd»ində isə deyilir: nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib oluna bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə oluna bilər.

Göründüyü kimi, «Yol hərəkəti haqqında» Qanunda olan eyni məsələyə dair müddəa ilə «Polis haqqında» Qanunda bu məsələyə dair müddəa arasında aşkar uyğunsuzluq var: «Yol hərəkəti haqqında» Qanunda təqibə icazə verilən hallardan biri (nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi və ya törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olması) göstərilmir. Mediada yayılan dəyişikliyin mahiyyəti də həmin uyğunsuzluğu aradan qaldırmaqdır. Yəni «Polis haqqında» Qanunda təqibə yol verilən həmin hal da «Yol hərəkəti haqqında» Qanunun göstərilən “Qeyd”ində bir daha təkrarlanacaq.

Beləliklə, söhbət sırf texniki bir düzəlişdən gedir. Çünki ölkəmizdə bütövlükdə polisin, o cümlədən DYP-nin fəaliyyətini tənzimləyən əsas normativ akt «Polis haqqında» Qanundur. Bu Qanuna müvafiq olaraq DYP-yə yuxarıda göstərdiyimiz iki halda dayanma barədə göstərişə tabe olmayan sürücünün idarə etdiyi nəqliyyat vasitəsini təqib etmək səlahiyyəti verilmişdir. Həmin səlahiyyət 1999-cu ildən mövcuddur və «Yol hərəkəti haqqında» Qanuna edilməsi nəzərdə tutulan dəyişiklikdən sonra da əvvəlki məzmununda qalacaqdır.

Göstərilən iki hal mövcud olduqda təqibin hansı qaydada həyata keçirilməsi, bu barədə kimə məlumat verilməsi, zərurət olduqda məcburi dayandırma vasitələrinin tətbiqi və başqa bu kimi məsələlərin təfərrüatları isə Daxili İşlər Nazirliyinin təsdiq etdiyi “Yol-patrul xidməti haqqında” Təlimatda əksini tapmışdır.

Ümumiyyətlə, bu tipli problemlər qanunvericilik texnologiyasındakı qüsurlardan irəli gəlir. Polisin fəaliyyətinə dair əsas akt kimi «Polis haqqında» Qanun polisin bütün xidmətlərinin fəaliyyətini ümumi şəkildə tənzimləyir. «Yol hərəkəti haqqında» Qanunun tənzimləmə predmeti isə yollarda hərəkətin və nəqliyyat vasitələrinin istismarının qaydalarıdır. Bu Qanuna polisin fəaliyyətinə dair məsələlərin yamaq edilməsi xeyli təcrübi çətinliklər və təqib məsələsində olduğu kimi anlaşılmazlıqlar yaradır.

Xatırladıram ki, «Yol hərəkəti haqqında» Qanunun ilk variantında yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar da yer almışdı. Həmin xətalar İnzibati Xətalar Məcəlləsinin 13-cü fəslində təsbit edildiyindən 2004-cü ildə bu Qanundan haqlı olaraq çıxarıldı. Çünki onlar İnzibati Xətalar Məcəlləsinin predmetidir və belə paralel təsbitə heç bir ehtiyac yoxdur. Hazırda «Yol hərəkəti haqqında» Qanunda olan 83-85-1-ci maddələr də bu qəbildəndir. Həmin maddələrin də «Yol hərəkəti haqqında» Qanunun tənzimləmə predmetinə heç bir aidiyyəti yoxdur, bu maddələr qismən «Polis haqqında» Qanundan, qismən də İnzibati Xətalar Məcəlləsindən götürülərək təkrarlanan müddəalardan ibarətdir. Belə maddələrin həm tətbiqi çətindir, həm də onların əsas qanunvericilik aktına uyğunlaşdırılması zərurəti qanunvericilik texnikası baxımından uğursuzdur. Hesab edirəm ki, Milli Məclis bu yazımda toxunduğum düzəlişi müzakirə edərkən fürsətdən istifadə edərək 83-85-1-ci maddələri «Yol hərəkəti haqqında» Qanundan ümumiyyətlə çıxarsa, lap yaxşı olar. Təqib məsələsində isə hazırkı qanunvericiliyimizin mövqeyi normaldır. Göründüyü kimi, təqibə yalnız cinayətkarın yaxalanması məqsədi ilə və mümkün cinayətin qarşısını almaq məqsədi ilə yol verilir. Bu isə təbiidir.

 

Təqib həm təqib edən patrul avtomobili ilə, həm də təqibdən qaçan avtomobillə çox təhlükəli manevrlərin edilməsini ehtiva edir. Bu isə real qəza şəraitinin yaranması, həm kənar şəxslərin həyat və sağlamlığının, onların əmlakının, həm də  təqibdə iştirak edənlərin özlərinin riskə məruz qalması deməkdir. Ona görə də təqibə müstəsna hal kimi baxılmalıdır. Qanunvericilik təqibin doğurduğu real təhlükəni yalnız göstərilən iki halda məqbul saymışdır. Sürücünün törətdiyi heç bir inzibati xəta (yəni adi qayda pozuntuları: svetoforun göstərişinə tabe olmama, sürət rejimini, ötmə qaydalarını pozma, qoşa xətti tapdalama və s.) təqib üçün əsas ola bilməz. Belə hallarda dayanma barədə göstəriş vermiş DYP əməkdaşı qanunvericiliyə uyğun raport tərtib etməli və onun əsasında tabe olmayan sürücünün inzibati məsuliyyətə cəlb edilməsi təmin olunmalıdır. İnformasiya texnologiyalarının indiki inkişaf səviyyəsində tabe olmayan nəqliyyat vasitəsinin qısa müddətdə aşkar edilməsi çox çətin deyildir. Adi inzibati xətaya görə təqib isə çox ağır nəticələrə gətirib çıxara bilər. Hətta “Yol-patrul xidməti haqqında” Təlimatda qeyd olunur ki, yuxarıda göstərilən iki halda da təqibi həyata keçirən DYP əməkdaşı təqibin real təhlükə doğurduğunu gördükdə ondan imtina etməlidir Sürücülərə isə məsləhətimiz budur ki, DYP əməkdaşının dayanma barədə göstərişinə riayət etsinlər. Belə göstərişə riayət etməmə İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsinə əsasən 80 manat cərimə və 4 cərimə balının tətbiqi ilə nəticələnəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh