Sürüşüb qəzaya düşməmək üçün oxuyun – “Azərsu” və DYP-nin diqqətinə

Yazarlar 31 Yanvar 2018 16:56 Oxunub 3432
Sürüşüb qəzaya düşməmək üçün oxuyun – “Azərsu” və DYP-nin diqqətinə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şaxtalı havada yola cəmi 2 litr su tökmək dəhşətli qəzalara səbəb ola bilər

Dəyərli sürücü dostlar. Son günlər havalar şaxtalı keçir, diqqətli olan. Bir-iki vacıb məsələni qeyd edim, oxuyun və paylaşın, hamı bilsin, əməl etsin və heç kim qəzaya düşməsin. Bizim mental xüsusiyyətlərimizdən biri də odur ki, avtoyuma məntəqəsindən axan su bəzən yolun hərəkət hissəsinə də tökülür. Biri həyətdə maşın yuyursa suyu yola axıdır, digərinin kanalizasiya sistemində problem yaranırsa suyu yola axıdacaq. Və...

Bütün bunlar yolda kiçik gölməçələr yaradır. Temperatur aşağı düşdükcə həmin gölməçələr donur və avtomobillər sürüşməyə məruz qalır. İlk növbədə yol polisi əməkdaşları belə hallarla rastlaşan kimi dərhal aidiyyatı qurumlara məlumat verməlidir ki, gəlib problemi həll etsinlər, lazım gəlsə həmin nöqtəyə qum, duz səpsinlər. Yol polisləri ərazidə sürüşən nöqtə olduğunu gördükdə həmin yerdə dərhal müvəqqəti olaraq 1.15 - “sürüşkən yol” nişanı quraşdırmalıdırlar və ya bunu təmin etdirməlidirlər.

undefined

İki gün əvvəl Salyan yolu şosesində - Şıx çimərliyinin yaxınlığında yolda donma baş verdiyi üçün avtomobillər sürüşüb və 6-7 yol qəzası qeydə alınıb. Yol polisləri əraziyə gedib mağazadan duz alıb yola səpiblər, sonra da yoldan keçən qum yüklü "Chagman"ı saxlatdırıb qumu yola səpiblər.

Belə vəziyyətlərdə "Azərsu" ASC-nin də payına məsulliyyət düşür. Qış aylarında su borularına nəzarət edilməlidir, kiçik axıntıların belə qarşısı alınmalıdır. Yollarda bir damcı da su olmamalıdır. Yağıntı başqa şeydir, donma başqa şey. Yağıntı olanda sürücü bilir ki, yağıntı var və sürəti azaldır. Amma donma elədir ki, maşın 60-70, 90 və ya 100 km/saat sürətlə hərəkət edir, birdən qarşıya 10-20 metr radiusda buzlaşmış ərazi çıxır. Təbii ki, bu zaman qəza qaçılmazdır. Təkərləri normal, sürücüsü peşəkar olan avtomobil qəzasız ötüşə biləcək. Amma axı bütün sürücülər peşəkar, bütün avtomobillər də normal təkərlə təchiz edilmiş halda deyil...

undefined

Mən dəfələrlə respublika əhəmiyyətli yollarda, şəhərdaxili ərazilərdə bu cür halların şahidi olmuşam. Hətta bir dəfə DYP-nin “Ekologiya postu”nun komandiri Fuad Mayılovla söhbət edərkən kiməsə zəng edib kanalizasıya borusunun partladığını, ətrafa su axıntısı olduğunu dedi və bunu aradan qaldırmaq üçün xahiş etdi. Soruşdum ki, siz niyə belə işlərə qarışırsınız? Axı bu işləri görmək üçün ayrı dövlət qurumu var. Cavab verdi ki, yollardakı nöqsanların aradan qaldırılması üçün bizə o qədər göstərişlər verilib ki, artıq belə hallara da müdaxilə edirik ki, yollarda heç bir nöqsan olmasın. Doğrusu, bu söhbət çox xoş oldu. Amma digər qurumlar da belə məsələlərə həssas yanaşmalıdır. Birincisi, su axıntısı yolları tez sıradan çıxardır. Ən vacibi isə odur ki, su axıntısı insan ölümünə, ağır qəzalara səbəb ola bilər.

Bütün bunların baş verməməsi üçün sürücülər də məsələyə ciddi yanaşmalıdır. İlk növbədə sürücülər yollarda sürət rejiminə diqqət etməli, mümkün qədər qış təkərlərinə keçməli və düzgün ara məsafəsi saxlamağı bacarmalıdır. Yol polisi isə ərazidə xidmət apararkən yolda su axıntısı müşahidə etdikdə dərhal aidiyyatı qurumlara xəbər verməlidir. Çünki gecə yarı olan kimi temperatur aşağı düşür və donma baş verir.

undefined

"Azərsu" ASC isə vətəndaşlara xəbərdarlıq etməlidir ki, gecələr həyətlərdə suyu açıq qoymasınlar, kanalizasiya və su borularında axıntı yarandıqda dərhal 955 “qaynar xətti”nə zəng edib məlumat versinlər. Şaxtalı havada yolun bir hissəsinə cəmi 2 litr su tökmək böyük təhlükə yarada, dəhşətli qəzalara səbəb ola bilər…

Hüquqşünas Ərşad Hüseynov deyir ki, yola su axıdılmasına görə qəza baş verdikdə araşdırma aparılmalıdır. Araşdırma nəticəsində yola suyu axıdanın məsuliyyəti müəyyən edilərsə o zaman cərimə tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 352.0.10-cu maddəsinə əsasən, fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 150 manatdan 200 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək cərimə olunur. Yol polisi bu barədə məlumat verdikdən sonra sürücü də qəzaya səbəb olan şəxslə bağlı məhkəməyə müraciət edib dəymiş zərəri tələb edə bilər.

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh