Banner

Svetofora kim nəzarət etməlidir; DYP yoxsa Nəqliyyat Nazirliyi?

Yazarlar 9 Noyabr 2014 21:16 Oxunub 3896
Svetofora kim nəzarət etməlidir; DYP yoxsa Nəqliyyat Nazirliyi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputat Çingiz Qənizadə svetoforlara nəzarətin NİİM-dən alınıb DYP-yə verilməsini təklif edir

 

«Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaramaz və yarıtmaz bir qurumdur»

 

Bir neçə ildir Azərbaycanda Nəqliyyat Nazirliyinin tabeliyində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) adlı qurum yaradılıb. Mərkəz yaradılan gündən bir çox gözləntilər olsa da, əksəriyyəti özünü doğrultmadı. Məsələn, avtobus sürücülərinin özbaşına hərəkətləri ilə bağlı avtobuslara kameralar qoyuldu ki, sürücülər indi bu kameraların üstünə dəsmal atıb, öz bildiklərini edirlər. Dayanacaqlarda avtobusların intervalını göstərən elektron tablolara inanmaq olmur. Çünki yazılanlar çox nadir hallarda uyğun gəlir. Və yaxud da, yollara quraşdırılan tablolarda tıxac olan yollar göstərilir ki, bəzən yolun boş olduğunu tabloda gördüyümüz halda, həmin yolda tıxaca düşürük. Və yaxud da, əksinə, tabloda qırmızı xətlə tıxac olduğu göstərilən yolla hərəkət zamanı yolun boş olduğunu görmək olar. Bütün bunlar bir yana, bu gün sürücüləri və yol polisi əməkdaşlarını narahat edən başqa bir mühim məsələ svetoforlarla bağlıdır.

Məlumunuz olsun ki, indii svetoforlara da nəzarət Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir. Amma son vaxtlar əksər sürücülər bu qurumun işindən narazıdır. Yol polisi əməkdaşları isə bu quruma görə əziyyət çəkirlər. Məsələn, bu gün Bakının elə küçə və prospekti var ki, orada svetoforun iş qrafiki narazılıq yaradır. Çünki bəzi svetoforlar elə quraşdırılıb və elə bir qrafik tətbiq olunur ki, 10 saniyədən sonra yaşıl işıq qırmızıya keçir və təxminən 2 dəqiqə qırmızı işıqda gözləyən onlarla maşından 10 saniyə ərzində yaşıl işıqda yalnız 3-4-ü hərəkət edə bilir. Bu da şəhərdə tıxacların və sığlığın yaranmasına gətirib çıxarır. Bu gün NİİM öz işini təkcə svetoforlarda rəqəmlərə və yanıb-sönməsinə nəzarət etməklə bitmiş hesab edirsə, bu da düzgün deyil. Elə svetofor var ki, ağacların yarpaqlarının, işıq dirəklərinin, yol nişanlarının arxasında görünmür. Buna görə də sürücülər özləri də bilmədən qayda pozmaq məcburiyyətində qalırlar. Belə olan halda isə hər kəs DYP-yə irad tutur. Düzdür, bu işdə DYP də yaxasını kənara çəkməməlidir. Lakin bir işi iki adam görməli deyil.

Gəlin məsələyə bir qədər əhatəli yanaşaq. Bu gün svetofora NİİM nəzarət edir, hansı svetoforun neçə saniyə qırmızı, neçə saniyə yaşıl yanacağını onlar tənzimləyir. Amma svetofor işləməyəndə, normal görünməyən yerdə olanda sürücülər yol polisinin yaxasından yapışıb haqq-ədalət tələb edirlər. Sizcə, bu, doğrudurmu? İndi gəlin görək, hansısa svetoforda yaranmış problemi DYP əməkdaşları necə həll edir. Əvvəlcə ondan başlayaq ki, bununla bağlı elə yol patrul xidməti əməkdaşlarının özləri də söhbətlər aparmışıq. Məlum olub ki, hansısa svetofor işləmədikdə, problem yarandıqda, yaxud da bəzi svetoforlarda yaşıl və qırmızı işığın saniyələrini artırıb-azaltmaq lazım olduqda bunu aradan qaldırmağa çalışan DYP əməkdaşı uzun bir prosedurdan keçməlidir. DYP əməkdaşı bu barədə komandirinə, komandir isə özündən yuxarıdakı komandirə məlumat verməli, həmin komandir Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə zəng etməli, burada daxili nömrəni bilirsə yığmalı, bilmirsə, operatorun cavabını gözləməlidir. Həmin komandirin bəxti gətirsə, operator vaxtında cavab versə, komandir hansı küçədə svetoforda problem olduğunu və ya vaxtı artırıb-azaltağın vacibliyini bildirdikdən sonra operatordakı NİİM əməkdaşı DYP əməkdaşını kiməsə calaşdırmalıdır. Həmin NİİM əməkdaşı da bəzən ya gözləməyi məsləhət bilir, ya da bu işə səlahiyyəti olmadığını deyib, «müraciətinizi rəhbərliyə çatdıracam» cavabı ilə komandiri heyrətləndirir. İndi gəlin görək, DYP əməkdaşı nə etməlidir?

Onsuz da bizdə sürücü mədəniyyəti olduqca aşağı səviyyədədir. Hansısa yolayrıcında svetofor işləmədikdə, heç kim nizamlanmayan yolayrıcının keçilməsi qaydasına əməl etmir, hamı istəyir ki, tez-tələsik keçib getsin. Bu zaman isə dəhşətli mənzərə – tıxac yaranır. Bu gün sınaq üçün qəsdən hansısa svetoforu söndürüb 10 dəqiqə müşahidə aparsaq, bu mənzərənin canlı şahidi də ola bilərik. Onda belə çıxır ki, NİİM-in daxili nömrəsinin, operatorunun vaxtında və operativ cavab verməməsi, sürücülərin yolayrıcını keçmə qaydasını bilməməsi ucbatından hər svetoforun yanında bir DYP əməkdaşı keşik çəkməlidir? Yoxsa, NİİM-in isti kabinetində oturanlar küçədə, yolda xidmət aparan yol polisindən daha çox bilir? Şəxsən mənə maraqlıdır, svetoforların necə və hansı qaydada tənzimlənməsini real şəraitdə xidmət aparan DYP əməkdaşı daha yaxşı görüb qaydaya sala bilər, yoxsa, otaqda oturub monitorla svetofor izləyən gənclər? Əlbəttə, DYP əməkdaşları vəziyyəti daha düzgün qiymətləndirə və problem idə daha tez aradan qaldıra bilərlər. Lazımdırmı ki, bir svetofora görə 4 nəfər bir-birinə zəng eləsin, axırda da məsələnin həlli xeyli vaxt aparsın?

Əvvəl qayda belə idi ki, DYP əməkdaşları xidmət apardıqları ərazi üzrə hansısa svetoforda problem yarandığını aşkar etdikdə dərhal radioqəbuledici vasitəsilə növbətçi hissəyə məlumat verirdi, DYP-nin «Siqnal» idarəsi məsələni həll edirdi. Beləliklə də, svetofor problemi sadə qaydada həllini tapırdı. Amma indi məsələ qəlizləşdirilib. Bunu həll etmək üçün NİİM DYP ilə birlikdə də iş təşkil edə bilər. Sadəcə bəzi iddialar var ki, NİİM bunu özünə sığışdıra bilmir və svetoforlara nəzarəti özündə saxlamaq istəyir. Bunun ağır bədəlini isə sürücülər saatlarla tıxacda qalmaqla ödəyirlər.

Qanunvericiliyə əsasən, yol hərəkətinin təşkili və təhlükəsizliyin təmini üzrə əsas funksiyalar DYP-yə verildiyindən svetoforlara da nəzarət DYP-yə  aid olsa, daha yaxşı olardı. Yoxsa, indiki halda yolda hərəkətin təşkili DYP tərəfindən həyata keçirildiyi, svetoforların DYP tərəfindən quraşdırıldığı halda, hərəkətin əsas funksiyalarından birini yerinə yetirən svetoforların tamam başqa bir quruma – NİİM-ə həvalə edilməsi, doğru yanaşma deyil. Çünki bunun ziyanını çəkənlər çoxdur. Onlardan biri də Milli Məclisin deputatı Çingiz Qənizadədir: «Mən bir ildir bu məsələni qaldırıram, sonra da deyirlər ki, Nəqliyyat Nazirliyindən nə istəyirsən?». Avtosfer.az-a bu açıqlamanı verən deputat bildirib ki, bu yaxınlarda «Statistika dairəsi» adlanan ərazidə svetoforlar işləmədiyi üçün məsələni həll etməyə çalışıb. Lakin onun 3 saatlıq mübarizəsi heç bir nəticə verməyib: «Çünki mən yol polisinə zəng etdim, oradan dedilər ki, svetofor işinə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi baxır, onlara müraciət edin. Mən də ora zəng elədim, telefonda ötür-ötür oyunu başladı, axırda da svetoforlar işləmədi, elə necə var, qaldı. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaramaz və yarıtmaz bir qurumdur. Bu gün svetoforda problem yaranırsa, sıravi polis əməkdaşı öz komandirinə, o da bir neçə nəfərə məlumat verir, həmin bir neçə nəfərən ən yüksək rütbəlisi də NİİM-də kimisə tapsa, məsələ həll olunur. Amma bu, biabırçılıqdı. Mən özüm bu məsələnin şahidi olmuşam və svetoforu 3 saat ərzində qaydaya saldıra bilməmişəm. Mən özüm NİİM-ə zəng etdim, üstündən bir saat keçdi, həmin yerdə dayanan yol polisinə zəng edib soruşdum ki, svetofor işləyir? Dedi, yox. Ona görə də, həmişə demişəm, yenə də təkrar edirəm ki, svetoforlara nəzarət Nəqliyyatı Nazirliyindən alınıb Dövlət Yol Polisinin səlahiyyətinə verilməlidir».

Çingiz Qənizadə onu da əlavə etdi ki, Bakıda bəzi küçələrdə svetoforların iş qrafiki bərbad haldadır. Elə svetofor var ki, yaşıl işıqda 2 maşın keçəndən sonra qırmızı işıq yanır: «Mən bunu DYP əməkdaşlarına dedim, gedib baxdılar. Sonra zəng etdilər ki, düz deyirsiniz, svetoforda problem var. Amma o məsələnin həlli uzandı. DYP-nin nəzarətində olsaydı, bir dəqiqənin içində düyməni basıb düzəldərdilər. Amma NİİM-ə zəng edirsən, ötür-ötürə salırlar, axırda da bir adam tapa bilsən, problemi həll edə bilərsən».

Çingiz Qənizadənin fikrincə, bu günün reallığı onu göstərir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tam olaraq Dövlət Yol Polisinin nəzarətində olmalıdır: «Çünki təcrübə göstərdi ki, onlar heç bir iş görə bilmirlər. Təsəvvür edin ki, avtobusları qaydaya sala bilmədilər, bu boyda Bakıda nəqliyyatın hərəkətini necə tənzimləyə bilərlər? Bu işi ən yaxşı yol polisi görə bilər. Çünki yol polisi işi daha dəqiq bilir, hansısa svetoforda problem yarananda yol polisi gəlir. Amma yol polisi yolu çubuqla (jezl-red.)» nə qədər idarə edə bilmər? Axı svetofora nəzarət edənlər bilməlidirlər ki, bu svetoforda yaşıl işıq 40 saniyə yanırsa, axşam bunu artırmaq və ya azaltmaq olar. Bunu isə ən yaxşı halda DYP edə bilər».

 

Elməddin Muradlı

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh