Taksi böhranından çıxış yolu var - TƏKLİFLƏR VƏ REALLIQ
Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən taksi şirkətləri ilə bağlı aktiv müzakirələr aparılır. Taksi sürücülərinin və şirkətlərin yol verdikləri kobud qanun pozuntuları, nöqsanlar, eləcə də bu sahədəki boşluqlar gündəmin ən aktual mövzuları sırasında yer alır.
Müşahidələr göstərir ki, taksi şirkətləri və sürücülərə münasibət elə də xoş deyil. Həll edilməyən problemlər sərnişinləri ciddi şəkildə narahat edir, eyni zamanda ictimaiyyət arasında ciddi narazılığa, ictimai nəqliyyatın hərəkətinin pozulmasına, paytaxt yollarında uzun tıxaclara, hətta cinayət hadisələrinə belə səbəb olur.
Doğrudur, dəfələrlə bu mövzuya toxunulsa da, problemləri həll etmək mümkün olmayıb. Taksi böhranının yenidən gündəmə gətirilməsi artıq bu məsələnin birdəfəlik yoluna qoyulmasını şərtləndirir.
Mövcud vəziyyətindən çıxış üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksi sahəsində qaydalar bərpa olunmalıdır:
"Bu, çox həssas mövzudur. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu məsələni detallı şəkildə araşdıraraq fikirlərini çatdırıb. Onun taksi fəaliyyətləri ilə bağlı verdiyi müsahibəni oxudum. Gördüm ki, cənab nazir prosesləri tam təhlil edib, təcrübəyə əsasalanaraq, yerli vəziyyəti tam təhlil edərək vəziyyətlə bağlı dəyərləndirmələrini edib. Burada təhlükəli heç bir məsələ yoxdur. Vətəndaşlarımız başa düşməlidir ki, taksi bir xidmət növüdür. Bərbər, dərzi xidmətlərindən olduğu kimi taksi xidmətindən də istifadə edirik. Taksi ictimai nəqliyyatın lüks formasıdır. Doğrudur, son dövrlər elə hadisələr baş verir ki, adam "lüks" sözünü işlətməyə çəkinir. Taksi xidmətindən istifadə edən hər kəs öz narazılığını ifadə edir. Biri “qiymət düzgün hesablanmadı”, digəri “sürücü nalayiq fikirlər səsləndirdi”, başqa biri “pis-pis təkliflər etdi” deyir. Ağla gələn ən biabırçı nə varsa, hamısı bizim taksi xidmətində özünü göstərir. Azərbaycanda 80 minə yaxın taksi sürücüsü fəaliyyət göstərir. Onlardan bu gün yalnız 5-6 mini fərqlənmə nişanı alır. Sual olunur ki, niyə bunlar vergidən yayınmalıdır? Dövlət ödənişlərindən yayınırlar. İstənilən halda bu fərdi sahibkarlıq növüdür və qaydalar bərpa olunmalıdır”.
Ekspertin fikrincə, taksilərə tələbatın artması ictimai nəqliyyatdakı mənfi vəziyyətlə əlaqədardır:
“Digər tərəfdən nazir bildirib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə paralel həm də ictimai nəqliyyat inkişaf etdiriləcək. Çünki taksi fəaliyyətindən istifadə olunan avtomobillərin sayının çox olmasının səbəbi ictimai nəqliyyatın bərbad vəziyyətdə olmasıdır. Yəni ictimai nəqliyyatımız yaxşı vəziyyətdə olmadığına görə problem bu səviyyəyə gəlib çatıb. İnsanlar məcburən taksiyə üz tuturlar. Avtobus vaxtı-vaxtında gəlmir, interval gözlənilmir. Vəziyyət get-gedə daha da pisə doğru gedir. İctimai nəqliyyat normal işləsə, metroda basabas olmasa, tər qoxusu gəlməsə, avtobus xətləri normal işləsə, saat 9-dan, 11-dən sonra bir çox avtobus sürücüləri aradan çıxıb, qaraja getməsə, vətəndaş niyə 40 qəpiyə gedəcəyi yolu, 1-3, ya 5 manata taksi ilə getməlidir. Onu təmin etmək lazımdır ki, vətəndaş eyni yolu gedərkən fikirləşsin ki, “taksiyə iki manat verincə, 40 qəpiyə gedim də”. Amma avtobus varmı? Problem bundadır. Cənab nazir açıq şəkildə bəyan edib ki, bu məsələlər kompleks şəkildə həll tələb edir. Burada taksi xidmətini "düzəldəcəm" deyib, sürücüləri ixtisar edirik, onun əlindən maşını alırıq, fərqlənmə nişanı vermirik, 2 gündən bir cərimə yazırıq ki, yox, sən sürmə. Axı, bu adama tələbat var. Bu adamın qonşusu hər gün zəng vurur ki, gəl uşağımı məktəbə apar. Digər qonşusu zəng edir ki, avtobus yoxdur, gəl, məni bazara apar. O adam getməyə məcburdur. Elə etmək lazımdır ki, ona zəng edən olmasın, yolda kimsə əl edib saxlamasın. Bu zaman müəyyən problemlər də aradan qalxmış olacaq”.
E.Muradlı bundan sonra qayda-qanunlara tabe olmayan xarici şirkətlərin sərt cəzalandırılacağını vurğulayıb:
“Xarici şirkətlərlə bağlı kifayət qədər aydın mesajlar verildi. Bu şirkətlər şəxsi məlumatların qorunmasını, işçilərin iş müqaviləsini və digər vacib məsələləri həll etməyə borcludurlar. Artıq iki həftə qabaq onlara şifahi formada xəbərdarlıq çatdırılıb. Həmin şirkətlər nazirliyə dəvət olunub. Onlara xəbərdarlıq edilib ki, Azərbaycanın qayda-qanunları bunlardır. Siz də qaydalardan kənara çıxmamalısınız. Növbəti mərhələdə qaydalardan kənara çıxan şirkətlər ciddi şəkildə cəzalandırılacaq. Xidmət sahəsi normal vəziyyətə gəlib çıxmalıdır. Bunun əksi bu sahənin daha da bərbad vəziyyətə düşməsinə gətirib çıxarır. Başqa bir variant görmürük. Çünki proseslər göstərir ki, vəziyyət daha da pisləşəcək. Burada vahid qiymət tarifindən də danışmaq olar. Çünki insanlar deyirlər ki, taksidə qiymət əladır, siz niyə bizi narahat edirsiniz. Amma taksi xidmət sahəsidir. Burada müəyyən qiymətlər tənzimlənməlidir. Sən 3 manata uzaq məsafəni qət edirsən, sonra axşam sosial şəbəkədə yazırsan ki, “bu nə xidmətdir, taksi sürücüsü mənə söyüş söydü”, yaxud “mənə əxlaqsız təklif etdi”. Özü deyir yaxşıdır. Axşam da pisləyir ki, yox yaxşı deyil. Cəmiyyət çox şey istəyə bilər. Yaxşı təkliflər də verə bilər. Amma dövlət olaraq, idarəetmə mexanizmi, beynəlxalq təcrübə əsas götürülərək müəyyən addımlar atılmalıdır. Sözsüz ki, cəmiyyətin maraqları müəyyən mənada gözlənilməlidir. Məsələn, biz təklif edirik ki, taksidə xidmətin aşağı və yuxarı həddi müəyyənləşdirilməlidir”.
Ekspertin sözlərinə görə, bu, həm sürücülərin, həm də sərnişinlərin işini asanlaşdıracaq:
“1 kilometrlik yolda 50-70 qəpik məbləğ götürülür. 10 kilometrə qədər belə hesablanır. 20 kilomerdə artıq 30 qəpiyə düşür. Beynəlxalq təcrübədə belədir ki, kilometr artdıqca qiymət nisbətən aşağı düşür. Sürücü də ümumi məsafəni hesablayaraq sərnişinə qiyməti deyir. Yaxud sərnişin sifariş verəndə kompüter sxemi ona qiyməti avtomatik hesablayıb bildirir. Aşağı hədd götürülməlidir. Çünki bəzi şirkətlər bazarda inhisar yaradır. Qiyməti ucuzlaşdırmaqla qeyri-sağlam rəqabət aparırlar. Vəziyyət ona görə belə vəziyyətdədir. Problem ondadır ki, düzgün rəqabət aparılmırdı. Yerli şirkətlərin hamısı tənəzzülə uğradı. İndi xarici şirkətlər meydanda at oynadır. Həm sürücülərimizi istismar edirlər, həm də böyük məbləğdə pullar qazanırlar. Həmin pulların taleyi heç kəsə məlum deyil. Vergi vermirlər, hər şeydən kənarda qalıblar. Necə olur ki, onlar Azərbaycanda öz qanunları ilə işləyirlər. Bu yolverilməzdir. Nazirin dediyi odur ki, sabit tariflər müəyyənləşdirilməlidir. Gecə-gündüz tarifi, eləcə də bayram və tətil günlərinin tarifi müəyyən edilməlidir. Byram günü tələbat çox olduğuna görə taksi tapılmır. Taksilərin qiymətini kəllə-çarxa qaldırırlar, yaxud qar yağanda kimin ağlına hansı qiymət gəlirsə, onu deyir. Bunlar nəzərə alınmalıdır. Mənim kefim belə istəyir, elə edəcəm, yanaşması artıq bitdi. 2010-cu ilə qədər "28 May" metrosunun ətrafı küçə ticarətindən tərpənməyə imkan olmayan əraziyə çevirilmişdi. Üfunət iyi baş alıb getmişdi. İndi isə "28 May" metrosu tərəfdə şərait dəyişilib. Daha həmin situasiya yoxdur. Yəni bu bir dövr idi, gəldi və getdi. Şərait yaradıldı, insanlara güzəşt olundu. Taksi də belədir. İndiyə qədər ağıllarına gələni ediblər. Xaos yaradıblar. Ancaq bu o demək deyil ki, vəziyyət həmişə belə olmalıdır. Hökumətin və cənab nazirin irəli sürdüyü şərtlər kifayət qədər normaldır. Şirkətlər işlərini bu tələblərə uyğun qurmalıdır. Bundan sonra onlarla qanunauyğun olaraq daha sərt danışılacaq”.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli isə vurğulayıb ki, taksi sahəsində sərnişinlərin keyfiyyətsiz xidmətlə bağlı şikayətləri və təhlükəsiz hərəkət etmək imkanları araşdırılır:
“Bu iki istiqamətdə işlər aparılacaq. Məsələ həm də yalnız taksi xidmətində keyfiyyət və təhlükəsizlik deyil. Bu, həmçinin taksi sürücüləri ilə taksi şirkətləri arasındakı problemdir. Taksi şirkətləri bizim vətəndaşımız olan sürücülərin hüquqlarını kobud şəkildə pozur. Taksi sürücülərinin əməyini istismar edirlər. Onları sutka ərzində 14-15 saat işləməyə sövq edirlər. Mən deyərdim ki, məcbur edirlər. Taksi sürücülərinin hallalıqla qazandıqları onlayn ödənişləri onların hesabına köçürmürlər. Bu məsələni yubadırlar”.
Eldəniz Cəfərovun fikrincə, taksi sahəsindəki problemlərin həlli yolu var: "Mərhələli şəkildə bu məsələlər həll edilə bilər. İlk növbədə taksi xidməti ilə məşğul olan şirkətlər, həmçinin bu sahədə fərdi qaydada çalışan vətəndaşlarımız üç sadə şərtə əməl etsələr, az da olsa keyfiyyətin yüksəldilməsinə, bu sahədə bir qədər qayda-qanun yaradılmasına nail ola bilərik. Bunlardan biri, əgər siz avtomobilinizi taksi fəaliyyəti üçün istismar edirsinizsə, həmin avtomobilin damında sarı rəngdə taksi fənəri olmalıdır. Şəhərdə hərəkət edən avtomobillərin arasında bilinməlidir ki, taksi hansıdır. Yaşınız 21-dən azdırsa, sizin taksi fəaliyyəti ilə məşğul olmağınız qadağandır. Sürücülük təcrübəniz azdırsa, yenə də taksi fəaliyyəti ilə məşğul olma sizə qadağandır. Bax, bu üç şərtə sadə vətəndaşların özləri əməl etsələr, dövlətin də dəstəyi ilə irəli gedə bilərik. Keyfiyyəti də, vətəndaşların taksi xidmətindən təhlükəsiz, sərbəst hərəkətini də təmin edə bilərik. Rəsmi olaraq taksi kimi qeydiyyatdan keçmək fərqlənmə nişanı almaq, vergi ödəmək, avtomobilin damına sarı rəngdə fənər qoymaq əslində bu sahədə fəaliyyət göstərən vətəndaşın özünün marağında olmalıdır. Çünki bu, onun fəaliyyətini leqallaşdırır”.
Ekspert onu da qeyd edib ki, qanuni taksilər üçün şəhərdə güzəştlər tətbiq oluna bilər:
“Bu güzəştlər avtomobillərin duracaq yerləri, parklanma ilə bağlı ola bilər. Bu gün Bakı şəhərində avtobus zolaqları çəkilib. Bu zolaqdan leqal taksi fəaliyyəti ilə məşğul olan vətəndaşların avtomobilləri də hərəkət edə bilər. Taksi sahəsində sağlam rəqabət və dövlətin dəstəyi olandan sonra bazar özü qiyməti tənzimləyəcək. Taksi qiymətləri tövsiyə olunan qiymətlə olsa belə, dəyişən tariflərdir. Qiymətlərin yüksələcəyini düşünmürəm. Ola bilər ki, haradasa müəyyən qiymət artımları, sui-istifadə halları ola bilər. Bazar özü bunu tənzimləyəcək”.