Taksi şirkətləri sürücüləri necə istismar edir? - Vahid qiymət vəziyyəti düzəldəcək
Bakıda taksiyə minmək xəyala çevrilə bilər - Vahid tarif büdcənizə necə təsir edəcək?
"Bakıda təxmini olaraq 25 mindən çox qeyri-qanuni fəaliyyət göstərən taksi var. Bizim hesablamalarımıza görə, paytaxt üçün 8500 ədəd taksi fəaliyyəti lazımdır".
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
BNA sədri əlavə edib ki, ilin ilk rübü iqtisadi baxımdan əsaslandırılmış tariflər hesablanacaq və aidiyyəti qurumlara göndəriləcək. Bununla bağlı işlər ilk 6 ay ərzində tamamlanacaq.
Bəs taksi sayının azaldılması və yeni tariflər taksi qiymətlərinə necə təsir edəcək?
Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, hər şeydən öncə nəqliyyat sistemi düzgün qurulmalıdır:
“BNA bu sahədə ixtisaslaşmış dövlət qurumu olduğu üçün ölkədə apardığı təhlillər reallığı əks etdirir. Amma bu taksi xidməti ilə bağlı təhlil və ya araşdırma aparmaq çətin prosesdir. İlk öncə nə üçün bu qədər çox - 25 min taksinin olduğu araşdırılmalıdır. Taksi fəaliyyəti ilə qeyri-qanuni məşğul olunması dünyanın bir çox ölkələrində var. Məsələn, Türkiyəni misal çəksək. Rəsmi olaraq, İstanbul şəhərində 30 min taksi var. Bu sayın yarıdan çoxu qeyri-qanuni fəaliyyət göstərən taksilərdir. Hətta İstanbulun Avropaya düşən hissəsində eyni nömrə ilə iki taksi fəaliyyət göstərir. Orada taksi böyük bir şəbəkənin əlində cəmləşib, dövlət belə ona müdaxilə edə bilmir.
İstənilən halda heç kim kefindən taksi sürmür. Nadir hallarda ola bilər ki, taksi sürücüsü bu işə məhz peşə kimi baxsın. Əksər hallarda iş tapa bilmirlər və bu işə əl atırlar. Buna görə bizim də onların qarşılarını kəsməyimiz bir o qədər düzgün olmaz. BNA özü də dəfələrlə bu barədə açıqlama verib. Bu qədər taksinin ərsəyə gəlməsinə səbəb ictimai nəqliyyatın düzgün qurulmaması, avtobusların sayının kifayət qədər olmaması ilə bağlıdır. Xüsusən də 20 Yanvar dairəsi, İnşaatçılar metro stansiyasının ətrafı və s. ərazilərdə insanlar məcburən taksiyə üz tuturlar. Mən belə hesab edirəm ki, insanlar 20 Yanvar dairəsindən Sulutəpəyə, Xırdalana vaxtı- vaxtında gedib çata bilsələr, taksiyə ehtiyac duymazlar”.
Ekspert taksi xidmətlərinin vahid tarif şurası ilə fəaliyyət göstərməsi məsələsinə də öz şərhini verib:
“Bu, beynəlxalq təcrübəyə əsaslanır. Gecə və gündüz tariflərini Azərbaycanda da tətbiq etmək lazımdır. Bu tariflər bizim üçün standart qiymət olacaq. Amma bunu necə müəyyənləşdirəcəyik? Taksometr varmı? Bütün taksilərdə taksometr yoxdur. BNA bütün taksiləri taksometrlə təmin edə biləcəkmi? Bu suallara hələ də cavab tapılmayıb. Mən də vahid qiymətin tərəfdarıyam. Bu gün taksi şirkətləri rəqabət üçün bir-birilərinə müxtəlif mənfi hərəkətlər edirlər və ya qiyməti çox aşağı salırlar. Artıq el arasında belə bir fikir formalaşıb: “Taksi avtobusdan daha ucuz aparır”. Burda istismar olunan isə taksi sürücüləridir. Onların həm vaxtları, sağlamlıqları sərf olunur, həm də əsəbləri pozulur. Amma qazanan şirkətlər olur. Qoy bu sistem tətbiq olunandan sonra şirkətlər keyfiyyətli taksi xidmətləri, 3-4 dil bilən sürücüləri və s. ilə rəqabət aparsınlar. Qiymətlərin artıb-artmayacağı isə hələ dəqiqləşdirilməyib”.