Banner

Taksi şirkətlərinə sanksiyalar gündəmdə: “Xəbərdarlıq dövrü bitdi”

Yazarlar 15 Noyabr 2024 16:15 Oxunub 306
Taksi şirkətlərinə sanksiyalar gündəmdə: “Xəbərdarlıq dövrü bitdi”
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması kimi halların qanunsuz olduğunu və bu barədə ciddi tədbirlər görüləcəyi ilə bağlı məlumat yayıb. 

Bildirilib ki, belə hallarla qarşılaşan sərnişinlər AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur.  

Bu kimi halları nəzərə alsaq, yeni qaydalardan sonra taksi bazarında vəziyyətin hələ də düzəlmədiyini deyə bilərik? 

Mövzu ilə bağlı açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hələ də tam keyfiyyətli xidmətə nail ola bilməmişik: 

“Yeni qaydaların tətbiq olunmasında məqsəd əsasən ondan ibarət idi ki, taksi sahəsində xidmət təhlükəsiz və keyfiyyətli olsun.

Vətəndaşlar əvvəllər daha çox taksi sürücülərinin özlərini qeyri-adekvat aparması, özbaşnalıq və keyfiyyətsiz sərnişin daşınması ilə bağlı şikayət edirdilər. Bu gün taksi şirkətləri üçün hər cür münbit şərait yaradılıb və onlar rahatlıqla çalışırlar. Qərarlar qəbul olunduqdan sonra əvvəlki illərə nisbətən taksi xidməti daha təhlükəsiz olub. Düzdür, keyfiyyət 100% yüksəlməyib”. 

Eldəniz Cəfərovun sözlərinə görə, müşahidələr göstərir ki, bəzi taksi şirkətləri Azərbaycan  qanunlarını kobud şəkildə pozur və onlara birbaşa sanksiyalar tətbiq olunmalıdır: 

“Dövlətin balansında olan taksi xidməti “London taksiləri” müştərilərin razılığı ilə çalışır və yeni avtomobillər gətirilir, lazımi avadanlıqla da təchiz olunub və s. Amma çox təəssüf ki, hələ də xarici taksi operator şirkətlərinin fəaliyyəti o qədər də qənaətbəxş deyil. Çünki uzun müddətdir ki, həmin taksi operator şirkətlərinə çox böyük güzəştlər oldu. 

Onlar ölkədə çox rahatlıqla çalışdılar. Düzdür, bizim ölkəmizdə həm fiziki, həm hüquqi şəxs, istər yerli, istər xarici şirkət olsun rahatlıqla sahibkarlıq fəaliyyəti göstərə bilər. Bu normaldır və qanunvericiliklə tənzimlənir. 

Amma Azərbaycan Respublikası qanunlarına və vətəndaşlarına hörmət olunmalı, istehlakçılar aldadılmamalı və onlara yüksək səviyyədə xidmət göstərilməlidir. Amma görürük ki, bəzi taksi şirkətləri bu qaydaları pozurlar. Mənə belə gəlir ki, artıq xəbərdarlıq dövri bitib. Müvafiq qurumlar belə taksi şirkətlərinə qarşı birbaşa sanksiyalar tətbiq etməyə başlamalıdır”. 

O deyib ki, kobud şəkildə vətəndaşın maliyyə cüzdanına müdaxilə etmək bu artıq cinayət halı kimi qiymətləndirilə bilər: 

“Konkret kartdan məbləğ çıxılması məsələsinə gəldikdə isə indi şikayətlər artıb. Vətəndaşlar deyirlər ki, taksi sifariş etdikdə avtomobil hələ mənzil başına gəlməmiş artıq kartdan həmin məbləğ çıxılır. Bu da istehlakçı hüquqlarının pozulmasıdır. Çünki xidmət həyata keçirildikdə sonra həmin məbləğ kartdan çıxılmalıdır. İkinci şikayət onda ibarətdir ki, vətəndaş taksi sifariş edir və mənzil başına çatanda əvvəl təyin olunmuş məbləğdən daha yüksək məbləğ çıxılır. 

Bu da həm istehlakçı hüquqlarının pozulmasıdır, həm də kibercinayətkarlıq kimi də qiymətləndirilə bilər. Çünki vətəndaşın icazasi olmadan, ona xəbərdarlıq edilmədən onun kartından bir qəpik belə çıxılırsa, bu, artıq sui-istifadə deməkdir. Bu məsələdə artıq vergi xidməti də fəallaşmalıdır. 

Belə taksi şirkətlərinə qarşı sanksiyalar tətbiq etməlidir. Bu kimi hallar baş verərsə, vətəndaş kibertəhlükəsizlik quruma, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə və paralel olaraq Vergi Xidmətinə də şikayət göndərə bilər”. 

(cebhe.info)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh