Taksi sürücülərini də dinləmək lazımdır - Hansı qaydalar dəyişəcək?
“Yeni qaydalarda əks olunan tələblər gözəl təəsürat yaradır. Ancaq bunların tez bir zamanda reallaşması mümkün deyil. Çünki bizdə bütün avtonəqliyyat vasitələri Avro-4 standartına uyğun deyil”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Nazirlər Kabinetinin taksilərlə bağlı müəyyənləşdirdiyi yeni qaydaları şərh edərkən deyib. O, bildirib ki, Azərbaycan Avro-4 standartına yavaş-yavaş keçməyə başlayırdı ki, xaricdən gətirilən avtomobillərə qoyulan gömrük və digər rüsumlar artırıldı: “Demək olar ki, artıq xaricdən az-az avtomobil gətirilir. Yerli istehsal da o səviyyədə deyil ki, bu tələblərə cavab versin. Ona görə istər taksilər, istərsə də digər nəqliyyat vasitələrimiz hələ ki, Avropa standartlarına uyğun deyil. Çünki biz avtomobil qarajımızı yeniləyə bilmədik. 2015- ci ilə qədər bu proses yaxşı gedirdi. Ancaq 2015-ci ildən sonra devalvasiya avtomobil bazarına da öz təsirini göstərdi. Ona görə taksilərin qısa müddətdə yenilənməsi mümkün deyil. Məsələn, London taksiləri gətirilir, minlərlə belə taksi var, amma dizellə işləyirlər. Tələblərə görə, sıxılmış qaz və ya elektrik mühərriki olmalıdır. Bu o deməkdir ki, avtomobilin hərəsinə ən azı 2-3 min manat xərc qoyulmalıdır. Avtomobilin də cəmi 10-15 min arası qiyməti var. Hələ çox istismar olunmuşlar daha pis vəziyyətdədirlər.
Digər taksilər də ucuz qiymətə olduğuna görə, şirkətlər adətən onlardan istifadə edirlər. Bundan sonra gətirilən maşınlara bu tələblərə qoyula bilər. Amma bu gün taksi fəaliyyəti ilə məşğul olan şəxslərin yaxasından tutub silkələmək olmaz ki, buna sıxılmış qazla işləyən mühərrik qoy”.
Ekspert əlavə edib ki, artıq Azərbaycan da ekoloji mühitə öz töhfəsini verməyə başlayıb: “Əlbəttə, bunlar ekoloji cəhətdən çox yaxşıdır. Ötən ilin dekabrın 27-də prezidentin imzaladığı “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illəri əhatə edən dövlət proqramında da öz əksini tapıb ki, Azərbaycana ekoloji təmiz nəqliyyat vasitələrinin gətirilməsinə başlanılsın. Amma elektrik mühərrikli, hibrid avtomobillərin gətirilməsi ilə bağlı hər hansı standart yoxdur. Gömrük Komitəsi hər hansı qərar qəbul edir ki, elektrik mühərrikli avtomobillərin ümumi qiymətinin 15%-ni rüsum kimi alacam. Niyə? Bu harada yazılıb? Niyə özbaşına, mənasız qərarlar qəbul edirlər? Yəni bunlar qanuna söykənməlidir. Prezident dekabrın 27-si sərəncam imzaladı ki, ekoloji cəhətdən normal avtomobillər gətirilsin. Ayın 1-dən isə Gömrük rüsumları qaldırdı. Axı sərəncam verilir ki, bunu stimullaşdırmaq lazımdır, insanlarda həvəs yaratmaq, bu sahədə təbliğat aparmaq lazımdır.
Qonşu Gürcüstanda artıq elektrik mühərrikli avtomobillərin sayı günü-gündən artmaqdadır. Çünki Gürcüstanda yanacaq bizdəkinə nisbətən bahadır. Amma yanacaq bahadır deyib durmaq da lazım deyil. Bu, ekoloji tarazlığı qorumaq üçün lazımdır. Şəhərlər zəhərli qazlardan artıq boğulur”.
E.Muradlının sözlərinə görə, taksilərdə bu standartları müəyyənləşdirmək çox da asan deyil: “Bakıda 20-30 min arasında taksi fəaliyyət göstərir. Bunların hamısı saz vəziyyətdə olan nəqliyyat vasitələri deyil. Yarıdan çoxu nasaz, 20 ildən çoxdur istifadə olunmuş avtomobillərdir. Əksəriyyəti kreditdədir. İnsanlar əziyyət çəkirlər, taksi kimi dayanmağa yerləri yoxdur. Harada dayanırlar, cərimələnirlər. Bu insanlar üçün şərait yaradılmalıdır ki, onlar da gedib təzə avtomobil götürsün və problemlərin altından çıxa bilsinlər. Avro-4 standartını alqışlayıram, keçək, amma görün, bu insanlar ona hazırdırlarmı?
Bizdə sanksiya, maliyyə hədə-qorxusu ilə məsələ həll olunması dəb halına düşüb. Amma bu, mümkün deyil. Taksi sürücüləri elə bir kütlədir ki, onlara qayda-qanun deyəndə gözləri kəllələrinə çıxır. Çünki bu adamlar hər şeyini itirmiş adamlardır. Yəni 100 nəfərdən 10-u peşəkar taksi sürücüsüdür. Bundan ləzzət alır, bunu özünə sırf peşə seçib. 90-nı isə məcburiyyyətdən taksi sürür. Yəni bu onun son ümid yeridir.
Gündə bir qərar qəbul etmək nəyə lazımdır? Bunları nəqliyyat qoçuları “döyə-döyə” dəli edib. İndi bir tərəfdən biz də qayda-qanunla başına-gözünə döyək. Yol polisi neçə ildir onlarla mübarizə aparır. “20 Yanvarda dayanmayın, sıxlıq yaratmayın, burda qışqırmayın”. Bir də görürsüz ki, maşınları cərimə meydançasına aparırlar. Qarabağ əlili gəlib deyir ki, bunlar mənim taksilərimdir. Çıxarır protez ayağını, deyir “bəs ailəmi-uşağımı kim saxlayacaq?” Rəis də insandır. Görür alınmır, deyir buraxın getsin. Bu insanlarla işləmək çox çətindir. Çünki hər tip, hər psixologiyada olanları var. Onlarla hərbə-zorbayla danışmaq mümkün deyil”.
Ekspert vurğulayıb ki, baş nazirin imzaladığı qərardakı məsələləri biz tam olaraq 10 il ərzində real görə bilərik: “Taksi sürücülərinin dil biliyi olmalıdır, bunun tərəfdarıyam. Müştəri ilə kontakta girə bilməlidir. Bunlar yaxşı şeydir. Amma kim etməlidir? Nəqliyyat Nazirliyi hərbə-zorba vaxtında belə eləyə bilmədi. 60-70 manat verib kursdan keçmək haqqında arayış alırdı ki, öyrənmişik. Küçələri tanımaq kursunu keçmişik. Çətin məsələlərdir. Burada əksini tapanlar gözəldir. Amma reallıq baxımından bir az qəribə görünür ki, bizdə belə bir şey ola bilərmi?
Taksi sürücüləri böyük kütlədir. Onlara kiçik zümrə kimi yanaşmaq olmaz. Onları da dinləmək, təkliflərini dəyərləndirmək lazımdır. Türkiyədə taksi sürücüləri parlamentə belə təsir edə bilirlər. İstanbulda 25 min qanuni, 15-18 min qanunsuz taksi fəaliyyət göstərir. Heç kim deyə bilməz ki, Türkiyədə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan yoxdur. Nəhəng taksi şirkətlərinin əleyhinə parlament qanun qəbul etmək istəyirdi, getdilər aləmi bir-birinə qatdılar və qərarı ləğv etdilər. Yəni biz qərar qəbul edəcəyik, onlar da qəbul edəcək deyə bir şey yoxdur. Bu belə olmayacaq”.