Banner

Taksi sürücülərinin fəaliyyəti necə tənzimlənməlidir?

Yazarlar 17 Fevral 2023 16:38 Oxunub 1336
Taksi sürücülərinin fəaliyyəti necə tənzimlənməlidir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2023-cü ilin yanvarında  Bakıda 9, 2022-ci ildə isə 300-dən çox taksi sürücüsü məsuliyyətə cəlb olunub. Bu barədə Daxili İşlər Nazirliyi anews.az-a açıqlamasına deyib.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev söyləyir ki, Milli Məclisin deputatları tərəfindən qanun qəbul olunur,  ancaq qəbul olunan qanunların icra mexanizmi sıfırdır.

"Qanunları qəbul edirik, ancaq xeyli hissəsi həyata keçirilmir. Həyata keçirilsə də, 80-90 faizi pozuntu ilə həyata keçirilir. Azərbaycanda taksi xidməti ideal vəziyyətdə deyil. Bir çox taksi sürücüləri sərnişinlərə xüsusilə də xanımlara qarşı təhlükə mənbəyi olub. Bunu artıq bir neçə dəfə sosial şəbəkələrdə yayılan görüntülərdən müşahidə edirik. İşə götürülən taksi sürücülərinin iş fəaliyyətini tənzimlək lazımdır. Sürücüləri ekspertizadan, psixoloji testlərdən keçirib normal bir xidmət yaratmaq olar. Ancaq bu xidmət yaradılmalı olsa, 10 minlələ taksi sürücüsü işsiz qala bilər. Eyni zamanda taksilərin qiyməti indikindən 3-4 dəfə baha olacaq. Bu daha çox problem yaradacaq. Ona görə də adiyyatı qurumlar hansı addımı atacaqlarını bilmirlər. Mənim fikrimcə, taksi sürücülərini işə götürməmişdən qabaq, dəvət etsinlər əgər şübhəli bir məqam doğurursa, hərəkətlərindən və s. taksi fəaliyyətinə icazə verməsinlər. Beynəlxaq taksi şirkətləri isə vergi ödəyicisidir. Onların qayda-qanunu pozması hüquq mühafizə orqanının, vergi xidmətinin işidir. Taksi sürücüləri ilə bağlı qanun yazılıb, amma qanuna əməl olunmur.  Deputatlar tərəfindən qanun qəbul olunur, ancaq qanunların icra mexanizmi sıfırdır",- deputat bildirib.

Nəqliyyat eksperti Elməddin Muradlının fikrincə, taksi fəaliyyətinin təkmilləşdirilməsi üçün vahid bir proqram hazırlanmalıdır.

"Azərbaycanda taksi fəaliyyəti ciddi şəkildə tənzimlənmir. Bu sahədə çox böyük boşluq var. Vəziyyət bu şəkildə davam etməməli, qanunsuzluğun qarşısı alınmalıdır. Bunun həlli yolu isə taksi fəaliyyətinin  təkmilləşdirilməsi ilə bağlı vahid bir proqram hazırlanmalıdır. Bunun icrasınada Bakı Nəqliyyat Agentliyi və digər  qurumlar çox ciddi şəkildə  yanaşmalıdırlar. Bunlardan başqa taksi sürücüləri ciddi müayinədən keçməlidirlər. Hazırda taksi sürücüləri hansısa bir şirkətə qoşulanda onlardan heç bir sənəd tələb olunmur. Xüsusən də transmilli şirkətlər bu boşluğu yaradıblar. Beynəlxaq təcrübədə çox yaxşı nümunələr var.  Onlardan yararlanmaq lazımdır.  Sosial cəhətdən iş tapa bilmyən insanlar taksi fəaliyyətinə maraq göstərirlər. Bu səbəbdən taksi fəaliyyətində hər kateqoriyadan insanlara rast gələ bilirik",- ekspert vurğulayıb.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, taksi xidməti sahəsində tənzimlənmənin təkmilləşdirilməsi üçün mərhələli şəkildə müvafiq işlərin görülməsi nəzərdə tutulur. 

"Taksi xidmətləri bazarının inkişaf etdirilməsi və bu sahədə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi  tərəfindən ölkənin taksi parkının xüsusiyyətləri araşdırılıb, xidmətin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi imkanları müəyyən edilib. Görülən işlərin əsas məqsədi sahibkarların maraqlarını qorumaq, sərnişinlərin və informasiya təhlükəsizliyini, ekoloji tələblərə riayət olunmasını təmin etmək, qeyri-formal məşğulluğun qarşısını almaqdır. Sahibkarlar üçün belə bir şəraitin yaradılması müvafiq sahədə təklif bolluğu yaradıb, əhalinin məşğulluğuna müsbət təsir edib. Amma bəzi daşıyıcılar tərəfindən mövcud şəraitdən sui-istifadə hallarına yol verilir, həmçinin  xidmət keyfiyyəti aşağı düşür. Taksi xidməti sahəsində tənzimlənmənin təkmilləşdirilməsi üçün mərhələli şəkildə müvafiq işlər görülməsi nəzərdə tutulur",- mətbuat xidmətindən bildirilib.

Sözügedən məsələ ilə bağlı bir neçə taksi şirkəti ilə əlaqə saxladıq. Məlumat verəcəklərini bildirsələr də, geri dönüş edilmədi.

Vergilər Nazirliyinin məlumatına görə, Azərbaycanda şəxsi avtomobili ilə taksi xidməti göstərən fiziki şəxslər öz fəaliyyətlərini qanuniləşdirmək üçün mütləq "Fərqlənmə nişanı" almalıdırlar. Bunun üçün onlar vergi orqanlarında qeydiyyata durmaqla VÖEN əldə etməlidirlər. Qanunvericiliyə əsasən, fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobillə taksi xidməti göstərilməsi fərdi sahibkarlıq fəaliyyəti sayıldığından, belə vətəndaşlar vergi ödəyicisi sayılırlar. Həmin şəxslər həm də əldə etdikləri gəlirlərdən sosial sığorta haqqı ödəməlidirlər.

VÖEN əsasında şəxsi avtomobili ilə taksi xidməti göstərənlər üçün sadələşdirilmiş verginin məbləği Nazirlər Kabinetinin müəyyən etdiyi əmsallar nəzərə alınmaqla hesablanır.

Taksi fəaliyyəti ilə məşğul olmaq üçün "Fərqlənmə nişanı” alınmalıdır.  Bunun üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 2020-ci il yanvarın 1-dən etibarən 1 il müddətində taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılıb. Bakıda taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 2.0 əmsal tətbiq etməklə, 9 manat aylıq vergi məbləğini ödəməlidir.

Azərbaycanda dövlət qeydiyyatına alınmadan müxtəlif elektron informasiya sistemləri vasitəsilə, o cümlədən mobil tətbiqetmələrlə ölkə ərazisində minik avtomobilləri ilə sərinişin daşıma fəaliyyətini təşkil edən xarici şirkətlər elektron ticarət qaydasında göstərdikləri xidmətlərə görə, ƏDV ödəyicisi hesab olunur. Dövlət Vergi Xidməti bəyan edib ki, mobil tətbiqetmələr vasitəsilə ölkə ərazisində minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyətini təşkil edən xarici şirkətlərin (UBER, Taxify və s.) elektron ticarət qaydasında göstərdikləri xidmətlər 1 yanvar 2017-ci il tarixdən ƏDV-yə cəlb edilib. Ölkə ərazisində taksi xidmətlərinin təşkili ilə bağlı həmin xarici şirkətlərin göstərdikləri xidmətlərinin dəyəri ƏDV olduğundan xarici şirkətlərə pul köçürülərkən həmin məbləğlərə ƏDV də daxil edilir.

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı illik müqayisədə 21.3 faiz artaraq 540 milyon 376.4 minə çatıb. Avtobusla sərnişin daşınması 25.2 faiz artıb, taksi ilə isə əksinə, 21.4 faiz azalıb. 

Uber şirkəti 2009-cu ildə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində yaradılıb və hazırda dünyanın 70-dən çox ölkəsinin 600-dən çox şəhərində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh