Tanınmış ekspert cərimələrin artırılmasından danışdı - Fayda verməz
İki gün öncə Milli Məclisin deputatı belə bir xəbərdarlıq etmişdi ki, yollarımızda intizamsızlığın bu qaydada davam edəcəyi təqdirdə sürücülər üçün cərimələr artırılacaq. Hörmətli deputatın fikirlərindən aydın olurdu ki, söhbət dayanma və durma qaydalarını pozaraq başqalarına mane olan, tıxaclar yaradan sürücülər üçün cərimələrin artırılmasından gedir. Məhz dayanma və durma qaydalarını pozan sürücülərə münasibətdə cərimələrin sərtləşdirilməsi ideyasında müəyyən məntiq olsa da, ümumiyyətlə, cərimələrin artırılmasını doğru saymaq olmaz. Həm son illərin təcrübəsi göstərir ki, bir qayda pozuntusuna görə cərimənin artırılması əsas hədəf olsa da, digər qayda pozuntularına görə cərimələrin artırılmasına da yol verilir.
Doğurdan da, Bakıda və ölkəmizin digər şəhərlərində dayanma və durma qaydaları ilə bağlı vəziyyət sadəcə biabırçılıqdır. Bu biabırçılığın əsas müəllifləri sürücülər olsa da, yol hərəkətinin təşkilində, yol hərəkəti təhlükəsizliyinə nəzarətdə və bütün bu məsələlərin hüquqi tənzimlənməsində də ciddi problemlər var. Özü də maraqlıdır ki, məhz Milli Məclisin həll etməli olduğu problemlər daha çoxdur. Problemlər bunlardır:
1. Bakı şəhərində və ölkənin digər yerlərində dayanma və durmanın qadağan edilib-edilməməsi ilə bağlı saysız-hesabsız anlaşılmazlıqlar var. Zahirən bu, yol hərəkətinin təşkilindəki çatışmazlıq kimi görünsə də, əslində həm də qanunvericiliyin doğurduğu vəziyyətdir. Belə ki, “Yol hərəkəti haqqında” Qanuna 22 iyun 2010-cu il tarixdə edilən məntiqsiz dəyişiklikdən sonra sarı bütöv xətt kimi tanıdığımız 1.4 nişanlanması hüquqi mənasını itirdi və sadəcə bəzək vasitəsinə çevrildi. Düzgün tətbiq ediləcəyi təqdirdə bu xəttin vasitəsilə ən mürəkkəb sxemi olan şəhər küçələrində də ən hazırlıqsız sürücü üçün tam aydın olan qaydada dayanma və durmanın qadağan olunduğu sahələri işarələmək olur. Bu dəyişiklikdən sonra Bakı şəhərində hər hansı yol sahəsində dayanma və durmanı qadağan etmək üçün yalnız nişanlar tətbiq edilməlidir. Şəhər küçələrinin çoxlu kəsişmələrinin, müxtəlif ərazilərə giriş-çıxışların və başqa bu kimi halların olduğunu nəzərə aldıqda isə yalnız nişanlar vasitəsilə dayanma və durmanın qadağan edildiyini bildirmək çox çətindir və nə qədər diqqətlə yanaşılsa da, sürücülər üçün çaşqınlıq yaradan konkret boşluqlar qalacaq. Ona görə də Milli Məclisin qanunvericilik qaydasında etməli olduğu birinci iş təcili olaraq 1.4 nişanlanmasının hüquqi mənasını bərpa etmək olmalıdır. Bundan sonra isə küçə və yollarımız lazımsız çəkilmiş sarı xətlərdən təmizlənməli, dayanma və durmanın qadağan edilməli olduğu yerlər dəqiq müəyyən edilməklə həmin xətlər tətbiq olunmalıdır.
2. Dayanma və durma ilə bağlı yollarımızdakı bərbad vəziyyəti şərtləndirən digər bir qanunvericilik problemi dayanma və durma qaydalarını pozmanın nəzarət kameraları ilə qeydə alınaraq elektron protokolla rəsmiləşdirilməsinin nəzərdə tutulmamasıdır. Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə əsasən, dayanma və durma qaydaları pozulmuş olduqda DYP əməkdaşları yalnız canlı olaraq foto və ya videoçəkiliş edərək xüsusi növ protokol tərtib edə bilərlər. Amma bu qayda pozuntusunu şəhərin çox yerində olan nəzarət kameraları qeydə ala bilsələr də, bu halda sürücülərin MMX kimi tanıdığı elektron protokolun tərtib edilməsi mümkün deyil. Hesab edirəm ki, qanunvericilik qaydasında bu problem də aradan qaldırılmalıdır.
3. Bakı şəhərində dayanma və durma ilə bağlı nisbətən yeni problemlərdən biri də parkomatlar oldu. Qanunvericilikdə heç bir hüquqi mexanizmi olmayan bu parkomatlar Aralıq dənizi hövzəsindən gətirilmiş qədim zeytun ağacları kimi şəhərin küçələrində “əkildi”. Amma indiyədək onların ətrafında parklanma yerlərinin hüdudları, parklanma üsulu, yerlərin sayı və s. məsələlər hələ də müəyyən edilməyib. Bu məsələ də öz hüquqi həllini axtarır.
4. Bakı və bəzi başqa şəhərlərimizdə dayanma və durma ilə bağlı vəziyyətin qənaətbəxş olmamasını şərtləndirən digər bir səbəb bu hallarla mübarizənin sistemsiz həyata keçirilməsidir. Hətta qəribə də olsa elə hallar var ki, onlara az qala kütləvi surətdə göz yumulur. Məsələn, Bakı şəhərinin demək olar ki, bütün avtobus dayanacaqları zəbt edilmiş vəziyyətdədir və buna görə çox nadir hallarda digər sürücülər cərimələnir. Avtobusların dayanacaqdan kənarda dayanmasının cəriməsi isə hətta 100 manat olsa da, bəzi avtobus sürücüləri buna da məhəl qoymurlar. Çünki onlara da “gözün üstə qaşın var” deyən yoxdur. Dayanma və durmanın kütləvi şəkildə pozulduğu, hətta ikinci və üçüncü cərgələrdə parklanma hallarına rast gəlinən bəzi yerlər isə sanki nəzarətdən kənar zonalara çevrilib.
Bakıda və ölkənin bəzi başqa şəhərlərində dayanma və durma ilə bağlı acınacaqlı durumu şərtləndirən başqa səbəblər də var. Amma yuxarıda qeyd etdiyim əsas səbəbləri aradan qaldırmadan, daha sonra qanunsuz parklanmalarla sistemli və qanunauyğun mübarizə aparılmadan cərimələrin qaldırılmasından söhbət gedə bilməz. Sanksiyanın sərtləşdirilməsi hüquq pozuntusunu aradan qaldırmır. Belə kütləvi hüquq pozuntularını aradan qaldırmaq üçün ilk növbədə onlara zəmin olan səbəbləri istisna etmək, məsuliyyətin labüdlüyünü (heç kəsin məsuliyyətdən kənarda qalmamasını) təmin etmək lazımdır. Əks təqdirdə məbləği qaldırılan cərimə heç bir fayda verməz.
Ərşad Hüseynov,
hüquqşünas